Alatoran_header  
Əsərlər > Rövşən Naziroğlu > Nuş canın olsun

nahaq zəng etdim sənə
nahaq vədələşdik
nahaq boynuna sarıldım
çox nahaq səni evə dəvət etdim
sən də çox nahaq razılaşdın
və yolda lap nahaq sənə bir dəstə qızılgül aldım
nahaq gülə-gülə qalxdıq pillələri
dəhlizdəki bədənnüma güzgüyə
çox nahaq düşdü şəklimiz qoşa

nuş canın olsun
ancaq nahaq səninlə bir qədəh şampan içdik
nahaq tanqo deyilən andırı oynadıq sənlə
qonaq otağının nəyi pisdi ki
yataq otağına nahaq keçdik
səni yüz faiz nahaq soyundurdum
sən də yüz faiz nahaq səsini çıxarmadın
nahaq dodağımdakı istiylə əritdim səni yatağa
gecənin üzünü nahaq qızartdıq
ayrıldıq heç nə olmamış kimi
və mən bu şeri
əcəb elədim yazdım!