Alatoran_header  
Jurnal > 2004/№4 > Bir kəlməlik hekayələr

İndiyə qədər bir paraqraf və ya bir cümlədən ibarət olan hekayə oxyubsunuzmu? Bir kəlməlik hekayələrlə tanışsınızmı? Bu qısa hekayələrin niyə yarandıqlarını bilirsinizmi?
Vaxtilə böyük və neçə qalın cildi içərən romanların yaranmasıyla bərabər qısa hekayələrin də özlərinə məxsus görkəmləri var idi. Oxucu Tolstoyun qalın və çoxcildli "Hərb və Sülh" kitabını oxuyub maraqlanmaqla bərabər, Çexovun sənətkarlıqla yazılan qısa hekayələrindən də ləzzət alırdı. Demək, roman istər çoxcildli olsun, istər ikicildli və ya daha qısa, ya hekayə olsun, hər bir zaman sənətsevər insanlar tərəfindən ilgiylə qarşılanmışdır. Eləcə də tarix boyu roman və hekayələr yolu ilə özlərini mənəvi baxımdan yüksəldən insanların sayı az olmamışdır. Keçən neçə ildə "Ən qısa hekayə" adı ilə tanınan yeni hekayə növü ilə üzləşdik. Bu hekayələr Qərb ölkələri, xüsusilə Amerikada yaranmışdılar. Və oxucular tərəfindən yüksək səviyyədə ilgi görmüşdülər. Elə indi də bu qısa hekayələrin müxtəlif formalarını Amerikada buraxılan nəşrlərin bir çoxunda görmək olur. Bu qısa hekayələrə "fleş fikşn" deyirlər. Müasir dünya ədəbiyyatı ilə əlaqədə olan insanlar bu hekayələrin yaranmasını müasir insanın sənətin ağır boyalarına bulaşan və onun hərəkətdən düşməyən çarxları arasında fırlanan həyatı ilə bağlı bilirlər.
Rolenbart bədii nəsr və hekayə - roman tənqidçisi bu üslubda yaranan hekayələri sənəti toplumun sürət, tələsiklik və hövsələsizliyindən asılı bilir. Və belə deyir: "İnternet vasitəsilə saniyənin yüzdə birində öz məlumatını o yan-bu yandan əldə edən insan yəqin ki, neçə min səhifəlik romanı və yaxud uzun bir hekayəni oxumağa vaxt tapa bilməyəcəkdir."
Fleş-fikşn minimalizm məktəbinin davamında yaranan bir ədəbi üslubdur. Minimalizm 1960-70 -ci illərdə yarandı. Bu üsluba görə, keyfiyyət baxımından, ən az kəlmələr və ən az həcmlə yazılan hekayələr oxucu ilə yüksək səviyyədə irtibat qura bilir. Minimalizm və fleş-fikşn İnternet dövrünün tələskən, maşınlar arasında boğulan və zaman dustağında əsir olan insanının hekayələridir. Az de, tez de, dolğun de. Bu, üç şüar İnternet əsrinin fleş-fikşn hekayələri dünyasından istəyidir. Bu zamanda oxucuda oxumağa çox az imkan var. O, düşünmək istəyir, amma fikir dünyası da zaman darlığına görə çox məhduddur.
Bu hekayələrdə formalizm oyunları kənara qoyulur. Və məzmun hər şeydən üstün sayılır, fəlsəfi məzmunlar görkəmli yer tutur. Nəhayət, artıq təsvirlər hekayənin çərçivəsindən dışarı atılır.
Məncə, biz Azərbaycan ədəbiyyatında bu qısa hekayələri "bayatı sayaq hekayələr" adı ilə adlandırsaq, keçmişimiz və mədəniyyətimizə uyğun olaraq, onların Azərbaycan ədəbiyyatında mənimsənilməsinə yardım etmiş olacağıq. Demək, biz -az de, tez de, dolğun de - sözlərini həm bayatda, həm də müasir fleş-fikşn - minimalizm hekayələrində görürük.
Bundan əlavə, bəzi elm adamları minimalist hekayələrin başlanğıcını keçmiş Şərq ədəbiyyatında, o cümlədən farsca və türkcə yazılan hekayələrdə, şerlərdə arayırlar. "Dədə Qorqud" kitabımızda bir boyun arasında gətirilən bir qısa minimal danışıqda, yaxud Şah İsmayılın divanında yüzlərlə beytin arasında yazılan "keçmə namərd körüpüsündən, qoy aparsın sellər səni" misrasında biz fleş-fikşn və minimalizmi görürük. Fars ədəbiyyatının misilsiz ustadı Sədinin də qısa hekayələr yaratmaqda olan səriştəsini illər boyu oxuyub alqışlamışıq.
Demək, biz min ildən artıqdır ki, hələ indi Qərbdə üç-dörd cümlədə yazılan və ilgi qazanan qısa hekayələrin nümunələrini Şərq ədəbiyyatında görüb oxumuşuq. Bunun üzərinə deyə bilərik ki, minimalizm sənəti toplumun istəklərilə bərabər yaradıcısının dərin fəlsəfi görüşü və keyfiyyət təhlililə də bağlıdır. Başqa sözlə desək, təkcə -az de, tez de, dolğun de - şüarı ilə az həcmli və tez məqsədə çatan bir dolğun yazını əldə edə bilməyəcəyik.
Burada öz yazdığım minimal və fleş-fikşn hekayələrin bir neçə nümunəsini hörmətli oxucularıma təqdim edirəm. Və izninizlə, bu hekayələrin adını Azərbaycanda ilk dəfə olaraq, bayatı sayaq hekayələr adlandırıram. Bu adqoyma mübarək olsun!

Ayrılıq

Onlar iki nəfərdirlər. Biri deyir, istəyirəm yerə düşəm.
Qaranlıq gecədir. Ay da buludun dalında özünü gizlədib. Hər yer qaranlıqdır. Göz işlədikcə caddənin həndəvəri də qaranlıqdır. Qaranlıq insanı yeyir.
Onlar iki nəfərdirlər. Birisi deyir, getmək istəyirəm. Ancaq nə üçün və hara getməyinə heç səbəbi yoxdur. Və yerə düşmək istəyən dostuna haçan, məqsədə çatmaq üçün necə yardım göstərməkdə acizdir. Yerə düşmək istəyən deyir, yol ilə məqsədin heç fərqi yoxdur. Elə ona görə səfərə davam etmək heç də ağıllı bir iş deyil.
Biri düşür və digəri təkbaşına yol gedir. Onlar bir-birindən uzaqlaşırlar. Və uzaqlıq çoxaldıqca yol ilə məqsədin fərqləri həm gedənə, həm qalana daha aydın anlaşılır.

Elin dili

Uşağın atası sevincindən göylərə uçmaqdaydı. Onun oğlu bu gün səhər dünyaya göz açmışdı. O, elinin, dilinin vurğunu idi. Elə ona görə balaca oğlunun adını hələ o dünyaya gəlməmişdən Eldili qoymuşdu.
Elin dili böyümüşdü. Üç, dörd, beş yaşında olmuşdu. Ancaq dil açmamışdı. Altı, yeddi, səkkiz… Yenə də dil açmamışdı. Dava-dərman fayda verməmişdi. Və elin dili lal qalmışdı.

Mürtəza Məcidfər