|
|
Azərbaycanda ev tikmək ömürbillah cinayət sayılıb. Mirhaşım ağa da sanki göydən zənbillə bizim kəndə enəndə, belə bir "cinayət"in özülünü
qoydu. Yollarımıza "lülka"lı motosikllər doluşmadı bə. Onların hələlik hasarsız-çılpaq həyətlərində milislər sayca bəlkə eşşəkarılarını
vurub keçmişdilər də. Podpolkovnik gedirdi, polkovnik gəlirdi. Həsənov itirdi, Hüseynov bitirdi. Bu növraq on günəcən çəkdi. Axırda möcüzə
baş verdi. Birdən-birə hamı Mirhaşım ağayla qardaşlaşdı. Onu hətta "xozeyin" deyə çağırmağa başladılar. Bay, arvadlar kimi də ağız-ağıza
öpüşüb həyətdən çıxdılar.
Ev - göylərə üz qoydu. Otaqların ən balacası - toyxana boyda. Mən bir az naxoş yatıb ayağa duranda, gözlərimə inanmadım: doqquzda oxuyandım -
ev üç-dörd məncə böyümüşdü. Məktəbimiz bunun yanında xarabaxanaya oxşayırdı. Bəh, artıq ikinci mərtəbədə ustalar bir-birinə səs çatdırmır,
fitlə söhbətləşirdilər. Fıştırıqları hərdən zarafatlaşmağa bənzəyirdi. Bu tindən baxan o tindəkini sərçə boyda görər, günbatandakı sərçə
topası günçıxandan sezilməzdi.
Yox, Mirhaşım ağa əl sürtüb yara sağaldan seyidlərdən deyildi. Amma mollalığa seyidlikdən gəlmişdi. Onsuz seyidlərə islamın qapıları
taybatay açıqdır. Onlarda seyidlik anadangəlmə istedad kimi bir şeydir. Mən də daldan-qabaqdan xeyli süzüb, özlüyümdə onu məscidimizdə
mollalığa layiq bilmişdim. Bədən quruluşu, yar-yaraşığı yerindəydi. Köklük cəhətcə də minbərin ölçülərinə uyğundu. Əstəğfürullah, arada
şeytan qəlbimə girib-çıxır, hərdən onu Şeyx Nəsrullahla tutuşdurmalı olurdum. Bu fikri nə qədər atmaq istəyirdimsə də, heç cür alınmırdı.
Dərsdə "Ölülər"i təzəcə keçmişdik. Şeyx Nəsrullah zehnimdə damar kimi atırdı. Belə çıxır, mən kişiyə şər atırdım. Deməliyəm ki, bu cür
pak insanın Şeyx Nəsrullahla müqayisəsi mənim günahım deyildi. Mirhaşım ağa tədris proqramında Şeyx Nəsrullahın üstünə özü gəlib
çıxmışdı. Bu təsadüf də təsadüfən onun əleyhinə işləyirdi.
"Öz yerini-rayonunu atıb gəlməkdə, bunun nəsə bir fırıldağı var", - qara yola, qara saata poçt həyətində bu sözü qulağım çalanda, dilimi
dişlədim. Onun mömin qiyafəsinə sanki lotuluq təpdilər. Yenə deyirəm, artıq heç nə məndən asılı deyil: Mirhaşım ağadan öz-özünə Şeyx
Nəsrullah çözülməkdəydi. Kişi gözümdən düşməkdə, səviyyəsi enməkdə. Var-dövləti onun lotuluğuna dəlalət edə bilərdi. Qızılını balta
kəsmir, deyirdilər. Başı şimşəklərlə sancaqlanası bu saray dualıq-yasinlik iş deyildi. Ya da gərək insanlar kütləvi yastılanaydı ki, gəliri
sel kimi axaydı. Ayda-ildə bir düşən dılğır yaslarıyla uzağa getmək olmaz. Ola da bilsin, lotu şəhidliyin gur vaxtında özünü tutub. Təntənəli
yaslar ona qan və can verib. Özüm şahidiyəm ki, şəhid yaslarında mollalarda həyat eşqi güclənir.
