Alatoran_header  
Jurnal > 2004/№4 > Gəlin boğan

Qarılardan eşitmişəm: əski zamanlarda bir yazıq gəlin qaynatadan utandığına görə, süfrə başında öskürməyə qadir olmayıb və sonunda boğazında ilişən sümük onu boğub. O sümüyün adı "gəlinboğan" qalıb.

Mən "Gəlinboğan" məqaləsində çalışacağam, ənənə və ədəbiyyatımızda yerli və özgə totalitarizmin izlərinə, köklərinə yanaşım.
A - Hörmətli oxucular, lütfən aşağıdakı ata sözlərini oxuyub, bu sözlərdəki pozitiv və birtərəfli baxışa diqqət edin.
1. El gücü - sel gücü.
2. El bir olsa, gücü kötük sındırar.
3. Hər kim elə dayandı, elə bil şirə döndü.
Zənnimcə, bu üç ata sözümüzdə el anlamı bütünlüklə pozitiv və birtərəfli məqamda işlənib. Bunların pozitiv və ya neqativ olmasından başqa,sizin diqqətinizi onlardakı birtərəfli baxışa çəkirəm.
B - Hörmətli oxucular, lütfən aşağıdakı ata sözlərini oxuyub, onlarda başqa bir durumda olan birtərəfli baxışa diqqət edin.
1. Palaza bürün, elinən sürün.
2. Ər atanı el atar, ər tutanı el tutar.
3. El ilə Allahuəkbər.
Zənnimcə, bu üç ata sözümüzdə sıra ilə 1) mənfəəttələblik, 2) kişiüstünlük, (əgər ər kəlməsini kişi, həyat yoldaşı mənasında götürsək), 3) assimilyasiya.
Bunlardan əlavə, bu üç ata sözündə sanki el kəlməsi onun arxasında totalitar qüdrətlərin gizləndiyi bir maskadır. Boyun əymə və itaət kültürünü el adı ilə elin özünə yükləmək istəyiblər.
C) Hörmətli oxucular, lütfən aşağıdakı məsəlləri oxuyub, onlardakı neqativ və birtərəfli baxışa diqqət edin.
1) El üçün ağlayan gözsüz qalar. Demək, bu məsəlin anlamına görə, el mövzusunda pozitiv məsəllərin tərsinə olaraq, el və xalqa ürək bağlamaq, onlara yanmaq tam faydasız, hətta təhlükəli göstərilmişdir. Burda da el anlamına birtərəfli, amma bu dəfə neqativ baxılmışdır. Zənnimcə, üstdəki yeddi məsəlin strukturunda ortaq olan bu məsəllərin ağ-qara baxışlarıdır. Burda el məsələsinə ya çox pozitiv və müqəddəs, ya itaətə layiq, ya da çox neqativ baxılmışdır. Yəni el ya çox pisdir, ya çox yaxşı. Bu duruma binar ziddiyyətlər deyilir. Bu, hər şeyi ağ-qara görmək məsələsidir. Unutmayın, binar ziddiyyətlər və ağ-qara görmək bütün metafizik və irticaçı baxışların təməl daşıdır. Zənnimcə, günümüzdə xüsusən geri qalmış bütün ölkələrdə yaşayan ziyalılar, həm də siyasətçilərin çoxu el və xalq anlamını ağ-qara görüb, daima ondan ya gerçəkdən, ya da zahirdə bir totem yaratmaq istəyirlər. İndi isə burda el anlamının gerçək enerjisini xatırlatmaq üçün totalitarizmin yaratdığı el anlamının strukturunu pozmaq istəyirəm.Çünki el maskasını üzlərinə tutanlar vardır. Yəni totalitarizm durumunda ellər və xalqlar çeşidli kültürəl, ekonomik, siyasi və… zülmlərə məruz qaldıqca bol-bol cahilə çevrilirlər. Amma o durumda xalq cahilə çevrilmişsə də, özündəki dəyişilmə potensialına görə hörmətə layiqdir (mənim düşüncəmə görə). Bu məqaləmin min yola yozulacağını billə-bilə mən el və xalq anlamının standartlaşmış anlamlarının yayılmasının qarşısında dayanmağı üstün tutdum.

