Alatoran_header  
Əsərlər > Nərmin Kamal > Safari/2

Təyyarələrin dalınca düşürəm
sayğısız, salamsız qaçıram yolları
dizlərim qanayır
soruram ağzıma
əncir və tut dadır
Ağzımdan saqqızı dartıb uzadıram
qaytarıb qoyuram yerinə
yenə yüyürürəm
hah hah
Ürək ağzımdan çıxır
Tərləyirəm tər axır
Tərimlə sulanır Yer üzü
Canımda yanğın başlayır
Şerlər də canımı sıxır artıq
Uşaqlar doğulanda
üzümdən zəhər yağır
insanlar artdıqca
səni tapmaq ağırlaşır
Yenə yüyürürəm
Üfüqü son gördüyümü unutmuşam
zatən sən gərəksən
üfüqü neynirəm
Pasportun itsə
tapıb gətirərdim
bunu
bəhanə edərdim
Nə vaxtdı
təyyarə keçmir burdan
yumşaq ağırlığı düşmür üstümə
pasportun da itmir