Alatoran_header  
Əsərlər > Nərmin Kamal > Stakattolar

Sən demə
iki kilo xaş-xaş qabığına
bir şüşə amyak turşusu qatıb
on dəqiqə qarışdırıb
on dəqiqə qazda saxlayıb
onu təmiz andagen turşusuyla ovxalayıb
qızdırıb soyudub
qızdırıb soyudub
ev şəraitindəcə cəmi bir saata
morfi almaq olarmış…

bizsə səhər oyananda ağrıların səsinə
pul tapmaq
mal tapmaq
damar tapmaq kimi əbədi burulğanın
düşəndə cənginə
nə əzablar çəkirdik, nə əzablar…
onu tapmaq üçün, onu dadmaq üçün…

**

Ramazan ayının sonuncu günü…
yalnız bu gün Allaha
qaydasınca ibadət etmək kimi
qəfil və şiddətli istək sarır məni
fəqət hanı
Vaşinqtonda məscid arayışlarının
faydasız sonu
Allahcığım, Allahcığazım,
bir möhür və bir örtük üçün
dəli kimi ələk-vələk etdim Shopping Streeti
Bakıda hər tinbaşı məscidə rastlayanda
görəsən niyə istəmirdim bunu
heç dönəndən sonra da istəməyəcəyəm…

**

İran kadeini çəkir canlarına Amerika cayılları
ampulların üstündə farsca yazılar
təmiz kadeinə işarədir
Ettelaat şəkilli plakatlar yapışdırır Amerika küçələrinə
"hansı daha çirkindir:
Buş, yoxsa Makaka?"
bir iranlı tələbə azan səsi ucaldır kəmərindəki pleyerdən
elə bu vaxt bir radio prodüsseri
onu mahnıların top-onluğuna salmaq fikrinə düşür
Amerikanın məktəbli qızları
Səddamın oğlanları Udayla Kusaya aşiq olur
qulağımızın dibindən hər an qısa və uzun dalğalar ötüşür
İranda ən ucuz narkotik tiryəkdi
Bakıda olduğu kimi
yenə qiyməti düşür
yadıma keçən Yeni İl bayramı
saytlardan birində gördüyüm elan düşür:
"Sən məni tanımırsan.
Mən də səni tanımıram, nə olsun ki
bayramını təbrik edirəm!"
Amerika küçələrində sarı,
Azərbaycanda qara pişiklər gəzişir…

**

Bu səhər Vaşinqton ştatı, Sietl şəhəri, Qreysi parkının
ilk müsafiri mənəm
yaşıl qolf meydançası, bol hava
hündür ağaclar, sarı güllər
ürək daha nə istər…
gəzib-gəzib darıxıram
xuliqanlıq etmək fikrinə düşürəm
cibimdən bir şüşə
on faizli yod çıxarıb
süni göllərdən birinə əndərirəm
əlbəttə, içində balıq olmadığına
əmin olandan sonra
yod mərəkə qoparır suda
adəta rəqs edir
burulub açılır
sonra çökür dibə, birdən
qapqara qaralır hovuz
Qreysi parkının bağbanı
sarışın qırmızıburun Kruz
"Miss, cərimə ödəyəcəksiz" - çığırmazdan qabaq
niyə belə etdiyimi soruşur
zavalı necə də qorxur!
O bilmir ki
mənim kimi Şərq qızları üçün
bir ayrı ləzzəti var! burda
bu ölkədə qanunları pozmağın
Amerika polisinə izahat verməyin
cərimə ödəməyin…

**

Demirəm əşyaların,
ölmüş insanların falına baxdırmaq
gəlibmi ağlınıza heç?
görəsən onları nə gözləyir
işgüzar, sevgi və sair gündəmləri
nədir nədən ibarətdir…
Keçən gün falçıya vardım
on beş il öncə ölmüş əqrəbalarımçün fal açdırdım
əvvəl bu qəribə sifarişə kiprik çaldı
sonra işə başladı, dedi ki falçı
yaxınlarda yaxşı pul gələcək əllərinə
amma onu tez itirib məyus olacaqlar
böyük mərasimə hazırlaşırlar
nə mərasim olduğu bəlli deyil
sevirlər, sevilirlər,
ağlayırlar, gülürlər
gündəlik işlərlə var-gəl edirlər…

Əslində mən falın
boşluğu necə göstərəcəyini maraq etmişdim
boşluq çıxmayınca da nədənsə
faş oldu falın yalanlığı - deyil
o mərasimin nə ola biləcəyini düşündüm