Alatoran_header  
Əsərlər > Nərmin Kamal > Allahı bağışlama

Bir gün
Allah bizdən üzr istəyəcək
Bir gün
həyatın gətirdiyi oyunlar,
hər gün yeni düyünü açmaq çabası
keçidlər
yeni sevgilər
üsyanlar
göz yaşları
çörək savaşları
batmayıb ayaqda qalmaq,
yaşamaq və yaşatmaq qovğası
intiqam almaq ehtirası
ala bilməməyin yası
artıq dözülməz olanda
tək və gücsüz uzananda qəsəbə səkilərində
Allah üzr istəyəcək bizdən
Bağışla
- deyəcək, qızım
bağışla ki,
sənə yaxşı tale vermədim
təəssüflər içində keçir ömrün
bağışla, mənim balam
- deyib hönkürəcək
Mən onu başa düşəcəyəm,
qolumu qaldırıb sarılacağam boynuna
üç dəfə yüngülcə
kürəyinə vuracağam əlimlə
eybi yox, deyəcəyəm,
Eybi yoxdur
Əlini saçlarımın arasına salıb dolacaq,
bunu belə sarışın etmədim,
bunu belə qıymadım sənə - deyəcək,
Yaxşı, belə də sevənlər oldu məni
qara saç da pis deyil - deyəcəyəm
- Peşman olmuşam,
sevdiyin pişik balalarını belə yaşatmadım
üçünü bir gecədə öldürdüm,
- Bəsdir, deyəcəyəm, üzmə özünü
başqalarının da pişikləri ölür,
hətta uşaqları ölür
Allahın boğazı qəhərlə dolacaq
daha möhkəm hönkürməyə başlayacaq
acizəm, bağışla
- təkrar-təkrar bunu hıçqıracaq
mən də ona qoşulacağam
- yaraşmaz sənə kiçilmək
bəsdir, onu sakitləşdirməyə çalışacağam,
bundan daha pis həyatlar var
narahat olma, yaxşıdır hər şey - deyib
gözlərini siləcəyəm
Allahı əfv edəcəyəm