Alatoran_header  
Jurnal > 2004/№4 > Lalə Cavanşir

Lalə Cavanşir - 1978-ci ildə Təbrizdə anadan olub.



Bu azad ölkədə qadınları sevməzlər (esse)

Qız əllərini açıb bağlayaraq gülümsəyir. Gözlərimin içinə dik baxaraq bizim məmləkət haqqeında soruşur. Çadralı qadınların bədbəxt durumlarından söz açır.
Əynindəki dar kamvasının üstündəki ağ cizgilər gözlerimi çəkir.
- Siz öz məmləkətinizdə azad deyilsiz. Ola da bilməzsiz. Sizdə hər kəs necə istəyirsə geyinəbilmir. Sizdə Femnizm olabilər ama burda, Azərbaycanda belə bir şey söz konusu belə deyil. Burda qanun qadınları himayə edir…
Qız qadınların durumundan danışırdı və razı görünürdü. Ona bir şeylər deməyə çalışdım. Məsələn azadlığın başqa yönlərinin də olduğunu, hətta çadra altında olsaq belə, beynimizi və düşüncəmizi özgür tutma həvəsimizi və hər açıq saçıqlığın azadlıq olmadığını deməyə çalışdım. O dinləyir kimi görünürdü. bir az susdu amma yenidən toplumların fərqinə döndü. Azərbaycan kimi azad bir ölkənin qadın haqlarına ehtiyacı olmadığından dedi. O anayasadan danışırdı, mən isə cəmiyyətdə olan ədalətsizlikdən. Burda, Azərbaycanda hər şey, yəni qanunda olan her şey Avropa standartları səviyəsindədir, amma bu burda yaşayanların da eyni səviyədə olduqları anlamında deyil. Beəlkə inanmayacaqsız amma başkənd Bakının küçələrində rastlayacağınız hər saqqal saxlayan kişi, ancaq ailəsində ölüm hadisəsi baş vermiş kişi olmayabilər. Çünkü bəlkə də onun arvadı qız uşağı doğaraq ruhunu ağır hüzünlərə məskən etmişdir.
Mənim bacım, biz azad deyilik. Bizim avangard şairimiz, avangardlığı "sən yataqda ehtiraslısanmı?" soruşmaqda saymır. O içib barın tüstülü ortamında "bu kişilər mənim işığıma bura toplaşıblar" demir. O müstəqilliyini hər an qorumağa çalışır. Yönünü özü seçir. Bizim məmləkətdəsə, sizin buradan azad görmədiyiniz qızlarımız, dörd nəfərlik kiçik bir oturumdan qalxanda "Mən burda ən az bir kişinin yerini boş gördüm" demirlər. Enerjiləri tükənəcək qədər doğmalıdırlar deyə düşünmürlər. Onlar gündən-günə evliliklərini ertəlyirlər. Biraz da yaşlanaq deyirlər. Evlənincə bitəcəklərini bilirlər. özlərini az da olsa öncə özlərinə həsr etmək istəyirlər. Hər içib sigara çəkən öncülmü sayılar?
Sən, bunu dinlə əlaqələndirirsən. Dinləri yox etsək hər şey yoluna gedər deyirsən. Belkə də belə ola amma Bakı küçələrindəki süpürgəçi qadınların soyuqda şaxtada tir- tir titrəmələrinin, yer süpürmək, süpürgəçilik arvad işidir deyilməsinin, ya da birini aşağilamaq üçün sən arvatdan da əskiksən deyilişinin din ilə bir əlaqesi olduğunu sanmıram. Yanlış anlama. Dini müdafiə etmək istəmirəm amma lap nefrət etdiyimiz şəriət hakimiyyəti altında yaşayan ölkələrdə belə, kişilər məsələn süpürgəçilik edirlər. Heç nə də olmur. Kişiliklərindən də heç nə əskilmir. Hər şeyi də dinə bağlamaq olmaz. Azərbaycan illər boyu komunist sistemi ilə idarə olundu. Niyə dəyişmədiz? çünkü belə şeylərin kökü, kend mədəniyyətini başkəndin küçələrində özləriylə daşıyan insanların kültüründədir. Hər