Alatoran_header  
Jurnal > 2004/№4 > Çünki özgür olmaq istəyirəm...

Bu günlərdə ölkəmizə səfər etmiş Türkiyəli gənc şairə Yeşim Ağaoğlu haqqında sizə danışmaq istəyirəm.
Avanqardçı rəssam Babi Bədəlovun təşkil etdiyi bir sərgiyə qatılmaqdan ötrü ilk dəfə Azərbaycana, öz dədə yurduna gəlmiş Yeşimlə unudulmuz söhbətlərimiz oldu, gəlişi ilə Bakıya rəng qazandırdı, gedərkən özüylə sanki bir dünyanı apardı, öz qəribliyini burada, tək tənha dolaşmağı sevdiyi Bakının küçələrində buraxıb getdi. Mənə hədiyyə etdiyi şer kitabından bəzi parçaları oxuyuram:

hüznlər, həsrətlər, şəhərlər
cırmaqlayırlar məni
həm də dırnaqları sanıldığından da güclü
eynilə bir travesti dırnağı kimi
hamısına bir güllə
bir güllə yetər
bu da bir başqa çeşidi yox edişin
heç yoxlanmamışı deyə bilərmisin


Yalnız qalmağı xoşlayan bir qızcığaz gəlmişdi İstanbuldan. Buradakı insanlardan daha çox şəhərin memari yapısını sevdi. Nədən əski binaları söküyorlar, buna qarşı çıkamazmısınız? - dedi. İnsanlar qəribədir, zaman məfhumu yox burada. Hər kəs boş vaxt keçirməyi sevir. Hər halda Şərq mentalitəsindən gələn bir xüsusiyyətdir. Yeşimin gözlərindən heç nə qaçmır: Heç sevmədim mən bu kafeteriyanı, insanla ilgilənmiyorlar, kibar davranmasını bilmiyorlar.
Rəsmi görüşlərdən qaçır. İntervü verməkdən zəhləsi gedir. İntervü qəzetçiyə lazım, bana lazım deyil ki - deyir. "Azadlıq" radiosundan arayan bir müxbirə nəyi var sinirləndi. ?urnalistin özü gəlməyib də onu redaksiyaya çağırmasını heç cür başa düşə bilmirdi.

bilmirəm hansı caddədən keçərsən,
hansı barda oturub içkini udumlarsan
fransızmı yoxsa bir meksikalı lokantasını seçərsən
muzey bağçasında qısa bir çay fasiləsi
bir sərgi açılışı
yüzlərcə filmdən hankisinə gedərsən


Buradakı qohumlarına vaxt itirmək istəmədi. Yemək məclisləri, boğazdan yuxarı söhbətlər Yeşimə görə deyildi. Az vaxtda imkan tapıb Qobustan qayalarını, Suraxanı Atəşgahını ziyarət etdi. Onu bir saat gözləməyə vadar edən Rəssamlar İttifaqının bir məmuruna çox hirsləndi. Mənim bir saatım çox qiymətli, mən hər gün Bakıya gəlmirəm ki, dedi. Bakını çox sevdim, buranı özləyəcəm. Ancaq bir daha gəlsəm qohumlarıma xəbər vermədən gələcəm, çünki özgür olmaq istəyirəm.

bilirəm zamanı gəldiyində
vida edib gedəcəksən
əşyaların ütülü və qatlanmış olacaq çantanda
nə məni alacaqsan, nə mənsizliyi yanına


İnsanlar burada kəndilərini ifadə edə bilmirlər, sıxışınca həmən ruscaya keçirlər. Azərbaycan türkcəsində doğru-dürüst konuşan bir adama rast gəlmədim. Yapacaq çox işiniz var sizin. Üzərinizdə böyük sorumluluqlar var. Qreen Kafe'də oturmuş, çay içirik, saat 12, Yeşim hələ qəhvəaltısını etməyib, qaymaqlı fəsəli gətirdir. Ardınca su istəyir. İnsanlar burada su içmiyorlar, nədən? Su içməmək çok zararlı, deyir. Yeşim elə bir insan ki, heç bir şey onun diqqətindən kənarda deyil.

dəmət-dəmət güllər yollayacağam
müşk kimi ətir saçan dəmirdən güllər
istəməm demə
metallik sevgilər çağındayız

Rəssamlar İttifaqında düzənlənən sərgidə dünyanın müxtəlif ölkələrindən ona yaxın rəssamın əsəri nümayiş etdirilirdi. Yeşimin panosu, əlbəttə, özünün qeyri-adiliyi ilə seçilirdi. Müharibə mövzusunda bir şeri kopyalayaraq Yeşimin çəkdiyi fotoların surətləriylə birlikdə panoya yapışdırılıb. İstəyənlər bu fotoları alıb özlərinə götürə bilər. Bu ifadə formasını Yeşim özü kəşf edib. Dünyanın müxtəlif ölkələrində buna bənzər performansları olub. Türkiyədəki qədim bir qalanın qülləsindən şerlərini küçədən keçən insanların başına səpələyən bir şair obrazını təsəvvürünüzdə canlandırmaq istəsəniz - o Yeşimdir.

qırmızı göz yaşlarıyla ağlayan donuz
hönkür-hönkür həm də
limon turşusu göz yaşlarıyla ağlayan
məni anlayan dostum donuz
səni yaratdım yapışqan bir New Üork gecəsində
sevgilim təkcə bir salam buraxıb getdi deyə


Qohumları Yeşimə deyirmiş: "Sən 100 ildən sonra Bakıya gəldin". Burada 4-5 günlük səfərini tamamlayıb İstanbula döndü. Qıvırcıq saçları vardı. Bakılı rəfiqələrinə çox bənzəyirdi. Amma əsla bənzəmirdi.

Rasim Qaraca