Alatoran_header  
Əsərlər > Rasim Qaraca > Birlər

*
qopduğunuz budaqları unudun getsin
pərişan xəzəl qardaşlarınızı
əsla

*
sürməsi göz yaşına qarışmış
həyatı pozuq
canlı

*
balıqlar
bizdən daha kamil -
hər şeyi danışıb qurtarıblar

*
istər sarı saçlı
istər qara…
ölüm -
o şorgöz
toxunacaq onlara

*
unutma
"könlüm" kəlməsində də
bir "ölüm" var

*
vurulan quşlar
yenə
öz köçəriliklərindən qalmazlar

*
gözəl qızlar
köçüb getsə bu şəhərdən
hər şey cəhənnəmə
küləklər
yetim qalacaq

*
qız elə beləcə də dedi:
"bir qram da üşümürəm" -
nə qədər güclü olur insan
üşüməsi qramla ölçülən
bir canlıyla yanaşı addımlarkən

*
üzündə yaltaq təbəssüm
şişman qarınlı ay -
batıb çıxmaq kimi
bir ikiüzlülüyü var

*
nə qədər yoxluq çəkdi
qışdan çıxana qədər bu ağaclar
artıq
bahar gəlməsə də olar

*
budağından qopub yerlərə döşənmiş
üstündən yağış döymüş
bu yarpaqların altında
bir canlı var -
sükut

*
qocalar
günəşə çıxırlar -
ölüm onları tapa bilməyəcək
bu işıqlıqda

*
həyat -
sonsuz miqdarda ağ rəngə
bir o qədər qara rəng qatılarkən
nə alınarsa

*
dodaqların kədərə qapıldığı yerdən
açıldı indi
sevgililər

*
ürəyimin qaysağı qopsa
zaman özü
axıb töküləcək

*
hətta
yol qırağındakı mal təsəkləri -
kənddə ona "çəməngül" deyirlər -
insanı keçmişə qaytara bilər

*
arılar üçün açmışdı çiçək
ancaq haradan bilsin
qoltuq ağacına izolent sarınmış bu qarının da
xoşuna gləcək

*
dolub - dolub daşmaq varkən
dolub - dolub boşalmaq
yox