Alatoran_header  
Əsərlər > Nərmin Kamal > Safari/1

Oyandım
ən tez durduğum səhərlərdən
daha tez
Tabaşir tapanda sevindim
adını yazdım
bütün dayanacaqlara
nədənsə öz xəttimlə deyil
cızaraq
Məndən səni sorsalar
öncə silaha atdım əlimi
qorxdum hər an
bir qəzada öləcəyindən
Getdikcə
bir-birinə bənzəyir
pişiklər
və sənə
amma heç yanılmıram
Külək əssə
burnu yemiş qoxuyan
qulağına
quşlar qonan,
mən sənin gözünün dibinə düşdüm
Öləndə də atmaram
dəfn etmərəm səni
bir kitab arasına qoyub
saxlaram
gül kimi
qurudaram
onda da doymaram
doymaq
vacib də deyil