Alatoran_header  
Jurnal > 2004/№4 > Ədəbi xronika

ARPA YOXSA BUĞDA

AYB-də məskunlaşmış bir siçovuldan aldığımız məlumata görə, Anar müəllim S.Babullaoğlunun redaktorluğu ilə ilk sayı dərc olunmuş "Dünya Ədəbiyyatı" dərgisini dövlət büdcəsindən maliyyələşəcək mətbu orqanlar listəsinə salmaqdan vaz keçib.
Onun bu fikrə düşməsinin səbəbi, guya İslam Sadıq namlı bir mühərririn "Kredo" adlı uqlavoy bir qəzetdə dərc elətdirdiyi "Buğda unundan arpa unu" adlı məqaləsi olub. Müstəqil ədəbiyyat ekspertlərinin qənaətinə görə həmin məqalə Anar müəllimin öz sifarişi ilə yazılıb, çünki "Dünya Ədəbiyyatı", "Körpü" kimi dərgilər hörmətli yazıçıya yalnız növbəti dəfə sədr seçilmək üçün gözdən pərdə asmaq, "baxın, gənclərə qayğı göstəririk" deməkdən ötəri AYB bünyəsindəki nisbətən radikal ruhlu gənclərin neytrallaşdırmaq üçün lazım imiş. Artıq məqsədə çatılıb, AYB-nin qurultayərəfəsi aktivliyindən əsər-əlamət qalmayıb, çar babaya inanan bizim yarıgənclərimiz umsuq duruma düşüblər, onlara verilən vədlər get-gedə uzaqlaşan əlçatmaz yaşıl bir adaya çevrilməkdə və ya beşmərtəbəli evin altıncı mərtəbəsini xatırlatmaqdadır. Lakin müstəqil ədəbiyyat ekspertlərinin rəyi onların başına dəysin, söyləmək istədiklərimiz başqadır.
İslam Sadıqın "Dünya Ədəbiyyatı" dərgisi haqqında qeydləri məntiqidir, orada aşkar olunan nöqsanlarla razılaşmamaq mümkün deyil, müəllif özü məqsədini belə açıqlayır: "qələm yoldaşlarım öz nöqsanlarını görsünlər və gələcək tərcümələrində bunların təkrarına yol verməsinlər"- deyə yazır. Lakin İ.Sadıqın səmimiyyəti şübhəlidir. Onun sadəcə bir məqaləsinə görə yeni yaranmış, ideya olaraq hər kəsin sevincinə səbəb olmuş lazımlı bir dərgi qapanmaq məcburiyyəti qarşısında qalırsa İslam Sadıqın arqumentləri əhəmiyyətini itirir, düşmənçiliyi xatırladır. Buyursun İslam Sadıq, özü dərgi buraxsın və o dərgi nöqsanlardan xali olsun. Paradoksal görünən daha bir-iki məqam vardır: 1. "Dünya Ədəbiyyatı" dərgisi uğurlu dərgi olsaydı İslam Sadıq həmin üç səhifəlik qeyrəti göstərəcəkdimi? 2. Eyni nöqsanlar "Azərbaycan", "Ulduz", "Qobustan" dərgilərində olduğu halda İslam Sadıq bu cəsarəti nə üçün göstərmir?
Müəllifin səmimiyyətinə kölgə salan daha bir məqam onun məqaləsindəki son cümlədir: "Sonda Yazıçılar Birliyinə xatırlatmaq istəyirəm ki, biz orta məktəbdə oxuyan vaxtlarda inşa və imla yazarkən bircə dənə qrammatik, orfoqrafik və ya üslubi səhv buraxan şagirdi heç vaxt divar qəzetinə redaktor qoymazdılar".
Bu, rəsmən dərginin qapadılmasına fitva verməkdir. Lakin İslam Sadıqın AYB oyunlarında alət olması da bizim üçün o qədər də maraqlı deyil. Məsələ başqadır.
Yazarlar Ocağını qurmaq istədiyimiz ilk günlərdə Səlimlə mübahisələrimizi xatırlayıram. O, hər zaman "sizin yolunuz yanlışdır, mübarizəni belə aparmazlar"- deyirdi, Anarın mütərəqqi bir insan olduğuna, onunla konstruktiv şəkildə işləməyin mümkünlüyünə, dolayısıyla Anarın buğda ilə arpanı ayıra bildiyinə inanırdı. Nəticədə AYB-nin sifarişi ilə yazılmış "Buğda dənindən arpa unu" məqaləsindən də göründüyü kimi Səlim öz gümanlarında yanılıb, AYB-nin yeni ideyalara, yaradıcı gənclərin üzünə qapalı olduğu, bu təşkilatın yalnız istedadsız gənclərə açıq, durğun, mühafizəkar bir təşkilat olduğu bu hadisədə bir daha özünü göstərdi.