Hə, mənim fantaziyamdakı "Şeyx Nəsrullah"la camaatın "fırıldaqçı" şübhəsi üst-üstə düşür, bir-birini tamamlayırdı. Forma get-gedə
bitkinləşdi. Kim də həyətinə yaxın durur, onu it kimi qapır - "Qaç burdan!" Bizarafat, kəndimizdə ev tikilmir, "cinayət" baş verirdi. Hərçənd
ordan ətrafa məni sərməst eyləyən təzə taxta ətri də yayılırdı.
Cinayətlə bağlı evlər əzəldən tez tikilib.
Ancaq insafən, Mirhaşım ağa minacatın yaradanı imiş. Növhələri adamı "Kərəmi" kimi yandırırdı. Musiqi sahəsinə getsəydi, deyirdilər,
muğamları tum kimi çırtlayacaqdı. Onu dinləyənlər hər gözünün altına balaca bir fincan tutmalı idi. Aşuralarda hər kişi məscidə
ciblərində fincanlarla gələrdi. Arvadlarsa ağlaşdıqca dəsmallarını ortalıqdakı mis kasaya sıxardılar. Lakin molla Mirhaşımın səsi
get-gedə yapışqana dönür, yapışır-qopmur, adamı bezdirib canını alırdı. Domba qarnına nifrətim şar kimi dombalmaqdaydı. Yersiz gəldi,
yerli qaç - mənə bir də "qaç burdan" desə, ədəb-zad gözləməyəcək, alnının ortasınaca nallayacağam - "Özün qaç burdan!"
Böyük oğlu Mirhəbib bizim sinfə düşmüşdü. Oğul kimi də dərsə-zada gəlməzdi. Nədənsə, müəllimlərə hörmət-izzəti yoxdu. Onunku kövşəndə
qayışdöydü, eşşəkbeli idi. Xam adam da əlinə keçdimi, bir küncə dartıb onunla aşıq atacaq. Böyükləri də bükərdi. "Neynim, alnıma uduzmaq
yazılmayıb", - deyərdi. "Bir mənə də uduzmaq öyrədin", - camaatı hələ bir lağa da qoyardı. Bədən - dəmir, əzələlər - daş; uşaqlara göz
verib-işıq verməzdi. Elə bil məktəbə təkcə uşaq döyməyə gəlirdi. Kim də ondan yumruq yedi - evi yıxıldı. Burnundan qan fışqıracaq, dişləri
qarnına töküləcək. Anasının üstünə yürüyərdilər. Ancaq sən tilsimə bax: anaların gələn-gələni mum kimi yumşalar, ona güldən ağır söz demədən
geri dönərdi. Bə necə olmalıdı - Fatimeyi-Zəhra çöhrəli məsum bir xanımdı. Onu sancanın dili qurumazmı? İpək xasiyyətli. Acı sözü
"can"dı. Heç kəs də bilməz limonlu-darçınlı çay süfrəyə haçaq gəldi. Mürəbbələr - göy qurşağı rəng düzümündə. Onun nanəli-turşməzə
konfetləri kənddə tezcənə dəbə mindi, dükançıların da ən "xodovoy" malına çevrildi.
Bir gün o, "gəncə"si başında, qırçınlı "şatlənkə" donda həyətimizə girdi. Üzü yaşmaqlı idi. Bəlkə də səhv salıb bizə elçi düşmüşdü. Elə hey
dağdan-bağdan danışır, əsas sözünün üstünə gələ bilmirdi. Axır iş açıldı - sən demə, niyyəti indilərdə gələcək "dəli"sini mənimlə
dostlaşdırmaqdı. Kiçiyindən xatircəmdi. Qoy Mirhəbibə təsirim olsun. Eşidib tərbiyəliyəm. Üstəlik, həndəsəni-zadı beş barmağım kimi
bilirəm. Riyaziyyatı-həndəsəni bilənlərə etibarı çoxdu. Əlbəttə, hər ana istər ki, balası böyüyüb adam olsun. Deyən, o, balalarının adam
olmağına çox tələsirdi. Hə, analar söhbətləşənəcən, gec gəlsə də, biz Mirhəbiblə əlüstü dostlaşdıq. Mən ona triqonometrik xətkeş
bağışladım, o mənə - cibində şaqqıldayan aşıqlardan bir cütünü.
