Alatoran_header  
Əsərlər > Rasim Qaraca > Dörd şer

1.

İşdir şayət
dünyaya gəldiniz
əsla darılmayın
bir oyuna başladınız ki
bu oyunu gözəl oynamalı
sevməli nifrət etməli bəzən
gözlərinizi qapayıb içinizdəki boşluğa qulaq kəsilməli
orada nələr var bir bilsəniz
eşqlər ayrılıqlar
bir qadının parçaları
yəni nə yüklədinizsə oyun saatlarında o
aman
allaha əl vurmayın
qoyun öz bildiyi kimi yaşasın öz yoxluğunda
elə belə sual vermədən bir söz soruşmadan
paralel dünyalarınızı sürdürün
əgər durub günah işləsəniz
misal üçün
bir qəhvəxanada yüz qram gillətsəniz
sizə bir söz deyənmi var
yəni içinizin burxulduğu bir saatda
tutalım çox sevdiyiniz bir adam
sizi tərəziyə qoyub satmağa girişəndə
Həyat boz divarları ilə
yolunuza sallanan ağacları
dayanacaqdakı sanki avtobus deyil
ölümünü gözləyən qocaları ilə gözəldir
bir az gözlərinizi qıyıb baxsanız
gün vurmuş bu ticarət səkisində çox şey var
bir bıçaq alın özünüzə
üstündə burağacı qayçısı olanlardan
hər şeyə yarasın
həm bığlarınızı düzəltməyə
həm şüşə ağzı açmağa
həm də lazım olsa
damarınızı kəsməyə
həyatla dolu olmalısan
madəm bu dünyaya gəldin
bir an geriyə baxmamalı
baharı əldən buraxmamalı
eşqə düş
və çıx bəyaz qollarla çevrələnmiş bu girdabdan
Heç bir söz soruşmadan sevməli
bir də
heç bir kimsəyə sızdırmadan
içindəki o boşluğa bir ad uydurmalı
orada
o boşluqda ki sən
allahın yoxluğu içərisindəsən
nə ev var
nə qadın
adını belə unutmusan bu boş zamanın
şəhərə çıx
insanlara qarış
madəm ki dünyaya gəldin
saatını açıb bir daşın üstünə burax
qoy zaman öz bildiyi kimi axsın
içdiyin suya
çəkdiyin tütünə
atdığın qadına burnunu soxmasın
getsin özünə başqa bir hərif tapsın
kimi istəyirsə öz məhbəsində saxlasın
bir həyat ki yalnız boşalınca mənalanır
bir az da mənasız yaşamalı
Madəm ki həyat oyundur
bu oyunu gözəl oynamalı…

2.

Gözəldir iyulun 14-də keçmişə qapılmaq
yayın bu qızmarında
yalnız bir atış var damarımda
enmək
qaranlıq pillələrlə ötən illərə
yox canım yaddır mənə
mənasız sentimentlər
bu yaşda gözümlə buz tuta bilirəm
yayın bu qızmarında belə
sadəcə həvəsliyəm
yaşa dolmuş sevgilərin üzərindən
tül pərdələri qaldırmağa
yaşanmış və son nöqtəsi qoyulmuş bir gözəlin
sətirləri arasında
ağac əkib ev qurmağa
kölgəsinə sığınıb nəüçünlərin və nəyəgörələrin
bir an sərinləməyə
zira keçmiş günlərdə əcaib sərinlik var
qorxmadan keçmişə girmək yaşındayam artıq
bəsirətim çatır indi
nəyin necə olmamalı olduğunu görməyə
hər zaman
gələcəyin üzərinə bir az keçmiş damızdırıb içməyə
indi yeganə xilas yolu kimi baxmıram
cır-cır bir küçə qapısının səsinə
qapı önündə sallanan
xalatının düyməsi qopuq
dodaqları təbəssümlə boyanmış
buz kimi soyuq baldırlı bir gözəl
yalnız yaddaş əsəri olmamalıydı
yaşanmış və son nöqtəsi qoyulmuş yalnızsəninəmlərə
saçmır iyulun 14-ü
bir an gözlərimi qapayaraq
buzlar arsında görürəm özümü
illərlə qazandığım tək kimyagərliyim bu
zira keçvmiş günlərdə
allahın iradəsindən çıxmış nöqtələr var
məsələn kosmik təfəkkürün ağlına belə gəlməzdi
qapanmış gözqapaqları ardında
sadəcə bir qadının
bütün çılpaqlığı ilə
bu qədər uzun sürə yaşayacağı
çünkü insanın və sadəcə insanın hökmündədir
keçmiş zaman
göylərin öz dəftərini qapatdığı yerdən başlanır
bizim bundan sonrakı həyatımız
nə başınızı ağrıdım
iyulun 14-də əcaib sərinlik var içimdə
insan ayağı dəyməmiş düşüncələrimdə
bir gözəl
bütün çılpaqlığı ilə birlikdə
göylərin iradəsi xaricində.

