Alatoran_header  
Əsərlər > Murad Köhnəqala > Metro

Eskalatorda enərkən
uşaqların əlindən tutun
uşaqlar da sizin əlinizdən tutsun.
Hara getdiyinizi bilirsinizmi?
Evdən niyə çıxdınız
yadınızdamı?
İşsizlik yağır təbəssümünüzdən
Metro kömür mədəni deyil
siz də şaxtaçı deyilsiniz
Yer altında nə işiniz var?
Eskalatordan enərkən
lampalara əl vurmayın.
Çörəkpulu varmı cibinizdə?
Eskalatordan enərkən
burnunuzun içərsində iməcilik qurmayın
keçən qızlara göz vurmayın
baxmayın qafiyəli də olsa…
Eskalatorda qalxarkən
mitinq keçirməyin könlünüzdə
polislər baxır
Sağında dayanın eskalatorun.
Axşam evə kartof almalısan
Pulun varmı?
Ağır şeylər düşünməyin
kövrəkdi eskalatorun rezin kəməri…