***
Bircə ildən sonra lövbərimi Bakıya saldım. Oxumağa getmişdim. Ancaq elə ilk yay tətilindəcə qayıdıb nə görsəm yaxşıdı: Mirhaşım ağa
köçünü bizdən sürüb. Hara gedib - bilinmir. Evi də neyləyib - satıb. Yaxşı, bə görən, satacaqdısa, niyə tikirdi? Ancaq deyir görən olub,
rayonların birində imarətin təzəsini qaldırıb. Molla deyil bu - tikinti ustasıdır! Usta da yox - "prorab". Axır bu işin vəchinə çatdım. Vay-vay,
burdan özxoşuna getməyib, qovulub. Səbəb hələlik deyiləsi deyil. Zənnim düz çıxdı. Elə ürəyimə dammışdı. Məhərrəm ayı bunun eşqinin
dombalan çağı imiş. Hər il Aşurada məhəbbəti Kür olub daşarmış. Təsəvvür elə, bir yanda İmam Hüseyn müsibəti, bu, "Eşq - fəzilətdir",
deyir. Dil-dil ötdüyü Füzuli qəzəllərini ona irad tutar, "Məhəbbət - şühədalıq günlərində ayıbdı", deyərmişlər. Əksinə, bu bir az da üstünə
qoyur - "Qurandakı fikirlər bəşər düşüncəsinin məhsuludur. Allahı Quranla bayağılaşdırmaq günahdır". Görərsən, gec-tez bunun
bağırsaqlarını boynunda qalstuk edəcəklər.
Hə, molla Mirhaşım minbəri gözaltı yerinə çeviribmiş. Minbər ucalığından əndərunidəki hurilər asan seçilir. Baxışlar narıncı
arakəsmənin gözcüklərinə iti bucaq altında yox, perpendikulyar sancılır. Əndərunidən biruniyə dikilən gözlərdən ehtizaza gələrmiş.
Gözlərin cürbəcür rəngləri arakəsməyə əsrarəngiz gözəllik gətirərmiş. Onun çəkdiyi hər üç-beş "ah"dan iki-üçü İmam Hüseyn sarıdandısa,
bir-ikisi xanımlardan yana olub. Məsciddə kişi hönkürtülərinə qarışan qadın hıçqırtılarının ölüsü imiş. Günlərin bir günü iradəsi sınır,
özünü ayaqqabısının ucunacan isladır. Sabahı xuddam minbərdə ağ ləkələr tapıbmış.
İmam Hüseyn ədəbi, Mirhaşımın Qətl günlərisə ömründəki illərin sayı qədərdi. Quranı gözəllərə yanaşma vasitəsi seçib. Onun üçün
müqəddəsliklər praktik əhəmiyyətli idi. Praktik əhəmiyyətsiz hər cür müqəddəsliyi rədd edərdi. O, İmam Hüseyn müsibətinə də qazanc və işrət
məqamlarına görə qiymət qoyur.
***
Düz 40 il onları görmədimsə, unutmadım da. Deyilənlər düzdüsə, bizdən sonra Mirhaşım iyirmi-otuz rayonda da ev tikə-tikə gedib. "Ekskursiya"
qurtaranda respublikanı tərk edir. Ev təzə deyil, ya onu özü tikməyibsə, orda yaşaya bilməzmiş. Bir evdən ki, rəndələnmiş taxta ətri gəlmədi,
onu rədd elə getsin. Təzə taxta onun üçün bihuşdarı yerindəydi. O, qəlbindəki Aşura kriminal durumunu da özüylə gəzdirib. Əcəb "hər yer
Kərbəla, hər gün Aşura" ola. O, erotikliyə aşuralarla çatıb.