3.

İnanıram
hər yeni günün özü ilə günəş gətirdiyinə
səhər obaşdan
açıram pəncərəmi
səhər yeməyinə bir az külək
bir az da dəniz havası
qrafində su
lakin bilirəm
günəşə inanmaq azdır
onunla yaşamağı da bacarmalısan
əgər zaman süpürmüşsə evindəki insanları
kədər xəstəlik kimi dolmuşsa içinə
ruhun meydanı saatba-saat daralmadasa
inanmaq sadəcə inanmaq
tənhalığa okey demək kimidir
Həyatın mənasına bu qədər yaxınlaşmışkən
atılmaq pəncərədən
uçmaq bir an
qollarını gərmək
başqalarının gəbərmək adlandırdığı hadisənin
alt qatını öz gözlərinlə görmək
hər an bizi yoldan çıxarmaq istəyn o qıllı şeytana
ən yaxşı zərbə olacaq
İnanıram
hər yeni günün özü ilə qaranlıq bir gecəni gətirdiyinə
axşam düşür
kədərlə dolu ürəklərə
bir az da zülmət səpişdirir
boş otaqların ağrısını dinlədir günlərin tozu
masanın altına düşmüş oyuncağa hələ
yaxın düşə bilməyib cinlər
üstəlik bu plastmas tapança
hər an açıla bilər zamanın tən ortasına
saat ümidsizliyin yarısı
indi bəyaz rəngi ilə soyudur buz dolabı
güzgüdə üzü tüklü ikinci mən
arxamca köks ötürür
həyatın mənasına bu qədər yaxınlaşmışkən
əl atıram bıçağa
özümü vurmaq üçün deyil
sadəcə əlimdə soyuq bir şeyin olması
yaxşıdır zamana qarşı durmağa
üstümə gələn xəyalları qovmaq üçün
Silahsız olmamalı insan
keçmiş günlərə qapılırkən
inanıram
ruhun meydanını genişlədir
bu dəmir
yenidən başlamalı
indiki zamanın çıxışlıq halına
şəhər ayağımın altındaykən

4.

Bu gün yağış yağdı
oturub səni düşündüm
hava sərin
nəfəs aldım bir az
islanmış torpaq qoxusu doldu burnuma
ağacların küçəyə doğru əyildiyi bu mənzərəni
gözlərimlə kopyalayıb
sənə göndərdim düşüncələrimdə
səni çox sevdiyimdən deyil
sadəcə öz sevincimi
başqa birisi ilə bölüşmək istəyindən
heyrət etdim islanmış tüklərini yalayan pişik balasına
onun kainatla bu qədər iç-içə yaşamasına
şübhəm yoxdur
böyüyüb əsl pişik kimi sevəcək bir qadını
çünkü yalnız yalınayaq gəzib
günəşdə yanan
və yağışda çimən bir insan…
yanıldım
bir pişik bilər əsl sevginin dadını
biz insanlar uydurmadıqmı ayrılıq sözünü
ayrılığın nə olduğunu bilirmi deyin allahın bu yağışı
əgər hər axışında sevdiyinə qovuşmaq varsa
əlimlə toxunum yağış suyuna
seyr edim maşınların üstündəki damlaların bəxtəvərliyini
üzümdən əksik olmamalı təbəssüm
ibadətə başlarkən
gövdəsi qabarlı bu ağacın dərgahında
indi anladım ibadətin nə demək olduğunu
sevincini başqa birisi ilə
ola bilsin allahla bölüşmək kimi bir şey
Silinirmiş insanın bütün günahları
yağış gölməçəsinə əyilib göy üzünü seyr edərkən
bu ozonlu mənzərəni sənin də görməni istəyirəm
həyat nə qədər maraqlı olur
sənə sevinc verən bir şeyi
göndərəcəyin bir insan varsa
yalnız indi anladım
kainatı toplamağa başlayır insan
başqalarını düşünərkən
Yalınayaq gəzib
günəşdə yanıb
dodaqlarımda tər damlalarının duzlu tamı
istini isti bilib soyuğu soyuq
topladım gülüşlərini cəmi bir ovuc
Yalnız indi anladım əsl sevginin nə olduğunu
yağışdan bir saat sonra
günəş əyiləndə axşamçağına
ayaqlarımla düşünməyi sınadım
bu adamsız küçənin
tən ortasında…