Alatoran_header  
Əsərlər > Sevinc Pərvanə > Qara bir çətir

toxundun
barmaqlarının təmasından yaş çıxdı
bədənimin hər nöqtəsindən
bir göz baxırdı sənə
nəfəsim
meh kimi toxunurdu saçlarına
uçunurdun
sərxoş gözlərin
qara buludlar kimi axırdı
elə bil qoşulub ağlayacaqdın
mənim gözlərimə

nəsə demək istədin
baxışlarım kilidlədi dodaqlarını
və dodaqların şişib böyüməyə başladı
birdən-birə
kəlmələr söyüş kimi partdayıb çıxdı
dodaqlarından...

özüm də xatırlamıram
kim olduğumu
amma kabiriyanın gecələrindən
xatirimdə nəsə var
bir də
yağışlı küçələrin birində
əlimdən düşüb qalan
qara bir çətir-
içində məni gizlədir