Alatoran_header  
Əsərlər > Nərmin Kamal > Stakattolar

***

Uşaqlar Ramstor mağazasında
pul satıldığına inanırlar
Oranın sahibi Alparslan bəy gülür buna
Öz-özlərinə nə isə danışırlar
eşidilmir
Böyüyəndə quyruqları çıxacağına
hamının quyruğu olduğuna
və onu əlbisə altında gizlətdiyinə əmin edəndə
ağlayırlar
gözlərini sabunlamadan yuyanların
saçlarını yolmadan darayanların
boynundan sallanmağa hazırdırlar
Balaca ürəklərində süni nəzakətlərimizin
yanaq çimdikləmələrimizin
ancaq yanlarına vurmaq haqda məsləhətlərimizin
və digər axmaq hərəkətlərimizin
xatirəsini saxlayırlar

***

Deyirlər, narkotik belə itirib
əvvəlki keyfiyyəti
Bir doz heroindən bir üfürümə aldığın həzzi
indi üç dozdan
ala bilmirsən
Qatqılı heroin bir yana qalsın,
öz əlinlə evin dalında əkdiyin
çətənənin həşişi belə,
xaşxaşın hələ buxara qoyulmamış mayesilə
qarışdırmasan
qaldırmır adamı
göyün yeddinci qatına
əvvəlki kimi
Polislər narahat olmasın
- deyir həz əhli,
daha hazırlamasınlar min əməliyyat
təhlükəsi yoxdur gənclərin

***

İlk siqaretini bölüşən məktəb qaçaqları
ilk öpüşmənin ləzzətini duyan litse qızı
partalardakı söyüşlər
divarlardakı üstəgəlli sevgilər
pəncərə qıraqlarındakı yarımçıq perajkilər
Təhsil Nazirliyinə tabe deyillər

***

Xahiş edirəm, inciməyin
cənab Ağayev,
əlinizin altında işləyən qadınlar
daha istəmirlər gizlətmək bəzi günlər
sizə yazdıqları icazə ərizələrində
əsl səbəbi bəhanələrlə
Əmək Məcəlləsindəki
üstüörtülü xəstəlik bəndləri kimi də deyil,
onlar
ap
açıq yazmaq istəyirlər gözəlliklərini

***

Axşam külək qalxdı
adlarımızı
mənasız əhvalatlarımızı
allahdan arzularımızı
yazdığımız çərpələngi apardı
Pərdələri və ətəklərimizi qaldırdı
Hamı dedi:
bir bax, bax:
yay da qurtardı

***

Bəzi şeylərin
vaxtı gəldi artıq
türmələrdəki insanları
qəfəslərdəki heyvanları
açıb buraxmağın
barmaqlarının ucuyla
pəncərələrin nəminə yazdığın adı silməməyin
ya da açıb ağartmağın
zamanı gəldi artıq

***

Mənim fantazim Allahınkından
daha güclü olardı
Kəndləri daha gözəl
Şəhərləri daha pakizə yaradardım
Dənizləri daha əngin
Gözləri rəngbərəng
Qızları daha xəfif
Kişiləri böyük
Yetimləri daha boynubükük
Amerikanı daha əlçatmaz
Uşaqları daha yaramaz
Qəhvəli südü daha ləzzətli
İnsanlara qızıldan daha gözəl
əşyalar düzəltməyi öyrədərdim
tez-tez açarlarını oğurlayıb zarafat edərdim
Allahdan xeyirxah olardım
tez-tez möcüzə qismət edərdim insanlara
köpəklərin qabağına
tez-tez sümük çıxarardım

***

Novxanı qəbirstanlığında
evcik-evcik oynayır uşaqlar
Hər qəbrin üstü birinin evidi
Lotu Bəxtiyarın qəbri
ən gözəl malikanədir onlar üçün
Ətraf qəbirlərin üstündəki əşyaları
və gülləri
daşıyırlar "ev"lərinə
Silirlər güzgü dedikləri başdaşlarını
Qonaq gedirlər bir-birinin "ev"inə
Mən qoyunlarımla keçəndə gördüm onları
qoyunlarıma da təəccüblü gəldi
çəmən olmayan yerdə dayanmaq
Qəbirlərin içindəki keçmiş insanlar
gülürdülər yəqin buna
Özlərini güclə saxlayırdılar
qalxmaqdan
qucaqlayıb oxşamaqdan "ev sahibləri"ni

***

Elan verəcəyəm qəzetlərə
sevgilimi görənlərin nəzərinə
onu mənə qaytaranlara canımı verəcəyəm:
Kimə müsbət ikinci qrup qan lazımdı?
Aranızda serroz olanı varmı?
Utanmayın bu əyyaşlıq xəstəliyi deyil təkcə
Atatürkü də serroz öldürüb
Sevgilimi bir kərə görmək üçün
qaraciyərimi bağışlamağa hazıram
daha içməyəsiz təzə ciyərinizlə
Ağciyər mədə dalaq
nəyə ehtiyacınız var
alın götürün
paylayıram
Əl ayaq dil
dilimin bir işin deyim:
transplantasyondan sonra
duzu sevməyəcəksiniz
Dəriniz qocalıb?
götürün mənimkini
göz bəbəklərimi
ətimi səsimi nəfəsimi
təki kəsin dərdimi

***
Sevgiliniz atanda sizi
ürəyiniz bulananda kədərdən
təhqir olunanda gözünüzün içinə kimi
canınıza üşütmə salanda
qarşıda böyük illəri tək yaşamaq
Buna dayanmaq istəyirsizsə bir az asan
çarəni uzaqda axtarmadan
yubanmadan
dəyişin ayaqqabınızı
Sağ ayaqqabını sol ayağa geyinin
Sol ayaqqabını sağ ayağa
Yol gedin durmadan
Elə narahatlıq verəcək ki ayağınıza
Kirəclənmə gələcək ki
tərlikdən damarlarınıza
Hər dərdə dözmək
nə qədər asandı bunun yanında

***

Gəl gedək
Qoy gələn dəfəyə qalsın
QAZ-31-412 nömrəli maşının
vurub öldürdüyü adamdan
bu gizlədilmiş cinayətdən danışmaq
Qəza törədənin
dünənki zibillərin dəhlizdə qalıb
iy verdiyi Xaqani 25 ünvana
sığındığını demək borc olsun
Dəniz ilbizi ovlanan sahillərə gedək
Qəsəbə darvazaları bağlanmamış
çataq içəri girək
Bir nohura əyilib yuyaq əl-üzümüzü
Palçıqlı sularda çap-çap edib
corablarımızı sevincimizə qurban vermək istəsək də
dözək
Oyatmayaq qəsəbə işıqlarını
Susaq və yeni həyata başlayaq