Alatoran_header  
Əsərlər > Murad Köhnəqala > Arzuma bax sevgilim

Öz səfilliyim haqqında
bəlkə də əfəlliyim haqqında
alman səfirliyinə bəyan edirəm:
mən bir Azərbaycan şairiyəm
çox şerlər yazmışam
Vətənimin zənginliyindən
və cəngəllik qanunlarının ənginliyində bezib azmışam
icazə versəydiniz lütfən
kiçik şəhərlərinizin birində
süpürgəçi işləyərdim gənc ehtirasla
əynimdə al yaşıl yolçu forması
üstündə emblem – alman firması…
alman səhərinin şəfəqlərində
tutardım əlimdə
süpürgəmi, maşamı,
layiqli maaşımı…
icazə verin lütfən
burda ucuz axan şair ömrümü
orda başa vurum şərəf içində…
nə olar lütfən…