Mirhaşım bəlkə indiyə qalmaz. Xatirəsi burda, sümükləri yad torpaqlarda. Adladığı Türkmənistanda da həyatını şiə məkanının axtarışından
başlamış olar. Sünnilər onun ehtiyacına yaramır. Orda bəlkə tutulub da. Cinayət məcəlləsində onun hərəkətlərinə uyğun maddə olub.
Yatıb-çıxıb. Burda onun cinayətlərinin quyruğundan yapışa bilmədilər. Özü artıq ölüdüsə də, onun Aşura cinayətləri hələ diridir.
Yaddaşlardan silinmir. Ən huşsuz adam da onları unutmaz. Həm də, axı, kriminalistikada hədsiz yeni, faktoloji baxımdan yeganədir. Nadir
cinayətlər sırasında Ginnes kitabına düşməyə layiqdir.
Yarəb, görən, Fatimeyi-Zəhra çöhrəli ana dururmu? Adını da unutmuşam, ya heç əvvəldən bilmirdim. Ancaq onsuz mənim üçün "Fatimeyi-Zəhra"
çoxdan onun öz adına çevrilmişdi. Hayıf, o da qalmaya bilər. Dünyanı ad-sansız tərk edib. Ondakı təmizlik və məsumluqla şan-şöhrətə çatmaq
mümkünsüzdür. Ola bilsin, şan-şöhrət onun heç ağlına da gəlməyib; belə şeyi təsəvvür etməyib. Buna can atmayıb da. Beləsini dünyada heç kəs
tanımır. İndi bəlkə onu bircə mən xatırlayırdım. Onun da şöhrəti - mənim onu unutmamağım. Həyatda gücü bir buna çatdı.
Mənim sinif yoldaşım vacibən cani olmalı idi. Cibindəki sürtük aşıqlar ömür yolunun ilkin və səciyyəvi əlamətlərindəndi. Həm də
uşaqlıqdan beynimə girib: "kim dərsini bilməsə", böyüyəndə şuluq işlər tutacaq. Savada getməyən vaxt cinayətə xərclənər. Ancaq "Mirhəbib" adı
mənim üçün indiyəcən əzizdir. Onun mənə bağışladığı aşıqlar həyatımın ilk hədiyyəsi idi. Mirhəbib sarıdan qulağım həmişə səsdə olub.
Onu televiziyaların kriminal xronikalarında axtarmışam. Başqa əlacım yoxdu. Tərsliyə bax, sanki bir daş bir quyuya düşmüşdü, tapılmırdı.
Çaşıb cani yox, mömin olar. Amma mömindisə, batdım, onu bir də görmərəm. Ya da artıq kriminal xronikalardan çoxdan keçib. Düzdü, haçansa
bir canini ona oxşatmışdım. Hayıf, adı uyğun gəlmədi. Özü göstərilə-göstərilə adı deyilənəcən beş dəqiqə ötdü. Bu dəqiqələrdə həyəcandan
ürəyim əsir, sevincdən quş kimi uçmağa qalırdım. Deyirəm, bu sevinclər bəlkə də Mirhəbibin mənə qiyabi sovqatı idi. Barı sağ ola, onu
türmələrdəsə axtaram. Bay, yadımdan çıxıb: o, terrora da qurşana bilərdi. Mən onu beynəlxalq terrorçular sırasında aramağı da
planlaşdırmalıyam. Əvvəlcə gərək interneti ələk-vələk edəm. Açığı, internet son ümid yerimdi. İçlərində Mirhəbib olar deyə, terrorçular
mənə doğma görünürdülər.
Balaca qardaş anası kimi təmizlik-tanınmazlıq yolu tutdu. Yoxluğa qərq oldu. Yəqin haralardasa müəllimdən-feldşerdən işləyir. Xudmani evi,
balaca həyəti. Həyətində mal-heyvan, toyuq-cücə saxlayır. Fikir vermişəm, başıaşağı adamlar toyuq-cücəyə meylli olur. Amma yoxluq hayıf
deyil - can rahatlığıdır. Oğlan terrordan-cinayətdən uzaq bir məkanda sanki qeybə çəkilmişdi. Yox, cinayət işləməyibsə, görünür, ondan əlimi
üzməliyəm də. İnformasiya doğurmayan insanı tapmaq müşkülə dönür.