ƏDƏBİYYAT HADİSƏSİ

Həmişə demişəm, ədəbiyyat xoşməramlı bir yarışmadır; yazıçılar, şairlər arasında "kim daha yaxşısını yazar" deyərcəsinə bir inadkarlıq hökm sürməkdədir. 90-cı illərdə durğunluq yaşamış ədəbi prosesin son bir neçə ildə nisbətən canlanması, gənclərin "yeni ədəbiyyat" sloqanlarına qarşı qocaların bir daha özlərini təsdiq çabaları, yeni-yeni əsərlərin yaranması bir çox "parlaq" imzaların meydanda duruş gətirə bilməməsi və bəzilərinin gözlənilmədən sürət götürməsi həmin yarışmaya bir örnək və sübut ola bilər. Cəmi bir-iki hekayəsini oxuduğum, hər zaman yazıçılıq adına iddialı gördüyüm gənc yazıçı Seymur Baycanın qeyri-adi bir kitab yazaraq müasir Azərbaycan nəsrinin ön sıralarında yer tutacağını, ədəbiyyat cığırlarından magistrala uzanan yolda böyük sürət qazanacağını tək mən deyil, kimsə gözləmirdi. İllərdən bəri ədəbi prosesdə çarpaz cığırlar salan "postmodern kabusu" sanki öz milli qəlibini axtarmaqdaydı, bütün nəsillərdən olan yazıçılarımız bu qeyri-adi, hələ tam tərifi verilməmiş estetik cərəyanın bizim ədəbiyyatımızdakı ifadə formasını tapmaqdan ötrü külüng çalmaqda, gecələrini gündüz etməkdəydi, sən demə böyüklük sadəlikdəymiş və yeni ədəbiyyatın canı illərlə toplanmış təcrübə yükünü qəbul etməyirmiş, məgərsə "dünənki uşaq" qocaman ədiblərin qarşısına qoz qoymağı bacararmış.
Seymur Baycanın ilk kitabı ənənəvi Azərbaycan ədəbiyyatına tutarlı bir şapalaqdır, formasından tutmuş məzmununa qədər etiraz ifadə etməkdədir, bir üsyandır, yalnız üsyankar gəncliyin başa düşəcəyi janrdadır, şübhəsiz, ədəbiyyatımızın hadisəsidir.

RAFİQ YUSİFOĞLUNUN FƏDAKARLIĞI

Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinin IV kurs tələbəsi Pərviz Bəşirli çağdaş ədəbi proses mövzusunda yazdığı kurs işində müstəqil ədəbi qurumlardan və "Alatoran" jurnalından bəhs etmiş, rəsmi ədəbiyyat jurnalları ilə müqayisədə "Alatoran"ın daha məzmunlu çıxdığını yazmışdır.
Lakin tələbənin bu cəsarəti ona baha başa gəlib. Sən demə müəllim Rafiq Yusifoğlu Yazıçılar Birliyinin üzvü imiş, dərhal mənsub olduğu təşkilatın şərəf və ləyaqətin qorumağa qalxışıb, tələbənin yoxlama işini qeyri-kafi qiymətləndirib.
Yazıçılar Birliyinin hər yoldan ötəni üzvlüyə qəbul etməsinin səbəbi indi aydın olur.

"DAYANDUR SEVGİLİM"?

Keçən həftə ədəbi ictimaiyyət şok bir xəbərlə sarsıldı. Görkəmli şair Dayandur Sevgin Azərbaycan-Gürcüstan Dostluq Cəmiyyətinin yaranmasına dair mətbuat konfransı verdi, bu günə qədər dostluq münasibətləri şəraitində yaşamış bu iki xalq üçün yeni perspektivlərin başlanğıcını qoymuş oldu.
Lakin bədxahlar ağızlarına su alıb oturmadılar. "Zerkalo" qəzetinin 29 yanvar sayında T.Abbasova yazdı ki, guya yeni yaranan təşkilatlar nə iş görəcəklərini bilmədən özlərini bəyan edirlər.
Üstəlik Təhminə Abbasova qəsdən tanınmış şair Dayandur Sevginin adını yanlış olaraq bir neçə dəfə Dayandur Sevgilim yazıb.
Seymur Baycanın qənaətinə görə, Təhminə xanım Dayandurun adını təhrif etməklə ona sətiraltı məsaj göndərib.

ANAR HAQQINDA ŞAİYƏLƏR

Yazıçı Anarın adı yenə gündəmdədir. Yenə ona qarşı "hücumlar" və onun özünümüdafiə həmlələri mətbuat səhifələrində oxucuların diqqətini tartaqlayır. Nəhayət, "Bakı-Xəbər"in bazar ertəsi sayında yayınlanan bir məlumatla yazıçının tutduğu vəzifədən - AYB sədrliyindən getmək ərəfəsində olduğu xəbəri öz əksini tapıb.
Slavyan Universitetinin rektoru Kamal Abdullanın "Natəvan" klubunda keçirilən məlum tədbirində Anarın əsəbilik nümayiş etdirməsini yalnız qəzetlərdən öyrənə bildik, bu hadisə daha təfsilatlı şəkildə yazıçını müdafiə məqsədilə yazılmış təkzib məktublarında öz əksini tapıb, məsələn, hamının "Bala Anar" dediyi Elçin Qaraçuxanın "Reytinq" qəzetindəki məktubunda bilmədiyimiz bir çox mətləblər açıqlanıb. Qəzetlər Anarın düşdüyünü, qeyri-adi dərəcədə ixtiyarlandığını yazırlar. Lakin Anarın səhhəti və yorğunluğu haqda bu şayiələri yayanlar öz gümanlarının nə qədər yanlış olduğunun fərqində deyillər. Çünki Anar hələ də gəncliyə qarşı mübarizə aparmaq əzmindədir.