2.

Kültürümüzdə olan mənfəəttələblik və sensorun izləri.
Hörmətli oxucular, lütfən aşağıdakı məsələləri oxuyub bu məsələlərin hansı toplumsal və siyasi durumda yarandığına diqqət edin.
1. Bir şəhərə getdin, gördün, hamı kor, sən də kor.
2. Birin gördün gözüqıyıq, sən də ol gözüqıyıq.
3. İşindən ötrü ayıya dayı de.
4. İşindən ötrü erməniyə dayı de.
5. Çayı keçincə erməniyə dayı deyərəm.
6. Əmi, əmi - deyirəm ki, mənə quş tutasan.
7. Abad olsa bülbülüyəm, xarab olsa bayquşu.
8. Kimin arabasında bulunursan, onun türküsün oxu.
Sözü uzatmaq lazım deyil, zənnimcə, bizim xalqımız tarix boyu totalitar düşüncələrlə qarşılaşdığına görə, biz istər-istəməz bir sıra mənfəəttələb düşüncələri bəyənmişik və bu məsəllər də bu inamlara bir örnəkdir. Demək, bizim xalqımız bu fürsəttələb totalitarçıların əlindən amanda qalmaq istəyincə bu məsəllərə əməl edib. Təəssüf ki, bu düşüncə illər boyu bizim kültürümüzə qarışıb. Gəlin, özümüzü aldatmayaq, durumumuz çox dəhşətlidir. Bu müşkülləri bilmək, bu problemləri analiz etmək totalitar düşüncələrdən qurtarmaq üçün ilk, amma böyük addımdır. Gəlin, bu işi görək. Keçmişimizlə ancaq fəxr etməkdən, ya da onu əskik sanmaqdan əl çəkək. Zənnimcə, bu gün kültürümüzü, folklorumuzu tənqidə çəkmək ziyalılarımızın ən böyük görəvidir. İndi isə fürsəttələblik mövzusu ilə ilgili olan sensor mövzusunun da folklorumuzda izləri olduğuna diqqət edək. Lütfən, aşağıdakı məsələləri oxuyun və onların da hansı toplumsal və siyasi durumda yarandıqlarını fikirləşin.
1. Çox bilirsən, az danış.
2. Sakit olan sağlam qalar.
3. Danışmaq gümüşdürsə, danışmamaq qızıldır.
4. Deyən qafildir, onu dedirdən qafil deyil.
5. Dil başa bəladır.
6. Hikmətdn sual olmaz.
Mən bu məsəllərin nədən doğulduğuna diqqət yetirmək istəyirəm. Tarix boyu totalitarizm şəraitində yaşayan Azərbaycan xalqı öz həyatını qorumaq üçün çox vaxt susmaq, təzahür etmək, özünü sensor etməkdən başqa bir yol tapa bilməyib. Və təəssüf ki, bu bir qayda kimi nəsildən nəslə köçübdür. Və dəhşətlisi də burdadır. Biz elə eyni adamlarıq. Örnək üçün, günümüzdə bəzi yazıçılarımız Azərbaycan türkcəsini və Azərbaycan xalqını müdafiə etdikləri zaman pantürkist ittihamından qaçmaq üçün dini sözlərə əl atırlar. Və türk dilini və türkləri din yolu ilə müdafiə etməyə çalışırlar. Bu iş də bir cür fürsəttələblik və özümüzü sensor etməkdir. Zənnimcə, Azərbaycan ziyalıları və yazıçıları öz içlərində Azərbaycan kültüründə tarixi fürsəttələblik və sensorun çeşidli şəkillərini fikirləşməlidirlər. Mən bunu önənirəm. Gəlin, kültürümüzü tənqid edək.

Nadir Əzhəri