Alatoran_header  
Əsərlər > Nərmin Kamal > Qəzetçi

O yatmaq istərdi səhərləri doyunca
Canından illərin yorğunluğu çıxınca
amma yatmayacaq
Saaat 8.30-da
evi sökülənlərin
heç kimə yetməyən şikayəti
və dərdi gözləyir onu
Məmurların əvəzinə
tuturlar qəzetçinin qolunu
Niyə belə edirsiz deyirlər
Niyə belə edir dövlətiniz?
Saat 12 qəhvəsini buraxdı
toplantıya tələsdi qəzetçi
Yeni tanışlıqlar yeni dərdlər
Əcəba Vartan Oskanyan bunu nədən demiş ola bilər?
O günorta yeməyini
yolda da yeyə bilər
saat 14-də
Bakıya gələn erməniləri qarşılamaq gərək
Sormaq gərək onlardan ki
nəyə gülürsünüz
Saat 16-da
QAT-ın edəcəyi etirazın xeyri varmı?
səndə artıq qələm varmı?
Həftəyə bir dəftərçə
Günə bir qələm
yeni xəbərlərə tükədir həyatını
Bir gün əvvəlki xəbər
bu gün lazım deyil kimsəyə
Bir il əvvəlki gündəmlərə görə aldığı təşəkkürlər
bu gün onu deyənin belə yadına düşməz
Sənin yazdığın bir Bakı-Ceyhan xəbəridir
əsər deyil ki, qəzetçi
Amma bunu düşünmə, qəzetçi
Belə fikirlər işinə çox təhlükəli
Bənzəri sabun köpüyüdür işinin
Üfüq qədər yorucu həyatının
dəyəri aylıq maaş qədərdirmi
Terror yazısını yuxarı at
Cəsarətin ən yüksək həddində
həyatını təhlükəyə atıb çəkdiyin fotoların
ömrü bir gün olacaq
küçə tualetlərinə tullanacaq
tapdanmağa bulanmağa
Sən bunları düşünmə
düşünmə heç vaxt, qəzetçi
Başını qarışdır dolların qalxan qiymətinə
Xəzərin bölünən dibinə
və bölünməyən səthinə
İşıqların tez-tez sönməsinə
Qələmin yalan yazmadı
vicdanın təmiz təqdim etdi doğrunu
insanlara deyə
qürur duy
Hər şey ola bilər
İncitdiyin şairin ölüm xəbəri gələ bilər
Bir millət vəkili
sözünü təhrif etdin deyə
hədələyə bilər
Qorxma, qəzetçi
Özünə gəlmək üçün
Bir ay dincəlməyə belə qalxma
İşin zəncirdir
itirərsən olayların əvvəlini
Dönəndə Əmlak Komitəsi deyərsən
Gülərlər sənə
Bu bir həftədir nazirlik oldu deyərlər
Ermənistan yenə pozdu atəşkəsi
Bu neçənci xəbərdir
Bu neçənci yenədir
Müxalifətin daş basqısı necə son qoydu hər şeyə
Necə oldu ki
sənə dediyi sözü
dandı Dürüstlük Partiyasının sədri
Yazını çapa gedən qəzetdən çıxarmağa
necə nail oldu vəkil
Necə oğurlatdı
çəkdiyin fotoları hərif
Cavab tapmağa çalışdığın suallara
verdiyin yorumlar
sadəlövhdür, qəzetçi
Yalnız evə dönəndə
qaldırıb göz qapaqlarını
hava rənginin
uğradığı dəyişikliyi gördü qəzetçi
ürək dolusu nəfəs aldı
Nəfəsin tam ortasında
drrrut drrut
Alo
səhər 7-də ədliyyəçilər türmələri gəzdirəcək sizi
Qəzetçi mətbəxə girdi
axşam yeməyi başladı
Onu şam süfrəsinə dəvət etmiş
rəisi xatırladı
Qələmi satılar deyə
imtina etdiyi şam yeməyi

Xəbərin var, deyir ailəsi
Camaatı çıxarmaq istəyirlər evindən?
Var deyir qəzetçi,
xəbərim var
Xəbərin var
Ermənistan yenə pozub atəşkəsi?
Var deyir,
üç yaralımızdan xəbərim var deyir qəzetçi
Ömür gedir, qəzetçi
Xəbərlərə qarışıb gedir
Nə olacaq bunun sonu
Dərd eləmə
Xəbərin bol olsun, qəzetçi