Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

Kürd gözəli Pirşəng üçün
Öpüş sancısı keçirirdi barmaqlarım
buludlar üstündə yallı gedəndə
yiyəsiz ölkənin əsmər gəlini
ulduzdan islanmış boy-buxununla
çatdatma satırdın,
alana minnət!

Çiçəklərin yuxusuna ilişib xatirələrimiz
Bu qədər də uzaq deyilsən ki mənə
ağ baxırsan
saçlarında quş oxuyur
səhər deyə gecəmi başlayırsan
çiçəklərin bircə qarış diksindiyi günahına.
Mən sevdanın azanına qalxacağam
namaz-namaz lal baxacam
sən baxsan da, baxmasan da.
Qəlbin qəbrim olmasın
heç olmasa dur yola sal
xalatım çiynimdə mənim.

Ay Təbrizin küçələri
Gözüm üstündə keçdiyim yollarında
dolaşıq hislərimlə quylanacağımı
söyləmə mənə
və sevdiyim qızına ölmədiyimdə
başsız gecələrində
ört-basdır ediləcəyimi
düşünməyə çalışma.
İllərdir,
sənin qaragiləni ayın dodaqlarına
yazmaq günahındayam

Səttar Dadxah