Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

"Talanmış Günəş" kitabından


Yad torpağım

1.
Acıdan dönəndə şəhərə sarı
hamınızın əlləri əllərimin içində isti
və yumşaq
hamınızın ürəkləriniz hər kiçik olaya açılan
hamınızın dodaqlarınız bir kəlməyə qaçan
hər bir şey incə
hər bir şey mənalı
hər bir şey isti idi bağ yolunda
və yerin yeddi qatından
qayıtmış oğlan
ayaqlar altına gül səpə-səpə
gəzişirdi hər yanı

Acıdan dönəndə şəhərə sarı
yadındadırmı - saçlarını oynadarkən əsim -
söylədin mənə:
nə yaman axır acı
mən isə dedim:
göz işlədikcə sapsarı zəmilər
yamyaşıl bağlar
ah, yerlə göy doğma idi hələ

2.
Hey, hey,
ay mənlə birgə doğudan köçüb
düzənlərdə köç salanlar…
birər-birər deyin görüm
bişmiş kərpiclərdən hördüyümüz Ərkimiz dururmu?
söylədi ata:
nədən övladlarım və qarım
başa düşmədilər nə söylədiklərimi
söylədi ana:
nədən övladlarım və ərim
başa düşmədilər nə söylədiklərimi
söylədilər oğullar və qızlar:
nədən ata, ana, qardaş və bacılarımız
başa düşmədilər nə söylədiklərimizi
söylədilər hamı:
özümüz də öz dediklərimizi başa düşmədik
və o gördüyün düzənlərin torpağı
indi kül və kül…
ürəkləri qurşun,
havası tüstü və duman
göylərə qaldırdığımız qala isə arzularımız kimi viran
və köçdüyümüz yollar boyu
- bayat doğmalıq və birlik -
təkcə daşlara qazılmış
biz ürəklərimizi uzaqlarda bağışladıq
böylə söyləmiş oldular hamılar
ancaq mən Acı sahilində mənlə birgə
Doğudan köçmüşlərin nə söylədiklərinin birini də başa düşmədim
Ah, nə söyləyəcəyim var sizə?
Ay birgələrim, bir dildə dərdləşdiklərim
yadlaşan aşnalar,
nə deyim mən sizə?
Ay ögey doğmalar,
anmayacaqsınız məni
nə desəniz mənə anmayacağam sizi
Acının Qana dönməsindən bəri
və o lənətə gələn tüstülü və dumanlı
çaqqallar düzündən ayrılalı

3.
Acıdan dönəndə şəhərə sarı
əllərin əllərimin içində bumbuz
baxışların sazaq
söylədiyin hər bir söz yad idi
sən dedin: quruyub Acı
mən isə dedim:
göz işlədikcə kül olub bağlar
ac qarğalar yanmış zəmilərə qonmuş
daha danışmadıq şəhərə qədər
…………..
…….

Dünya min dildə idi
külək yersiz əsmir
sazaq yersiz kəsmir
və qara duman kimidir darısqal pəncərələrdən
kül rəngli lal bağırtılar
və baxdıqda:
göz yerində göz
üz yerində üz
və söz yerində söz görmədim
bircə bulanıq səslər
itkin üzlər
oyuq gözlər…
bir də ki tüstüydü və duman
və ölümün caynağından damcı-damcı daman qan

təkcə yayılır havada bir səs:
tənhalıq…
özgəlik…
və ölüm yolda…
ölüm…
ölüm yolda.
Ah…
Ərkin duvarları tökülür
tök…ülür
tök…ülür

        (Acı - Təbrizin yaxınlığında bir çay adıdır.)

Nasir Mirqati