Alatoran_header  
Əsərlər > Nərmin Kamal > Həyatdan yaxşı

Biz - cənnətə düşmək üçün ölümü gözləməyə səbri yetməyən beş nəfər
1 qram təmiz kakainin işığına yığıldıq masanın başına
onu necə tapdığımızı sormayın, sormayın necə
üçümüz ilk dəfə dadacaqdıq narkotiklərin şahını
bəyaz kristal şəfəqli almaz tozu
yüngül yüpyüngül teksturalı zərli
özü kimi incədir - dedilər həzzi, gərək onu duymağa özün çalışasan…
çıxarıb şprisin porşenini bir neçə zərrə atdıq içinə
bir neçə milliqram qaynamış su üzərinə
həmən, həmən çəkdik damarımıza
nə deyim, necə deyim sizə…
hardasa, nə vaxtsa oxumuşdum bu təsviri:
ani ölümdür kakain, eynən belə
əllərim, ayaqlarım soyudu itdi beynimin davamiyyət duyğusu
öldüm, rəsmən öldüm
duud duud duuuuuuuuuuu…

fəqət bir neçə andan sonra qəfil təkanla işləməyə başladı ürəyim
silkələndi və isinməyə başladı bədənim
deyəsən kainat da beləcə ilk təkana uğramışdı yarananda
belə bir ilk təkanı ona Allahmı vurmuşdu
bəs mənə kim vurdu da varlıq yoxluq buxovundan azad oldu…
qan dövranı yenidən başladı hərəkətə
yenidən start götürmək necə gözəl duyğuydu
uçmağa başladım ağ-mavi səma boyunca
qarşıda enli işıq zolaqları heç bir rəssamın tanımadığı rənglər
işıqlı rənglər… mən onlara doğru uzandıqca
səni düşündüm, sevgilim, bütün insanları düşündüm
düşündüm ki, siz
nə qədər mənasız və miskin görünürsünüz
mən çatdığım ucalıqdan
bəqa, fəna, nirvana
qarışdı üçü bir-birinə
varmış bişüurun elə halları ki, orda sevmək özü də səni sevmək
son dərəcə sönük və mönük görünür
önümdə bir topa nur, neytral zərrin nabat dağları görünür…

Mən susurdum, əzizim, başqa cür edə də bilməzdim
fövqəlhəzzin hakimiyyəti altında
hərçənd necəsə danışırdı yanımdakı qadın
sarı başqa cür sarı yaşıl bambaşqa yaşıl görünərkən gözümə
deyirdi ki, bir dəfə yaxalayanda onu
nə qədər "özüm üçündür, satanı deyiləm" bağırsa da
inanmayıblar
"onda" - soruşublar, "bir olsun, iki olsun,
on kilo heroin nə gəzir səndə?"
"qışa ehtiyat yığmışdım" - deyib qadın
qarın atıb gülüb polislər:
"başqa qadınlar qışa mürəbbə, badımcan ehtiyatı yığır,
sən heroin ehtiyatı?!"
- Siz hardan biləsiz e həyatı…

Götür yoqurtunu qaşığını və taburetini gəl arxamca, balaca,
sənə çox həqiqətlər öyrədəcəyəm
sədaqət dostluq qardaşlıq - harda görsən bu sözləri
hansı küçədə prospektdə
tut, at qarşokunun içinə, üstünə əə et, balaca,
həyatın mənasını nədə gördüyünü soruşsalar səndən
qorxma, "kakaində" denən, dayanmışam arxanda
qulağında sırğa et bu dünya mənafe və təmənnaların görüş yeridir
sən sən olduğunçün deyil
ailəni möhkəmlətməyə vasitə olduğunçün lazım olmusan atanla anana…
ancaq tək qalma həyatda
küçədə bir tay üzüüstə şap-şapın sehrinə dalanlar
bir çaya iki girmənin mümkünsüzlüyünə inanmayanlar
çay deyərkən ağlına "İskra" küçəsinin ortasından
əbədi axan sabunlu su cığırı gələnlər
bu cığıra böyük mənalar yükləyənlər
ücrətsiz quş hamamı tikdirmək istəyənlər
hər gecə başını
qurudulmuş xrzantem ləçəklərinin yastığına qoyanlarla otur-dur.
Geridə - çıxılmazlarda buraxdığı insanların sonrakı taleyi haqda düşünmədən
dəri gödəkçəsinə bürünüb həyata doğru addımlayan
aradabir cibindən alma çıxarıb dişləyən
və gülümsünən adamlar təəccübləndirməsin səni
ancaq onları soyub kakainə dəyişməyin halal buyrulduğunu bil
"Kamasutra"nın səmavi kitab olduğuna inanan qadınlara
gözünün ucuyla da baxma
kim desə, inanma kakainin xortdan olduğuna
get evə, anan gözləyir, gələn dərsimiz bir az uzun olacaq
nədi, sualın var? Soruşursan ki, bəs sonu müsibət bəla ağrı-acı olur kakainin?
Eh balaca, onsuz da başdan ayağa iztirabdır həyat
belədə heç olmasa ayağı iztirab olur…
İndisə unut şəxsi dərdlərini, futuroloji nəzəriyyələrə dal
günlərlə güzgüyə baxmamaq kimi vərdiş qazan
vecinə olmasın başqalarının gözünə necə göründüyün
sadəcə mikrorayon balkonlarından sallanan
ortası dairəvi açıq iri bəyaz mələfələrin içində
uzanıb yellən…

Bir azdan - hiss edəndə ki öləziyir təsiri kakainin
mən onu saxlamaq istədim, bacarmadım. Ancaq nə qəm?!
Ka-ka-kakain-kakainka-maya
Sənin cazibən elə ondadı ki tezliklə qara boşluğa -
həyata yuvarlatmırsan adamı, tullamırsan
elə bir həyat eşqi verirsən ki bir saatlıq da olsa
sən yüzillər boyu aranan həmin fəlsəfə daşımısan, həyat iksirimisən yoxsa!
Qəflətən cəhənnəmə atdılar məni
həyat zil qara boşluq kimi gəlirmiş adama
qüvvəsi keçəndə kakainin: kollabs!
Gördüm ki, mən harda qalmışdımsa
orasındayam həyatın
yaşamaq lazımdır təkbaşına addım-addım
yenə dönmək istədim işıqların yanına dəlicə dönmək…
onda anladım ki insan niyə asi olur bir neçə zərrə tozdan

Amma daha yoxdur kakain nə masanın üstündə, nə masanın altında
onda sən üç kub heroinə üz tutursan
kakain olmayan yerdə
cəhənnəm, həyatdansa yenə bu yaxşıdır! - deyə…