CAHİD ZƏRİFOĞLUNUN ŞERLƏR KİTABI

Azad Yazarlar Ocağı Çağdaş Türk Ədəbiyyatı seriyasından ikinci kitabın nəşrini gerçəkləşdirib. Nəcib Fazil Qısakürəyin "Çilə" şerlər toplusu ardından Türk şerinin ən populyar isimlərindən biri olan Cahid Zərifoğlunun "Eşqə dair" seçmə şerləri "Adiloğlu" nəşriyyatında çapdan çıxıb.
Qısa bir ömür yaşayan (47 il) Cahid Zərifoğlu Türk şerinə orijinal bir fəza gətirmiş, ölümündən 20 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq onun əsərləri təzəliyini və canlılığını itirməmişdir.
Türk şerinin nəhəng şairləri varkən nə üçün Cahid Zərifoğlu?- sualının cavabı şairin son nəfəsinə qədər səngiməyən, major notlarda cərəyan edən poetikasındadır. Bu şerləri oxuyarkən sanki insanın daxilində kükrəyən, hansısa qlobal fəlakətlərin yaxınlaşmaqda olduğunu bizə xəbər verən, hələ kağıza köçməyə macal tapmamış vicdanın, daxilimizdəki təhtəlşüur mənin anlaşılmaz harayını eşidirsən. Anlaşılmazlıq bu şerlərin özəlliyidir, bəlkə anlaşılır olsaydı həmin şerlər bu qədər təsirli olmayacaqdı.
Türk nəsrinin görkəmli nümayəndələrindən biri Rasim Özdənörənin C.Zərifoğlu haqqında söylədikləri bu mənada çox maraqlıdır: "C.Zərifoğlu şeri bu qədər anlaşılmaz, qapalı ya da çətin anlaşılan olmasına baxmayaraq bu günə qədər heç bir şer oxucusu və ya tənqidçi bu şerləri rədd etmək yox saymaq cəsarətini göstərməmişdir. Çünki əlindəki mətnlər, anlaşılması çətin olsa da daima dəyərli bir əsər olaraq görünmüşdür.
Azad Yazarlar Ocağı "Çağdaş Türk Ədəbiyyatı" seriyasını Nazim Hikmətin seçilmiş şerləri ilə davam etdirməyi planlaşdırır.

OXUN DAŞA DƏYMƏSİ!

Çingiz xan ova çıxdığı zaman atı büdrəmiş, böyük sərkərdə yıxılaraq xəsarət almışdı. Bu büdrəmək hadisəsi xana çox əsər eləmişdi, həyatı boyu heç vaxt büdrəmədiyinə görə bu hadisəni göylərin bir xəbərdarlığı kimi qəbul etmiş, xəstələnib yatağa düşmüşdü.
Ədəbiyyatımızın xaqanı, məşhur yazıçı Anarın son günlər başına gələnlər, onun səhhəti haqqında mətbuatda oxuduqlarımız Çingiz xanın həmin büdrəmək hadisəsini xatırlatmaqdadır.
Heç bir zaman sözü daşa dəyməyən, hər istəyi əlüstü yerinə yetirilən hörmətli yazıçımız həyatında ilk dəfə latın əlifbası ilə kitabların çapı məsələsində büdrədi, sözü yerə düşdü, əhvalı pərişan oldu. Təqribən 20 mln. dollar məbləğində dəyərləndirilən kitabların latın əlifbası ilə yenidən çapı layihəsi deyəsən Anar müəllimin həyatı boyu gerçəkləşdirəcəyi ən böyük layihə olacaqdı, lakin bədxahlar buna imkan vermədi. Kitabların çapı Milli Elmlər Akademiyasına həvalə olundu.
Daha bir büdrəmə və çoxmilyonlu layihə hadisəsi, yenə yazıçı Anarın siyasi yetirməsi sayılan, Nizami muzeyinin direktoru, millət vəkili Rəfael Hüseynovun adı ilə bağlı olaraq mətbuat səhifələrində oxucuların diqqətini bombardman etməkdədir. "Bizim Yol" qəzetinin 7 fevral tarixli sayında Rəfael Hüseynovun "Akademiya" Kitab Mərkəzini bağlamaq cəhdlərindən, bunu 5 mln. dollar dəyərində açıq tipli muzey yaratmaq arzusu ilə əsaslandırmasından bəhs olunur. Qəzetin yazdığına görə Rəfael Hüseynov bu layihəni irəli sürərkən xalqımızın yaddaşını bərpa etməkdən daha çox öz şəxsi maraqlarını güdüb.
Lakin bu məsələdə də Rəfael Hüseynovun oxu daşa dəyib, medianın bu məsələyə müdaxiləsi, ictimai rəyin Kitab Mərkəzini müdafiə etməsi onu geri çəkilməyə məcbur edib...
Paytaxtımızda nəsli kəsilməkdə olan kitab mərkəzlərindən birisi beləcə bir iqtidar sahibinin qurbanı olmaqdan canını qurtarıb.

