Alatoran_header  
Jurnal > 2004/№4 > "Üçüncü dalğa" müharibələri

Ötən ilin başlanğıcında Səddam Hüseyn rejimi amerikalıların yürüşünə məruz qalaraq, iyirmi gün içində devrildi. Vyetnam və Koreya kimi bataqlıqlarda illərcə uğursuz döyüşlər aparmış Amerika dövlətçiliyi nədən indiki müharibələri dəyişik bir biçimdə uğurla nəticələndirir. Küveytdə, Yuqoslaviyada, Əfqanıstanda və İraqda aparılmış döyüşlərin son nəticəsi önəmli olsa da, məni maraqlandıran məsələ bambaşqadır. Burda qaldıracağım məsələ bu müharibələrin nəzəri mahiyyəti və tam dəyişik taktikasıdır. Məncə, qarşıdakı müharibələr Qərb mədəniyyətində baş qaldırmaqda olan üçüncü dalğa inqilabı ilə keyfiyyətcə uyuşacaqdır.
Dalğa deyimini izah etməzdən öncə vurğulayıram ki, üçüncü dalğa müharibələri 1991-ci il İraq əleyhinə aparılmış Küveyt müharibəsi ilə başlandı. Belə ki, amerikalılar Küveytdə apardıqları döyüşlərdə keçmişdən fərqli olaraq, tamamilə elektron dalğalarına arxalandılar. Onlar sonra bu təcrübəni Yuqoslaviya və Əfqanıstanda sınaqdan keçirərək, eyni uğurlu sonucu əldə etdilər.
Bir zaman Amerika cümhuriyyətçilərinin peyğəmbəri sayılan Olvin Toffler belə bir mürəkkəb döyüş tərzini üçüncü dalğa müharibəsi adlandırmışdı. Onun fikrincə, bəşəriyyət tarixində indiyə qədər üç inkişaf inqilabı və ya üç irəliləyiş dalğası ortaya çıxmışdır ki, onlardan birincisi, əkinçilik dalğası olmuşdur. Əkinçilik inqilabı on min il bundan əvvəl başlanmış və özünə uyğun döyüş tərzi və yaraq növü yaratmışdı. O dövrün müharibə üslubu üz-üzə döyüşdən ibarət olmuş, qılınc isə onun silah rəmzi kimi tanınmışdır.
17-ci yüzillikdən başlanmış sənaye inqilabı bəşər tarixində dünyanı silkələmiş ikinci dalğa sayılır. Kütləvi istehsal ikinci dalğanın başlıca əlamətidir. Başqa sözlə, sənaye inqilabından sonra insanın ehtiyac duyduğu lazımi vəsait daha bir-bir deyil, çoxsaylı surətdə istehsal o lunmağa başladı. Bu isə yaşayışın bütün sahələrində gözqamaşdırıcı dəyişikliklərə gətirib çıxardı. Necə ki, əkinçilik dalğası özünəməxsus yaraqların istehsalına şərait yaratdı. Sənaye dalğası da döyüşlərin şəklini dəyişə biləcək yaraqları çoxsaylı ölçüdə ortaya çıxardı.Bu dövr tüfəng və top kimi uzaqdan atılan silahlarla səciyyələnir. Bəlkə elə buna görədir ki, Koroğlu sonuncu səfərində tüfənglə qarşılaşırkən qılıncı yerə qoyur. Çünki döyüşlərin mahiyyətinin tam dəyişməsi ilə üz-üzə olduğunu başa düşür. Yəni üz-üzə vurulan yumruqların yerini uzaqdan endirilən gözlənilməz zərbələr alırlar.
