Alatoran_header  
Əsərlər > Murad Köhnəqala > Mən necə ölmüşəm

Birinci versiya:

Heç vaxt özümü asmazdım
sən nə danışırsan
yəqin qabaqca boğub öldürüblər
sonra meyidimi asıblar isti-isti
guya özümü asmışam
kəndirin ilgəyinə baxsana
mən belə kobud iş görmərəm axı…
dəqiq bayaqkı söhbətdi

İkinci versiya:

Ola bilsin yaşayıb ölmüşəm
öz acalımla
yaşamışam, qocalmışam,
yorulmuşam, ölmüşəm,
məndə belə şeylər çox olur
ancaq yenə inanmıram
mən olam
oturam acalımı gözləyəm…
öldürüblər məni çox ustalıqla

Üçüncü versiya:

Yüz faiz
fikirdən ölmüşəm
heç kim tanımasa da
mən özümü yaxşı tanıyıram
yəqin dözəmməmişəm…
deyirəm axı
mən hər mənasız xəstəlikdən ölmərəm
allah öyünü yıxsın
infarktı çıxardanın

Dördüncü versiya:

Öz canım üçün
məni zəhərləyiblər
bilməsəm demərəm vallah
arağıma zəhər qatıblar
kim olacaq
həmişə yeyib-içdiyim adam
yoxsa heç bu yaşda
ölərdimmi mən

Beşinci versiya:

Deməli
iki nəfər olublar
biri çöldə qarovul durub
silahlı tayı isə podyezddə dayanıb
mən binaya girəndə
sol qolunu arxadan
boğazıma dolayıb
sağ əlində tapança
düz ağzımın içinə atıb gülləni
doğrusu
çox hətərən-pətərən
danışırdım son vaxtlar

Nə başınızı ağrıdım
mənim bu ölüm də
çox müəmmalı oldu…