Alatoran_header  
Əsərlər > Rövşən Naziroğlu > Ssenari

bax burda sən döyməlisən qapımı
mən ucadan:
- buyurun keçin- deməliyəm
sən məndən bir çimdik duz istəməlisən
mən nədənsə sevinə-sevinə deməliyəm ki
duz yoxdu
üzbəüz otaqdan televizorun səsi gəlməlidi bu ara
xəbərləri bəhanə gətirib
keçməlisən dəhlizdəki otağa
oturmalıykən uzanmalısan divana
hava haqqında məlumatı dinləyib
deməlisən ki bu gün hava yaman istidi
mən də başımla sənin sözünü təsdiqləməliyəm
əl atıb köynəyinin düymələrini açmalısan
məni də çağırmalısan divana
sonra...
sonra qalxıb güzgü qabağında
üst-başını geyməlisən aram-aram
gedərkən təbəssümünü
su kimi atmalısan üstümə
qonşuluqdakı marketə getməlisən duz almağa
dükanda ərinlə qarşılaşmalısan
birgə bazarlıq eləyib
gülə-gülə qalxmalısız pillələri
gecə arxanı ərinə çevirib
özünü yuxuluğa vurub düşünməlisən
evdə duzun olmaması
nə qədər ləzzətli və gözəldir