"DOĞRU GƏLƏN DOLAŞMAZ"
                        "Oğuznamə"dən

Latın qrafikasıyla çap olunacaq kitabların məsələsi təkrar gündəmdədir. Məlum olduğu kimi, bu ilin yanvar ayında dövlət başçısı İlham Əliyevin imzaladığı fərman əsasında Azərbaycan və dünya klassikasının əsərləri latın qrafikası ilə yenidən çap olunacaqdı, bu layihənin həyata keçirilməsi məqsədilə 20 mln. amerikan dolları məbləğində vəsait nəzərdə tutulmuşdu. Lakin bu fərmandan irəli gələn çalışmalar keçən 10 ay ərzində həyata keçirilməyib, kitablar heç kəsin, hətta bu təşəbbüsün bilavasitə avtoru olan yazıçı Anarın belə bilmədiyi səbəblərə görə çap olunmayıb. Ən qəribəsi, kitabların latın qrafikası ilə çapı məsələsində zəhmətlər çəkmiş, bilavasitə prezidentə təsir göstərərək bu iri həcmli layihənin təsdiqinə nail olmuş, yəni bütün zahiri parametrlərinə görə layihənin tam hüquqlu sahibi Anar oyundan kənar vəziyyətdə buraxılmış, kitabların nəşri Yazıçılar Birliyinə deyil Milli Elmlər Akademiyasına həvalə edilmişdir. Milli Məclisin keçən toplantılarının birində yazıçı öz etiraz səsini ucaltmış, kitabların nəşri məsələsində cavabdeh olan icra strukturlarının laqeyd münasibətlərindən şikayət etmişdir. Haqqında bəhs edilən kitabların nəşri kimə həvalə edilməlidir? Əgər bu sual ətrafında qafamızı yormağa başlasaq, Milli Elmlər Akademiyasımı, yoxsa Yazıçılar Briliyimi desək, bir nəticəyə vasil ola bilməyəcəyik, çünki, zahirən hər iki təşkilat, lazımi vəsait olarsa, bu layihəni həyata keçirdə bilər, hətta, məsəl üçün "Amal" ziyalı hərəkatı adlı sıradan bir təşkilat belə bu işin öhdəsindən gələrdi, yenə də əgər lazımi vəsait olsaydı. Və bu təşkilatların hansı biri həmin layihəni daha namusla həyata keçirərdi, 20 milyondan neçə dənəsini cibinə atardı, bu haqda heç kəs heç nə deyə bilməz, çünki baş verməmiş günaha görə tövbə edilməz. Hətta bu layihədən pay uman, 20 milyona susayan papaqaltında nə qədər təşkilat, qurum var - təsəvvür etmək çətin deyil. Lakin hər şeydə oldığı kimi bu məsələdə də bir moment diqqəti cəlb edir. Nə üçün bizim hökumət, çörəyi çörəkçiyə vermir? Layihənin zəhmətini çəkən, bizim dağ şairlərinin təbiriylə desək, onu araya-ərsəyə gətirən Yazıçılar Birliyi, bilavasitə Anar bir göz qırpımında oyundan kənar vəziyyətdə saxlanılır, hansı məmurun hansı dolanbac marağının məhsulu olan bir düşüncəylə Milli Elmlər Akademiyasına üstünlük verilir. Əlbəttə, o məmurdan yuxarıda, bir kəlməsi ilə hər şeyi yerinə qoya biləcək bir prezident var, çörəyi alıb çörəkçiyə verəcək. Lakin, Anar başına gələn bu hadisələrdən özünün ibrətamiz nəticəsini çıxardacaqmı, özü də çörəyi çörəkçiyə vermədiyinin hesabatıın aparacaqmı?

BÜTÖV ŞƏXSİYYƏT DEFİSİTİ
            "Yeriməsən biz də var"
                           Atalar məsəli

Nəcib Fazil Qısakürəyin 100 illik yubileyi ilə bağlı Yazıçılar Birliyinin cümə günü Natəvan klubunda düzənləmiş olduğu tədbir həmin bu atalar məsəlini yada salır. Son illərin təcrübəsi göstərməkdədir; Yazıçılar Birliyi adlı bu inert təşkilat yalnız tənqid edildiyi zaman hərəkət nümayiş etdirmək gücündədir, əks halda toxunmasan illərlə uyuyub qalacaq. Şübhəsiz, əgər bu sayaq olsa belə, Azad Yazarlar Ocağının təşəbbüsü olmasa, Nəcib Fazilin "Çilə" şerlər toplusu Azərbaycan dilinə uyğunlaşdırılaraq kitab şəklində dərc edilməsə Yazıçılar Birliyi bu böyük türk şairini nə xatırlayacaq, nə də belə bir tədbiri düzənləyəcəkdi.
Hər nə isə, hətta AYO-nun təsirilə də olsa, Yazarlar Birliyinin Nəcib Fazili anmasına yalnız sevinmək olar, bu tədbirin, orada səslənən tənqidi qeydlərə baxmayaraq, dolayısıyla Yazarlar Ocağının fəaliyyətinin təsdiq və təqdir olunması demək idi. Lakin bu o qədər də önəmli deyil, önəmli olan ömrü boyu əqidəsindən sapmayarq bütöv bir şəxsiyyət həyatı yaşamış, həyat tərzi və yaradıcılığı ilə yeni gələn nəsillərə nümunə olmuş, heç vaxt dostlarını satmamış, dövlətə, iqtidara yaltaqlanmamış, heç bir zaman status-kvonun tərəfini tutmamış, həqiqət naminə məhbəslərdə yatmış böyük türk şairi Nəcib Fazilin adının Azərbaycanda anılmasıdır ki, bu adın mümkün qədər çox yad edilməsi, təbliğ və reklam olunması, yalnız və yalnız Azərbaycandakı şəxsiyyət defisitinin aradan qaldırılmasına xidmət etməkdədir və edəcəkdir.
Həmin tədbirdə Azərbaycan Yazıçılar Birliyinin "Çilə"ni yenidən nəşr edəcəyinə dair fikirlər səslənib. Buna inanmaq çox çətindir. Çünki Nəcib Fazilin işıqlı şəxsiyyəti qarşısında onunla eyni nəsildən olan bir çox Azərbaycan şairləri, elə Yazıçılar Birliyi adlanan bu təşkilat boz bulanıq və eybəcər görünərdi.
Nəcib Fazilin azad şair ruhu Yazıçılar Birliyinin şaibəli reputasiyası ilə bir araya sığmayacaq qədər əbədidir və yüksəklərdə rərvaz etməkdədir.
Nəcib Fazil sağ olsaydı Natəvan klubuna toplaşmış məmur yazarlara, vəzifəsi şair olanlara sadəcə gülərdi, çünki onun nəzərində "şair ülvi idrak əmrini yerinə yetirən varlıq" idi, şairin hər hansı bir idarəyə tabe olmasını əsla qəbul etməzdi.

