Alatoran_header  
Əsərlər > Murad Köhnəqala > Hər şey

Sürətnən qocalır hər şey
divarın dibində qəlyan çəkən
bayatı haqqı!
And olsun tramvayın məftilinə
and olsun muftasına
and olsun şiələrin mollasına
sünnilərin müftisinə
köhnəlir hər şey
yeyilir
geyilir
dəyişir hər şey
deşilir hər şey
keçən əsrin poçt qutusunun əziz canıyçün
köhnəlir dəyişir hər şey
and olsun köhnə məktublara
ali məktəblərə
and olsun kəsr əməllərinə
Nyutonun qanunları haqqı
sinif rəhbərimizin canıyçün
köhnəlir hər şey
and olsun kommunist atamın
parlaq əqidəsinə
and olsun pioner qalstukuma
and olsun orta məktəbə
sovxoz üçün yığdığımız üzümlərə
özüm ölüm
İmam Hüseyn haqqı
hər şey elektron sürətilə qocalır
partiyamızın tək başıyçün
Mendeleyev cədvəlinin cəddi haqqı
and olsun Füzulinin şah beytinə
köhnəlir qocalır hər şey…

Nə deyəsi idim, yadımdan çıxdı.