Alatoran_header  
Əsərlər > Murad Köhnəqala > Telefon

Bəs nədi?…
Mən sənin sevginə həmişə iddialıyam.
Bəli, bəli… Hüquqi bir şəxs kimi, aha…
bilirəm ki sən də həmişə məni öz sevginin ətrafında…
bəli, bəli… sıx birləşməyə çağırırsan.
Yox vallah içib eləməmişəm.
Bəs nədi?…
Mübtədaynan xəbərin yerini dəyişsən qəm dəyişməz.
Hə o gün səni metroya yola salanda…
sən hardan bildin?…
daşınan əmlakının arxasınca xeyli baxdım.
Bəli, xalq məni dəstəkləyir,
həmişə də dəstəkləyib.
Yox əşi…
Hə…siyasət sevgidən də murdardı…
Hə, hə, nə olar, qoy orlsun!…
Sən sevgidə əldə etdiyin nailiyyətlərlə yanaşı
bəzi neqativ hallara da yol vermisən.
Onu da qeyd edim ki,
sevənlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində
görülən məqsədyönlü tədbirlər öz bəhrəsini verir.
Bəli, bütün səhmdar cəmiyyətlər…
Əlbəttə…surəti Milli Məclisə,
surəti Respublika Prokurorluğuna!
Bəs nədi?…
Aha… xalqın mənəvi rifahını,
aha… qaldırmaq üçün…
aha…bütün aqrotexniki qaydalardan
istifadə etmək lazımdır.
Çox sağ ol,
çox sağ ol,
mən də səni,
mən də səni!…
Sevginə,
sədaqətinə,
etibarına
tula bağlayım!…