6-CI NÖMRƏNİN ƏHVALATI

Təsəvvür edin ki, bütün şəhəri həlak-fələk edib "Ədəbiyyat Qəzeti"ni axtarırsınız, ancaq tapa bilmirsiniz. Əlbəttə ki, indiki halda bundan daha gülməli əhvalat uydurmaq mümkün deyil. Yəni ayb olmasın, AYB-ni bəzən 80-ci illərdə ilişib qaldığına görə ittiham edirik, ancaq betərin betəri varmış, "Ədəbiyyat Qəzeti" 50 deməyək 60-cı illərdə hansı səviyyədə çıxırdısa, elə o səviyyədə də qalıb, sözün düzü, nə Tehran Əlişanoğlunun gedişi, nə də Azər Əbilovun gəlişi buradakı üfunəti azaldıb-əksildə bilməyib. Qısacası, qəzet özü bir yana qalsın, bu mövzudan nə qədər uzaq olsaq, könlümüz bir o qədər xoş olar.
Lakin desəm inanmayacaqsınız, bu yaxınlarda YB-nin başqa bir mətbu orqanının- "Azərbaycan" jurnalının 6-cı nömrəsini bir xeyli axtardım, qarşıma çıxan bütün qəzet köşklərindən soruşdum, ancaq tapa bilmədim. Bilmirəm, jurnalın tarixində belə bir şey olub, yoxsa yox, ancaq bu bir həqiqətdir ki, həmin 6-cı nömrə tutiya-təbərrükə dönmüşdü, heç yanda yox idi. Necə ola bilərdi, illərlə orada çap olunan müəlliflərdən savayı heç kəsə gərək olmayan jurnal satışa çıxarılandan cəmi bir həftə sonra tamamən tükənsin?
Mənim ağlıma gələn səbəblərdən biri bu idi ki, xain odur ürəyindəkini deməsin, həmin nömrədə kiçik romanı dərc olunmuş Əkrəm Əylisli, ki jurnalı mən də bu əsəri oxumaqdan ötrü axtarırdım, AYB rəhbərliyində oturan "dostlarını" cırnatmaqdan ötrü özü köşk-köşk gəzib bütün tirajı almışdı, yəni süni defisit yaradaraq belə bir təsəvvür yaratmağa çalışıb, guya onun əsəri dərc olunduğuna görə jurnalı hop götürüblər, ya da əksinə, həmin "dostlar" tirajın hamısını satın alaraq əsərin jurnal vasitəsilə gəniş yayılmasına maneçilik törətmişdilər. Bizim ölkədə, xüsusən AYB-də nə desəniz baş verər. Yoxsa bir özünüz düşünün, "Azərbaycan" jurnalı ola, tapılmaya - inandırıcı deyil.
Xülasə, ən nəhayət, 6-cı nömrəni əldə etdim. Neftçalaya gedən bir dostdan xahiş elədim gətirdi. Düzdür, helə Əkrəm Əylislinin "Ətirşah Masan" adlı bu romanını oxumağa vaxt tapmamışam, ancaq jurnaldakı bir çox yazıları gözdən keçirmişəm və ən əsası, jurnalın bu sayının nə üçün defisit olduğunu özüm üçün kəşf etmişəm.
Mənə elə gəlir ki, "Azərbaycan" jurnalının bu nömrəsinə birdən-birə qəyri-adi bir tələbin məydana çıxması oradakı başqa bir müəllifin - şair Çingiz Əlioğlunun qeyri-ənənəvi şerlərinə görədir.
Mən ümumiyyətlə, Çingiz Əlioğlu yaradıcılığının bütün mərhələlərini izləməmişəm, açığını deyim ki, təqribən 80-ci illərin əvvəllərində bu şairi dişimə vurmuş və öz rasionuma daxil etməmişdim, bir az da əllaməçi təsiri bağışlamışdı. Xüsusən Çingizin kitablarında əks olunan Rişi Kapur rəsmləri, bir şair kimi ona olan ciddiyyətimi azaltmışdı. "Alatoran" yazışmalarımızı da kimlərsə xatırlaya bilər, bu yazışmalar sırasında onun yeniliyə, avanqardçı adına iddialı olduğuna mən də, ədəbi ictimaiyyət də sanıram ilk dəfə şahid olurdu. Xüsusən Rövşən Şərəflinin "Diaqnoz" adlı epataj xaraktərli şərlər kitabına qarşı Çingiz Əlioğlunun kəskin çıxışı ilə, sonralar, Azərbaycanda avanqard şerinin ilk nümunələrini onun yaratmış olduğunu iddia edən yazıları təzad təşkil etməkdəydi. Elə isə R.Şərəflinin şərlərini təqdir etməli olduğu halda nə üçün ona qarşı çıxdığı qəribə təsir bağışlamışdı.
Lakin "Azərbaycan" jurnalının həmin 6-cı sayındakı şerlərini oxuduqdan sonra mən, hər bir şairin, yaşının hansı çağında olursa-olsun, alatoranlıq bir dövr yaşamalı olduğuna inandım. 60 yaşının tamam olması münasibətilə jurnalda şerləri dərc olunan müəllifin yaradıcılıq vüsəti insanı heyrətə gətirir və bu 60 yaşlı şairin ruhən çox gənc olduğunun şahidi olursan. Gənclik illəri Sovet dövrünə təsadüf etdiyinə görə istedadını min bir qəlibə dürtən bir şairin nə qədər gec də olsa, tikanlı kaktus gülünün yüz ildə bir dəfə tapança səsini xatırladan partlayışlı bir səslə çiçək açması kimi, birdən-birə açılması, gerçəkdən, insanda gözlənilməzlik effekti yaradır. İlk baxışdan bu hadisənin tam mənasını qavraya bilmirsən, çünki bu hadisənin həm yaradıcılıq, həm müəllif, həm də ədəbi proses baxımından çoxmənalılıq kəsb ətdiyini o anda dərk ətmək mümkün dəyil, əslində, elə buradakı şərləri ilə Çingiz Əlioğlu təmsil etdiyi 60-cılar ədəbi nəslinin ədəbi yarışmada tamamən məğlub olmadığını və ya başqa cürə ifadə etməli olsaq, ədəbi yarışmada məğlub olmuş nəsildaşlarını tərk edərək, bir mənada, onların cəsədləri altından sıyrılaraq yeni ədəbi güclərlə bir sırada dayanmağı bacarır həmin o 6-cı nömrədəki şərləri ilə Çingiz Əlioğlu.

