Alatoran_header  
Əsərlər > Rasim Qaraca > Yenə qadınlar…

Həyatımız daha da ağırlaşanda
yer üzündə şirin su çatışmayanda
ozon dəliyi bir az da yekələnəndə
qış daha soyuq
yay cəhənnəm əzabı
yeməklər dadsız
insanlarsa ətiacı olanda
yenə,…yenə də
qadınlar çatacaq dadımıza…

O gözəl məxluqları qurudub üyüdəcəyik
qaxaca dönmüş bədənləri
barmaqlarımızın arasında
ovulub xırtıldadıqca
son qışqırtıları kimi gələcək qulağımıza
sevgi dolu o varlıqlar
bəşər nəslini qorumaq üçün
sonuncu çarəmiz olacaq

Cibimizdə qadın tozu kiçik kavanozlarda
arın-arxayın yaşaya biləcəyik,
qorxumuz olmayacaq ürək çatışmazlığından
insultdan
prostatitdən
dilimizin altına bir gilə qadın həbi qoyan saat
geridə qalacaq bütün ağrılar
başımız ağrısa qurudulmuş qadın dəmləməsi –
daha nə istəyə bilərik
əlimizin altında bir balon
qadın nəfəsi varsa.
Ən dəhşətli çibanlar da
qorxusuz olacaq bundan sora
bir dirhəm fil nəcisini
üyüdülmüş qadın sümüyü və
eyni miqdarda təmiz balla qarışdırıb
yaranın üstünə qoysaq keçər
səhlənkarlıq olmaya

Səhərlər baqqala varıb
bir qutu qadın almaq adətimiz olacaq
köhnə məhəllə uşağıyıq deyə
bizə təmizindən verəcək

Duz istiot ketçapla yanaşı
masamızın üstündə hər zaman
bir miqdar qadın tozuna ehtiyacımız olacaq
məsələn
çuğundur salatına bir az qadın qurusu vursaq
bağırsaqlrımız yumşalar
həm üzümüzün rəngi durular
qəlbimizsə fərəhlə dolar

Sıxıb sularını çıxaracağıq sevgililərimizin–
şəraba qatmağa
bir qaşıq qadın şirəsi hər şeyə bədəldi
iştahanı açır
yeməkdən qabaq
1 stəkan suya 20-25 qadın damlası

Qadın cövhərindən spreylər düzəldəcəyik
ümidsizlik canımızı qapanda
qulağımızın dibinə
qoltuğumuzun altına sıxacağıq.
Saçlarından qumaş düzəldəcyik –
prestijli sayılacaq qadın dərisindən əşyalar.
Dişlərindənsə amulet –
şər qüvvələrin çoxaldığı indiki zamanda
boynumuzdan qadın dişi asmaq
yaşamağın danılmaz şərtlərindən biri olacaq.

Qadınsız yaşamaq çətinləşəcək qardaşlar
hər zaman olduğu kimi
işbazlar fürsəti fövtə verməyəcək
qadın tozu ürətən kiçik fabrikalar iflas edəcək
kasıblar ən ucuzlarından çəkəcək.

Kosmik səyahətlərimizdə də
zərif cins yanımızda olacaq yenə –
tübiklərdə qadın pastalarının yerini
heç nə verməyəcək.

Bəşər nəslini xilas etmənin
tək çarəsi qadınlar
indiki resurslarla Yerin ömrünü
bir min il də uzatmaq olar.

Hələ
kədər canımızı saranda
için için sızlayıb öz taleyimizi ananda
yenə…
yenə də qadınlar çatacaq dadımıza
Saçlarından hördüyümüz yorğanla
üstümüzü örtəcəyik
gecələr yatağa girərkən
keçmiş sevgilərimizi anıb
xəyal bişirəcəyik
yuxu ilə aşkarlığın
neytral zolağında…