kəsin öz işi var deyirsən. Amma bugünkü həyat sistemi artıq bunu istəmir. Bugünkü qadın fabrikada, mağazada, universitedə əri ilə bərabər çalışır. Ikisi də məsələn gündə beş altı saat dışarıdadırlar. Sənin dediyin iş bölgüsü bunların həyatında necə uyğulanacaq. Sən, niyə kişilərdən bu qədər elmadamı, yazıçı, həmdə bəlkə güclü olanları varkən qadınlarda heç nə yoxdur yada azdır deyirsən. Təbi ki belə olacaq. Sən o güclü kişinin paltarını, ayağını yuyub, yeməyini pişirməyə, nəslini devam etdirmək üçün uşağını doğurmağa məşğulkən o yazıb yaradacaq. Sənin yaratdığın üç dörd nəfərlik yemək isə bütün ləzzəti ilə birlikdə axşam söfrəsində bitib tükənəcək. Doğduğun evladlar çəkilib gedəcəklər və sən bütün sənətkarlığınla tək başına, əli boş qalacaqsan. Elə bizim Bakıdakı bu qonşumuz kimi , yazıb yaradmasalar belə, kabinetdəki geym oyunlarından, döngə başlarındakı nərdtaxta oyunlarından dönəndə doyunca içib evdə sənə bıçaq da çəkəcəklər. Sən yenə də yaratdığı əsərlərin, uşaqların üçün dayanacaqsan, yalvaracaqsan, ağlayacaqsan və ilahi deyib dualar edəcəksən.
Gözlərin aydın əzizim, gözlərin aydın. Ana olubsan. Bir neçə ay sonra qızın olacaq. Onu sevirsən, bilirəm. Qarnında tərpəndikcə, sağ ayağının üstündəki damar çəkilir, ağrıyır. Zövq alırsan, bilirəm. Uğurlar olsun deyirəm sənə. Amma bilirəm ki sənin də körpən, sən modern olsan da, öncə susdurulacaq sonra çantasına qardaşının əksinə olaraq, bir ayna, bir daraq, bir dənə də pomada qoyub ürəyini bağışlamaq üçün bir sevgi aramağa çıxacaq. Amma ona, sənin bu Azad Vətənində qadını sevməzlər, eşq deyə bir şey yoxdur deməyi unutma. Yoxsa ən azad ölkənin ən modern kişisinin ən moden ailəsine töhfə etməyə qırmızı ləkəli dəsmal verəməyincə, əlini ayağını doğramaq zorunda qalar.
Dünən ərinlə salamlaşan qızlara tərs baxdığını gördüm. Səni anlayıram. Sənin ölkəndə qadınlar bir birlərini aşağılamağa, ərlərini, sevgililərini bir birlərinin öz deyişinizlə əlindən çıxartmağa tərbiyə olunublar. Sizin bir birinizdən bu qədər çox nifrət etmənizi anlayıram. Bəli, adı Nuranə, Çinarə, Təranə, Kəmalə,... olan hər canlı düşməninizdir, bilirəm. Ərinizi qoruyursuz. Bu qədər zəyif olub həmən azabilən ərlərinizi bir birinizdən ovlamaqla keçir həyatınız. Heç bir oğlanla əl görüşmürsüz. Sizin ərinizlə, sevgilinizlə əl görüşmələrindən qorxursuz. Qısqanırsız, bilirəm. Sən də qızını qısqanc böyüdəcəksən. O sənin əsərin olacaq. Içindən gələn hər şeyi doğru və gözəl sanacaq. Bilirsen, bizim həyətdə oynaqlayan pişik də hər içindən gələni edir. O şuursuz yaşadığına görə incimir. Axı bunun fərqində deyil. Hardan inciyəcək ki.
Bunları yazarkən sənə nifrət etdiyimi sanma. Biz eyni cinsdənik. Bunları, bunu düşünərək yazdım və gün olar sən də əlini əlimə verərsən, bir çox şeyi birlikdə dəyişərik dedim. Axı insan həmişə eyni şəkildə qalmır. Insan gəlişir və dəyişir. Əminəm, sənin tanıdığın qadın da belə qalmayacaq. Bax o zaman bəlkə əlini əlimə verəsən. Birlikdə dəyişərik.
Dostcasına. Arxadaşcasına…