ZAMAN MÜƏLLİMİN SƏDDİNİ AŞMAQ

60-cılar ədəbi nəslinin görkəmli nümayəndəsi Elçinin 60 illik yubileyi münasibətilə bir kitab dərc olunub "Təhsil" nəşriyyatında: "Elçin-zaman səddini aşmış sənətkar". Bu kitaba pul verib almağa dəyər, çünki hər səhifəsi oxucunu qəhqəhələrə boğacaq cümlələrlə doludur, Molla Nəsrəddin lətifələrini belə kölgədə qoymaq gücündədir məncə, yazıçı Elçin haqqında yazılmış məqalələr toplusu bu kitab.
Əlbəttə, Elçin müəllim, istər bir yazıçı, istərsə bir ictimai xadim kimi böyük sənətkardır, buna sözümüz yoxdur, lakin məncə, söhbət əgər bir yazıçıdan və hələ ki, həyatda olan bir yazıçıdan gədirsə və o yazıçı sözün əsl mənasında dəyərli bir yazıçıdırsa, o yazıçı da, o kitabı tərtib edənlər də, bir neçə hörmətli imzanı çıxmaq şərtilə, az qala hər küçədən ötənin onun haqqında məqalə yazıb bayağı fikirlər ifraz ətməsinə və beləliklə bu yazıçıya ucuz şöhrət imajı qazandırılmasına gərək yol verməyəydilər.
Hələ uzağa getməyək, kitabın adı (" Zaman səddini aşmış sənətkar") yaxşı bir yazıçı üçün əsl həqarətdir. Hamı bilir ki, burada söhbət hansı Zamandan gedir. Yox canım, sadəlövh olmayaq, söhbət nə 60-cı illərdən, nə də həmin nəsli öz girdabına almış sovet müstəmləkə zamanından gedir. Kitabın redaktoruna sorsanız, əlbəttə, zaman deyərkən o, ümumiyyətlə Zamanı, əbədiyyəti nəzərdə tutduğunu söyləyəcəkdir. Yəni Elçin, bizim yaşadığımız bu məhdud zamanın sərhədlərini aşıb, əbədiyyətə qovuşub. Razılaşın ki, özü kimi mübahisəli məsələ yoxdur və də bu fikrə düşənlərin əbədiyyət kompləksindən, bu sualla bağlı böyük şübhələrindən xəbər verməkdədir. Şayət, Vaqif Yusiflinin təbirincə, "Zaman müəllim" konkret bir şəxsiyyət kimi qəbul edilsə, məsələn, Elçinin yaradıcılığını buxovlayan güclü əl sahibi bir insan kimi, ki onun fövqündə dayanmaq yazıçını komplekslərə sövq edir və nəzərə alsaq ki, kitabı tərtib edən Vaqif Hacıyev cənabları da psixologiya elmləri namizədidir, o zaman bu Zaman müəllim məsələsinin bütün patologiyası gözlərimiz önündə canlanar.
Kitabı vərəqlədikcə az qala hər səhifədə "Elçinin Azərbaycan ədəbiyyatında tutduğu yüksək mövqe" cümləsinə rast gəlmək mümkündür. Müəlliflərinin yarıdan çoxunun ədəbiyyat işbazı olduğu həmin kitabda, əlbəttə, həmin cümləni istər-istəməz "Elçin müəllimin tutduğu yüksək vəzifə " kimi qavrayırsan, sözün düzü, kitabı gülüş hədəfinə çevirən amillərdən biri də budur.
Xülaseyi-kəlam, boş şey haqqında çox yazmaq da yaxşı bir iş deyil. Əgər mənim haqqımda belə bir məqalələr toplusu çıxsaydı, utandığımdan cəmiyyət arasına çıxmazdım, məsələn, utandığım adamlardan biri elə Elçin müəllimin özü olardı.

