Alatoran_header  
Jurnal > 2004/№4 > Bəs hanı mənim zənglərim?

Qəbilədən çıxanda özümlə bədən dolusu qızıl cavahirat gətirmişdim. Bədənimin hər üzvündən bir cəvahir asılmışdı. Addım atan kimi ciring-ciring səsi dünyanı götürürdü. İndi üç-dörd ildi, bu qəribə qəbilədə yaşayıram. Yavaş-yavaş başa düşürəm ki, o qızıl-gümüşdən əsər-əlamət qalmayıb. Əlimi hara atıramsa, boşa çıxır. Bilmirəm, bu qədər qızıl cavahiratı mən nə vaxt itirdim. Axı mən qəbiləmə onlardan muğayat olacam - deyə, söz vermişdim. Burda özlərindən başqa şeylər asırlar. Mən də məcburam, onlara qarışam. Onlar taxanlardan taxam. Amma elə bil lütəm. Axı cəvahirlərimi itirmişəm.
Dəryadan çıxan tısbağa kimi şəhərin asfalt küçələrində azmışdım. Ət əllərim şəhərin asfaltında kara gəlmirdi. Maşınların arasında gicəllənmiş, onların təzyiqilə irəli gedirdim. Üzüqoyulu sürünməkdən çiyinlərim də yaralanıb, dizlərim də. İndi daha yara yerlərim qazmaq bağlayıb, qalınlaşıblar. Qazmaqlar qalınlaşdıqca rahatlaşıram. Daha maşınlar məni itələyəndə incimirəm. Bilirəm, nəhayət, qazmaqlar maşınların təkərləri kimi iriləşib yumşalacaq. Bundan sonra şəhərdə sürünəndə o yumru gildir qazmaqların üstündə gedəcəyəm. Əllərim, ayaqlarım məncə, dəyərsiz olsalar da, artıq bir bədən üzvü sayılırlar. Getdikcə dəyişirlər. Yavaş-yavaş dördtəkərli maşınlara bənzəməkdəyəm.
Mənim cavahirlərim necə oldu? Onları birisi məndən almadı ki? Dəqiq, özləri açılıb düşüblər, sancaq kimi. Dəqiq, ürəkləri məndən sınıb, inciyiblər. Gördülər, onları qəbilənin əynindəki cavahir yoldaşlarından ayırdım, məndən küsdülər. Məni vəfasız görüb əl üzdülər. Bir-bir vidalaşıb getdilər.
Bir cüzzam xəstəsinin əynindən qurdlar tökülən kimi mənim də qurdlarım yerə düşdülər. Dalımca sürünsələr də, ömürləri qurtarıb. Gün onları qurudacaq.
Bu qəbilə adamın qurdlarını ayırmaq üçün onları əlilə bədənindən qoparmır. Onu el-tayfasından ayırıb gətirir öz içinə. Ondan sonra o adamın qızılları istər-istəməz açılır. Cavahirləri ayrılır və qurdları tökülür. Onlar töküldükcə onun lütlüyü gözə çarpır. Axırda qurdları qurtarır. Dərisi günün qabağında çatlaq-çatlaq olur. İnsanın bu qəbilədə axirəti yoxdur. Əlini sürtə-sürtə küçələrdə, xiyabanlarda dolanır, özü də bilmir, hara gedir.
İndi qəbilədə olsaydım, cavahirlərim cingildəyirdi. Yoldaşlarım, eldaşlarım cavahir zənglərilə səs-səsə vermişdilər. Səsləri dünyanı tutmuşdu. Sanki bu zənglər bir-birinin səslərilə yaşayırlar.

M.Rəzzaqi