Üçüncü dalğada vəziyyət tam dəyişməliydi. İyirminci əsrin sonlarından başlanmış bu dalğanın aparıcı amili demək olar ki, elektron inqilabıdır. Aydındır ki, güc quruluşları bu dalğa dövründə baş verə biləcək hər bir savaşda hər üç dalğanın rəmzi sayılan yaraqlar və taktikalardan faydalanacaqlar. Lakin bütün bunlara baxmayaraq, müharibə yükünün ağırlığı elektron vasitələrilə yayılan məlumat sisteminin çiyninə düşəcəkdi. Hətta bir zaman döyüş meydanlarında dəyişilməz rol oynayan kütləvi qırğın silahları üçüncü dalğada arxa plana çəkiləcək və onların yerini müəyyən nöqtəni amaclayan dəqiq raketlər alacaq. Beləcə, hər şeydən əvvəl, düşmənin elektron əlaqə qurğuları darmadağın ediləcək. Sonra uçan radarlarla paylaşılan məlumat axınının göstərişilə döyüşçülər, tanklar və qırıcı təyyarələr irəli gedəcək. Çox vaxt yerdəki döyüuşçülərin heç xəbəri olmadan göy üzündə böyük dalğa savaşı baş verəcək. Qəribədir, bir anda qarşı tərəfin bütün əlaqə vasitələri işdən düşür. Onun döyüşçü dəstələri qorxunc adalarda mühasirəyə düşmüş kimi ayrı dəstələrdən, hətta öz ordu başçılarından xəbərsiz qalırlar. Nəticədə müharibədə yenilmiş tərəfin elektron dünyasını sükut bürüyür. Sanki qurbağanın gölünə daş atırsan.
1991-ci ildəki Küveyt müharibəsində Amerikanın raketləri Bağdadda yerləşən radio və televiziya ötürücülərindən yan keçdi. Çünki ata Corc Buş Səddam Hüseyni devirmək istəmirdi.
Amerikalılar savaş meydanlarında İraq ordusunun elektron vasitələrini sıradan çıxardılar. Çünki Səddamın döyüşçülərilə əlaqəsini kəsmək istəyirdilər. Amma bu hadisə radio və televiziya ötürücüləri barədə baş vermədi. Çünki onlar Səddamın əlaqəsini kütlə ilə kəsmək istəmirdilər. Səddam hələ on iki il ayaqda qalmalıydı. Amma Əfqanıstanda bunun əksinə oldu. Çünki bala Corc Buş Molla Ömərin gönünə saman təpməyə can atırdı. Bunu da vurğulamalıyıq ki, ata Corc Buşdan fərqli olaraq, bala Corc Buşun işi o qədər də çətin deyildi. Çünki Talibanın özü daha öncə şeytan oyuncağı kimi tanıdığı televiziyanı məhv etmişdi. Radio isə ancaq Kabildən verilişlərini yayan şəriət radiosuna məhdud olmuşdu. Deməli, bala Corc Buşun məhv edəcəyi gözədəyər bir şey qalmamışdı.
Əfqanıstanda aparılan müharibənin ilk günlərində Talibanın taleyi haqda ölkə xaricinə heç bir düzgün xəbər sızmırdı. Bunun bir səbəbi məlumata qoyulmuş qadağa olsa da, o biri səbəbi Taliban başçılarının savaş meydanları ilə əlaqələrinn kəsilməsi idi. Deməli, süni qəmərlər(peyklər), elektron dalğalar, hətta lazer cihazlarından oluşmuş Amerikan hərbi maşını ilk olaraq, Talibanın əlaqə və məlumat quruluşunu dağıtmışdı.
Bu, heyrətləndirici taktika elə uğurla nəticələnmişdi ki, kimsənin kimsədən xəbəri belə, yox idi. Vəkil Əhməd Mütəvəkkil əlinin hər yerdən üzüldüyünə rəğmən, hər şeyin öz qaydasında olduğunu vurğulayırdı. Çaşıb qalmış bin Ladən hamıdan qabaq Tora-Bora mağaralarına çəkilirdi. Və öz hökmranlıq ərazisindən xəbərsiz qalmış Molla Ömər bəlkə də çoxdan Pakistana sığınmışdı. Böyük çaşqınlıq baş vermişdi. Elə bir çaşqınlıq ki, nə qonşu ölkələrin ondan başı çıxırdı, nə də Əl-Cəzirə kimi birdən-birə parlayan televiziya kanalının. Olanlar oldu. Nəhayət, sıra gəlib İraqa çatdı. Şübhəsiz, Yuqoslaviya və Əfqanıstanda qazanılan təcrübə İraqda artıqlaması ilə işə yaradı. Amerikalılar keçmiş təcrübələrin çatışmazlığını aradan qaldırmaqla Dəclə və Fərat çaylarının çevrəsində daha da mürəkkəb savaş yürütməyə başladılar. Səddam rejimi devrildi. Və döyüşlərin sonucundan dərisinə sığmayan Ağ Ev sakinləri başqa düşmənlər arayışını davam etdirdilər…

Eyvaz Taha
Tehranda Türkcə yayımlanan "Yarpaq" dərgisinin redaktoru