Bir gün molla Mirhaşım yuxuma girəsi. Görəm, yeməli-şirin bir gəlinin belinə minib, at kimi çapır. Uşaq-muşaq da yanlarıyca qaçır. Onlar
gəlini güldürməyə çalışır, tez-tez də ona - "fikir çəkmə, deyirdilər, özü yorulub yerə düşəcək". Onlar gedib-gedib iri bir tabloya dirəndilər.
Aşağısında "Qoyya" yazılmışdı. Birdən molla "at"ı qamçılayıb cəld-qəti hərəkətlə şəklə soxuldu. Uşaqlar bayırda qaldı; indi şəklə mat-mat
baxırdılar. Orda eşşəklər kəndlilərin boynunda oturmuşdular. Görən, qışqırsalar, səsləri kəndlilərə çatarmı? Onlara - " qorxmayın,
eşşəklər yorulub özləri yerə düşəcək", - demək istəyirdilər.
İbrahim ibn-Səlman öz risaləsində buyurub: seyid şorgöz olar. Günü bu günəcən molla Mirhaşım barəsində olub-keçmiş "təzə" əhvalatlar
qulağıma çatır. Rayonlar qurtaranda gəlib çıxır Bakıya. Burdakı məscidlərdəsə boş yer yox. Qalır havada. Ancaq onsuz erotik fantaziyalar
sarıdan korluq çəkmir. Bu fantaziyaların mənbəyi aşuralardı. Aşurada ölkəni ağlaşma və hıçqırtılar bürüyür. Hüzn gəlinlərin hüsnünü tülə
bürüyür. Yox, gəlinlər qızlardan hər cəhətcə üstündür. Hər hansı gəlin yeriyəndə gəmi kimi yırğalanır. Gözləri yaşla dolandasa şahin
olub üstlərinə şığımaq istəyirsən. Qızlarsa həmişə dümdüz ağaclar kimi gəzir; onları at o yana.
Bir dəfə Qətl sınan saatlarda Təzəpirdə basabasa düşəsi. Ortadaca burulğan kimi fırlanır. Burası cənnət... Təzə və dadlı meyvələrdən özün
dər... Döşlər əllərində yumru daşlar kimi oynayır. Mərmər bədənlər, manpası canlar. Təzəpir Aşura məkanını heç də əxlaqi saymaq olmazdı.
Orda əxlaq yalnız nəzəri cəhətcə mövcuddu. Burası varyete kimi bir yer. Hələ ondan da konkret və cazibədar. Təmas üstünlüyü nəyə desən dəyər.
Təzəpirdə əxlaq riyakar bir roldaydı. Dillər "Şah Hüseyn, vah, Hüseyn!" qışqırır, başlarsa diqqəti ayrı yerə çəkir. Burda həqiqətlə yalan
çarpışırdı. Həqiqət tərəfdarları əksəriyyətdi. Bu müqəddəs hüzn günündə təfəkkürlər maksimum ikiləşir, hər şey şeytaniləşirdi. Qətl günü
Şeytan da Təzəpirə gəlir. Şeytan özünə bundan sərfəli yer tapa bilməz. Əslində gəlinlər canlarını İmam Hüseyn yolunda ehsan deyir; təki
analar, ya qaynanalar görməsin.
... Bir il Nebitdağda qalandan sonra köçüblər Marıya. Görənlər olub, deyir, "Fatimeyi-Zəhra" oğlanlarının toyunu görməyib. Onları
evləndirməyə tapmayıb. "Özləri bir şey fikirləşər, sən özünü öldürmə", - Mirhaşım ona əmr şəklində təsəlli verəsi. O da "təsəlli"yə qail
olası. Ər sözü onun üçün qanun idi.
Avqust, 2001 - may, 2002
|
|