Alatoran_header  
Əsərlər > Nərmin Kamal > Üç qadın

Bulvar kafelərinin arabes tüstüsündə
üç qadın
üç küçə qadını
İçdilər
Hər şeyin sağlığına içdilər
Yanlarına gələn kişilərin arvadlarının sağlığına
Dırnaqlarındakı boyanın sağlığına
Yağışın qarın sağlığına
Bizimki belə gətirdi
Amma acılara öyrəşilməz
Şeylər var dəyişməli
Üç-beş il sonra həyatlarında əlbət dönüş baş verəcək
Amma üç-beş il dediyin şey
asan keçməyəcək
Onlar LƏKƏlidirlər
amma dünyada
varmı çirklənməmiş bir bulud
Unut bura qədər oxuduğunu, unut
Sonuncu martinini Ahmet Tellinin sağlığına açdılar
göz qələmi və dodaq boyasıyla
bir parça kağıza
qalın-qalın köçürdükləri
şerini oxudular
"dünyanın dışına atılmış bir adımdın sən
ömrümüzsə karşılıksız sorulardı, hepsi bu"
Ay sərbəsti şer saymayan, quqquluqu,
sənin ananı, bacını, nəslini, soyunu
Gizlət, heç olmasa,
demə bu çatışmazlığını
Qadınlar tüpürdülər
söydülər qoşmabazların zatını
Nə gündəmdəydi orda
həyatmı içkimi ədəbiyyatmı?