AZƏRBAYCAN QORQUDŞÜNASLIĞININ EPİZODİKLİYİ

Səmih Tezcan 1943-cü ildə Türkiyənin Mersin şəhərində anadan olub, "Kitabi- Dədə Qorqud" dastanının araşdırılması ilə bağlı apardığı işlərə görə, bu sahədə hal-hazırda ən avtoritetli mütəxəssis sayılır. Onun, Henrik Boşoten (Almaniya) ilə birlikdə "Kitabi-Dədə Qorqud" dastanını yenidən oxumasına dair uzun və ağır zəhmətli bir işi başarması türkologiya elminin ciddi nailiyyətlərindən sayılır. Həmin çalışma sayəsində "Kitabi-Dədə Qorqud" dastanının bu günə qədərki nəşrlərində külli miqdarda oxuma yanlışlıqlarının olduğu meydana çıxarıldı, Vatikan və Drezden nüsxələri ilk dəfə bir araya gətirilərək "Dədə Qorqud Oğuznamələri" adı ilə İstanbulda nəşr edildi. Ayrıca olaraq Səmih Tezcanın "Dədə Qorqud Oğuznamələri üzərinə notlar" adlı çox dəyərli kitabında, dastan mətnlərində rast gəlinən, lakin bu gün anlaşılmayan ifadə və söz birləşmələrinin elmi izahı verilmiş, bu günə qədərki bənzəri çalışmalara tamamən yeni bir təcrübə qazandırılmışdır.
Səmih Tezcan 1984-cü ildən bəri Almaniyanın Bamberq Universitetində türkologiya kursunu tədris edir, 1994-cü ildən Berlin-Brandenburq Elmlər Akademiyasında türkologiya məsələləri üzərinə qurulmuş "Turfan komissiyası"nın üzvüdür.
Hər iki kitab ("Dədə Qorqud Oğuznamələri" və "Dədə Qorqud Oğuznamələri üzərinə notlar") üzərində çalışarkən S.Təzcan istinad etdiyi və yararlandığı qorqudşünaslıq və türkologiya sahəsinə aid 200-dən artıq ədəbiyyatın siyahısını dərc etmiş, maraqlıdır ki, bu siyahıda Azərbaycandan olan müəlliflərin də adları öz əksini tapmışdır. Bu müəlliflər aşağıdakılardır: Həmid Araslı, Əhliman Axundov, Ə.M.Dəmirçizadə, Səməd Əlizadə, Kamil Vəliyəv, F.Cəlilov, F.Zeynalov.
Azərbaycan qorqudşünaslığı sahəsində əhəmiyyətsiz gördüyü əsərləri Səmih Tezcan öz araşdırma siyahısına daxil etməmişdir. Bunu açıqlayacaq qeydləri biz "D.Q.Oğuznamələri üzərinə notlar" kitabına yazılmış "Başlanğıc notları" bölümündən oxuya bilərik: "Dədə Qorqud Kitabı üzərində yazılmış bir çox yazı oxudum. Yararlandıqlarım və yararlanmadıqlarım oldu. Çətin yerlərin daha öncə necə oxunub anlaşıldığını müəyyən etmək üçün, təbii olaraq ən çox Məhərrəm Ərgin və Orxan Şaiq Gökyay nəşrlərindən istifadə etdim. Gərəkli gördükcə başqa mətn yayımlarına, Bartold və Rossinin tərcümələrinə də baxdım. Bu ikisi dışında yabançı dillərə yapılmış çevrilərdə Ərgin və Gökyayın nəşrləri əsas alınmışdır. Bu üzdən bunlarda mətnlərə aid orijinal və fərqli izahlar axtarmaq boşunadır. Bunlar arasında dəhşətverici yanlışlarla dolu olanlar da vardır". ("Dədə Qorqud Oğuznamələri Üzərinə Notlar", Yapı Kredi Yayınları, İstanbul 2001)
Səmih Tezcanın əsərindən alınan ümumi təəssürat belədir ki, ümumiyyətlə, Azərbaycan qorqudşünaslığı dünya çapında o qədər də böyük ciddiyyət daşımır, bizimkilərin buradakı böyük hay-küyünə baxmayaraq dünya türkoloqlarının nəzərində Azərbaycan qorqudşünaslığı epizodik xarakter daşımaqdadır.