şerlər

İz

Bir qadın
sevda yolçusu
bir ana
acıma duyğusu
gəlinlik içində bir ümid ağlar
bir qaranlıq gəlin köçür, sevda yolçusu
ürəyi əlində
varlığı dilində bir qurtum su
sevda quraqlarında
sevəcəkmişlər onu
oğluna ana etdiyi andan
susduracaqmışlar
ciblərdə beş parasız sevdasını
gecələri, xəyanətlərinə
adaxlananda öpücüklərin
solanda Ay gözlərinin pərdəsində
saçlarından dar ağacı asanda duyğularına
analıq edəcəkmiş oğluna
sevda yolçusu bir qadın

masanın üstündə
bir iki üç bardaq
masanın üstündə
acılar atəşinə bişmiş yeməklər
masanın ətrafında üç adam
masanın yanında bir həsrət
bir qayğı
analıq edir oğluna

külək onun üçün əsmir
pəncərədən boylanan ətirlər
yatağına götürdüyü duman rənglidir
və pərişan gözləri
sevda yataqlarının məsum gəlini

masanın yanında bir qadın
gözləri uzaqlarda
əlində bir ütü
önündə divar
qıvırcıq saçını yellər dağıdır…


Adsız şerlər

1.
Və içimi azğınca sığallayan kəpənəkdir
dəli könlüm
dənizi
havanı
və susmayan
amma yoxluğuna dayanılmayan hər şeyi
ta gözlərinin sahilinə dəvət etmiş
sən -
bulud baxışlı
yağmayacaqsan
və mən aylı gecələrdə saxlanacam
pəncərənin çərçivəsində
dəli könlümdə dənizmi gurlayacaq -
düşünəcəm
və qırılacaq bir an çərçivə
süzüləcəm aylı bir gecənin pəncərəsindən.
Çılğınlar yaşarmışlar, dəli könlüm
çılğınlar ölümü qucaqlarmışlar
və sən aldırmadan sisli günlərə
dilənçi qadının səsində
bir segah bəstəsi olurmuşsan
olursan, dəli könlüm.

Azğın və yabanı bir ağac kölgəsi
bir bardaq çay gətir, qızım, çay
mixək qoxulu
və saçlarımın bəndini açmadan keçməliyəm
qırmızı ətirli bütün çayların
cütlənmiş ayaqqabıların sırasını unut
iç və ölümü qucaqla
bir qadın, ayı ancaq dolun ayda
çərçivəyə çağırar
sən ayaqqabılarının sırasını unut
saçlarını dağıtmadan
pəncərədən açıq olan bir boşluğa salam de…

2.
Anamın səsində bir qürbət
babamın əllərində
və iyirmi beş sənəlik bir acı boğazımda
illənmiş, içilməyə hazır bir şərab kimi
bir ayna, bir mən və bir də xəyal
içimdə dolaşan arzularımın
izi barmaqlarımda
bu yaz da öpəcəm alnını torpağımın
bu yaz da yaşamağa
yeni nağıllar uyduracam bəlkə
həyatın davamlığında
iyirmi beş sənəlik bir kəlməylə
asılacaq ürəyim bəlkə
uyduruq torpağımın uyduruq bayrağına

anamın səsində acı
babamın əllərində
içimdə daşlı yollar
aşacağım və aşmaq istəmədiyim divarlar
və bir aynaydı sanki sakin dodaqlar
bir soru işarəti
və əmin olmağa əmin olmamaq…
acıya dayanamadı insan
səslər var və dodaqlarda qürbət izi…

3.
Və Günəş, şərab badəli əllərini qaldırır
hər sabah
Böyük şəhərlər
Böyük caddələr
Göydələnlər
Və küçələrdə
unudulmuş bir mahnını mızıldayan
sərxoş səhərlər
metal sevgilər
insaflı ol - dedilər
qırılanda ən önəmli olan önəmlilər
aynanın arxasında
boş bir nöqtə çevrəsində
sağlamlığını gözlə, göz bəbəklərinin.

4.
Yağış
sərxoş bir adam kimi adlayır caddələrdə
və bir də
yapayalnız olasan bu sərxoşluqda
bir quş kimi
üşüyən əllərini dodaqlarına isidib
sən də adlayasan
və yağış
uzaq bir xatirəyə sərxoş edə səni.



"Leyla"nı anaraq
Bu şeri "Leyla"ya və onun uca ruhuna sunuram. Bir zamanlar belə bir cümlə oxumuşdum: "Böyük ruhlar vücudu zəhmətə salırlar." Onun da içindəkilərini, cismi təhəmmül edəbilmədi. Londonda belə dünya onun üçün daha dar, daha kiçik, daha ədalətsiz idi. O uzaqlara uçdu. Atası onu kağızlarda, sətirlərdə, gözyaşlarında əbədiləşdirdi.

öncələri, cümləciklərində özümü tapıb
sevinərdim.
dağılmış mürəkkəbli kağızlarda
izlərimi qoxlayardım kəlmə-kəlmə.
həp kölgən olardım, kölgələnərdim.
zaman keçdikcə, gizlənməyi öyrəndim,
susmağı, hopmağı.
öyrəndim ki, yeri gəlincə
uzun boğaz,
boz corab tayımı sevəbilməliyəm.
o, bir eşq barmağı kimi sarılanda boynuma
artıq səni sevib yaşamaq bitəcək mənə.
diskinməyəcəksən gözyaşlarıma.
mənə sunduğun bütün kitabların
ilk səyfəsində
adım sönəcək.
arxana dönəcəksən yatağında.
dağ çiyinlərinin dağ arxasında
keyimiş tək bir barmağım belə olmayacaq.
iştə o zaman öyrənəcəm
səni sevib yaşamamağı.

Bakı - 2005