Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

İntiqam

Haaayy…
Ah deyib
əl tovlayanlaaar
dizləri qucaqlayan əllər
dizlərə çalınııır
ya yooox?

Ha haaayyy…
Çənələrinə əl, çiyinlərinə boyun qoyanlaaar
bizim gözüyaşlı dil-ağızlar
yada salınııır…
ya yooox?

Heeey…
Gözlərini yol aparanlaaar
göstərilən yollar
kül olub gözə
daş olub başa salınııır…
ya yooox?

Be heeeyy…
Gələcəyi lağa qoyanlaaar…
Olub keçənlərdən
ibrət-mibrət alınııır
ya yooox?



* * *

Sərinlikdən tərli bir bardaq
bulaq süzümlü
özündən özlüyündən uzaq
bir qız əlində

və günəşlə küləş cinsindən bir oğlan
bığlarında somrulmamış su damlaları
qızın almacıqlarında utanc alı
örpəyinin sancağı düşmüş
çox şükür -
kəndimizdə elə bil bu gün
iki könül sevişmiş.

İsmail Mədədi