MUƏLLİMİ-DANALAR

Azər Turanın "Ədəbiyyat Qəzəti"ndəki (12 noyabr 2004) "Çilənin çiləsi" yazısı üzərinə qeydlərimi Tofiq Abdin haqqındakı bir lətifə ilə başlamaq istəyirəm. Alatoran.orq forumunda bir iştirakçımız Tofiq Abdinin "Çilə" haqqında yazdığı tənqidi məqaləyə münasibət bildirərkən yazmış: "Tofiq Abdin o qədər "və" bağlayıcısı işlədir ki, az qalıram yazam - Tofiq və Abdin..." Lakin Azər Turan belə deyil, "və" bağlayıcısını az miqdarda, xörəkdə duz kimi işlədir, ancaq bir şakəri var, bütün yazılarında Türkiyə ədəbiyyatından və tarixindən bol-bol adlar çəkib, onların haqqında heç bir bilgi vermədən təşəxxüs satmağı xoşlayır. Həmin sayda Anarın F.H.Dağlarca haqqındakı məqaləsində olduğu kimi. Məsələn, elə bu məqaləsində Yəhya Kamal Bayatlıdan, Rəcəb Doksatdan, Rəşid Rahməti Aratdan bəhs ədir, onlardan gətirdiyi mülahizələrə sığınaraq yazır: "Bu məqamda Nəcib Fazilin səs ahəngi, harmoniya və ritm məsələlərini izləyən Rəcəb Doksatın mülahizələrini xatırlamaya bilmirəm. R. Doksat yazır ki: "Nəcib Fazil, türkcənin şairidir. Seçdiyi hər kəlmənin, misranın və ya beytin, ifadə etdiyi mənada bir funksiyası vardır."..."
Rəcəb Doksatın kim olduğunu doğrusu mən bilmirəm, lakin burada sitat gətirilən cümləsini oxuduqdan sonra buna ehtiyac da görmürəm. Müqəddəs Qurani-Kərimi ehkamlaşdıranların onu necə hörmətdən saldığını görmüşdük, indi Rəcəb Doksat və onun Azərbaycandakı davamçılarının timsalında Nəcib Fazili bütləşdirənlərlə tanış olmağa başlayırıq. Nə deməkdir "hər kəlmənin ifadə etdiyi mənada öz funksiyası olmaq" - məgər bu cümləni hər yoldan kəçən bir tənqidçi hər hansı bir şair haqqında söyləyə bilməzmi? Yəni "hər kəlmənin, misranın və ya bəytin ifadə etdiyi mənada bir funksiyası" olmaya bilərmi?
Oxucuların gözünə üfürülən bu damdabaca cümlə nədir axı? İstərsəniz söyləyim. Söhbət funksionallıqdan gedirsə, bəli, "Çilə"nin Azərbaycan türkcəsinə uyğunlaşdırılması hadisəsi funksional sayıla bilər, bu heç olmasa bir türk şairini praktik olaraq Azərbaycan dilinə, xalqına və ədəbiyyatına qazandırmaq deməkdir, bu nöqteyi-nəzərdən, öz xidmətimi şişirtmək üçün demirəm, misilsiz ədəbiyyat hadisəsidir, Azərbaycan-Türkiyə ədəbi əlaqələri açısından özünə görə bir məna daşıyır. Lakin, burada oturub Türkiyə ədəbiyyatının kölgələri ilə oynamaq, adlar çəkərək müəllimi-danalıq etmək, uzaq başı bir məqalə və beş-üç şer dərc etmək, bax bu əsla funksional deyil, praktik əhəmiyətdən məhrumdur, həmin müəlliflərin Türkiyə ədəbi əlaqələrini öz inhisarlarında tutmaq istəyinin məhsuludur.
Azər Turanın məqaləsinin ilk cümləsi (!) belə başlanır: "Yəhya Kamal Bayatlını bilənlər onu da bilməmiş deyil ki..." Xalis demaqogiyadır. Axı hardan biləcəyik, kim gətirdi Yəhya Kamalı Azərbaycana, əsərləri hansı kitab mağazasında satılır, harada, saat nəçədə?... İstər-istəməz adamın dili dolaşır... Fəqət, xəta oldu dəyəsən, son 40 ildə ilk dəfə (ən son 1961-ci ildə Nazim Hikmətin şər kitabı Bakıda dərc olunub) bir türk şairinin şer kitabı Azərbaycan türkcəsinə uyğunlaşdırılaraq dərc edildi, bu kimlərinsə kürkünə birə saldı. Birisinin bostanınamı girdik nədir, daşlanmağa başladıq. Azər Turan yazır: "Rasimin təqdim ətdiyi "Çilə"də uğurlu məqamlar yox dəyil..." Yəni, ümumiyyətlə uğursuzdur, bir-iki məqamı çıxmaq şərtilə, dəmək istəyir. "Nəcib Fazillə Rasim Qaracanın arasındakı lətif sədlərin sınırları (?) dönə-dönə aşılıb və pozulub" və "...N.Fazilin dil memarlığı özünü R.Qaracanın poetik həmlələrindən qoruya bilməyib." Sən dəmə "köy" kəlməsini "kənd" etmək olmazmış, "parya" kəlməsini də qorumaq lazım imiş və s. Məncə, bu bir yalançı türk dili təəssübkəşliyidir, "Çilə"nin Azərbaycan türkcəsinə uyğunlaşdırılaraq dərc olunmasını həzm ədə bilməyən dostlarımız bənzəri bəhanələrə baş vururlar. Zatən Azər Turan bu məqaləsini, istəsəydi belə, başqa cürə yaza bilməzdi,- onun, işlədiyi qəzetdə bağımsız olmadığnı başa düşmək olar - çünki, Azərin və onunla eyni yazıçı təşkilatını paylaşan digərlərinin Yazarlar Ocağının fəaliyyətinə qarşı yalnız tənqid ətmək yolu açıqdır.
Xülasəyi-kəlam.

“ƏTİRŞAH MASAN”

Belə bir deyim var ; hər şerin iki şairi vardır: şair və oxucu. Görünür, hər hansı bir ədəbi əsər özünün gözəllik ifadəsini oxucunun qəlbində oyandırdığı heyranlıq və rəğbət hissi ilə qazanır. Ədəbiyyat sənətinin yarandığı qədim çağlardan başlayaraq yazıçı və oxucu arasında bağlanmış bu yazılmamış sözləşmə, əvvəlkindən daha mükəmməl yeni yaranan əsərlə hər dəfə təzələnir və cilalanır, bu mənada söz sənəti sürəkli inkişaf prosesindədir.
Nə üçün Əkrəm Əylislinin "Ətirşah Masan" adlı romanı haqqında danışmağa şairlərə və şerə bağlı bu ön sözlə başladım. Şübhəsiz ona görə ki, Azərbaycan nəsrində tamamilə yeni mərhələ sayıla biləcək bu əsər özünün bütün realitəsi, romantikası və neqativist əyilimləriylə başdan ayağa şeriyyətlə doludur, təkrarsız bir poeziya nümunəsidir. Ucqar bir kənddə ətirşah çiçəkləri yetişdirib türkəçarəlik edən Masan adlı qadının sınıq taleyi və ətrafında cərəyan edən hadisələr, bəlkə yazıçının güdmədiyi simvolik paralellərə yol açaraq, bir-bir əzalarını itirən Ana Vətənin ümumiləşdirilmiş obrazını meydana gətirir, artıq canını tapşırmış Masanın bağçasındakı ətirşah çiçəkləri ilə bu məmləkətin özü kimi həşəm olur.
Əsərdə, məni bu qeydləri yazmağa vadar edən bir cümlə (ki hər hansı bir ədəbi əsərdə belə bir cümlə olmalıdır, olmazsa o əsərin yaşamaq pasportu olmayacaq inancındayam) romanı şersəlləşdirən, oxucu ilə yazıçı arasında ildırım çaxışı bir naxış işləyən, insana hər şerin iki şairi vardır dedirdən həmin o bir cümlə, 90 yaşlı Masan qarının ölümün ağzındaykən qardaşı oğluna söylədiyi "Məni al qucağına, mən kişi qucağında ölmək istəyirəm" cümləsidir, buna şübhə etmirəm, bəlkə yazıçıya bu hekayəni qələmə aldıran da.
"Ətirşah Masan" romanını oxuyub bir daha nəsrimizin, ədəbiyyatımızın qələbəsinə Əkrəm Əylisli kimi bir yazıçımızın varlığına sevindim. Hər kəsin bu əsəri oxumasını tövsiyyə edirəm.

Rasim Qaraca