Alatoran_header  
Əsərlər > Rasim Qaraca > Zaman

Təsadüfən
Zahid Xəlilov küçəsində
5 nömrəli çörək zavodundan
Yasamal gölünə tərəf uzanan səkidə
arvadı ilə axşam gəzintisinə çıxmış
hündürboylu qocanı tanıyıram
20 il əvvəl
leytenant Şmidt adına zavodda
işlədiyim zamanlarda
mənə yaxşılıqlar etmiş –
başı eşq macəralarından ayılmayan cavan oğlanı
ev növbəsinə yazdırmış
maaşını artırmış
bir erməni ilə dalaşma üstündə
həbsxanaya düşməkdən qorumuş –
həmən o adam
şəhərdən çıxıb getmək istərkən
israrla getmə qal deyən
həyatım boyu rast gəldiyim
çox nadir xeyirxah insanlardan biri
özüdür ki var
yaşı 70-i haqlayıb
əvvəlki qədd-qamətindən
əsər-əlamət qalmayıb
görünür təmiz havada gəzməyə ehtiyacı var
hər halda həkimlər buyurub
zaman
insanın alicənab
xeyirxah olduğuna baxmadan
keçər.
Yaxınlaşıb ona
bir vaxtlar etmiş olduğu yaxşılıqlara görə
təşəkkürümü bildirmək
titrək əllərini sıxmaq istəyirəm
çünki
bəzi yaxşılıqlarının dəyərini
yalnız indi
20 il keçəndən sonra
təmənnasız yaxşılıq edən insanların
bu qədər az olduğunu
artıq öz həyat təcrübəmdən bildiyim üçün
anlamağa başlamışam.
Ancaq bunu etmirəm
yaddaşım kilidlənib
nə idi
nə idi
axı nə idi onun adı
çoxdan
unutmuşam.