Alatoran_header  
Əsərlər > Şahin > Alatoran

Sükuta qərq olmuş alatoranın, yalnız ona xas olan qəribə bir füsunkarlığı var. Elə bir füsunkarlıq ki, ətrafdakı hər şeyə sirayət eləyir; pəncərə şüşəsini örtmüş incə rütubət qatında, yağışın dumanlı pərdəsini çətinliklə yaran fənərlərin tutqun işığında və ya pərdələrin rəvan olmayan titrəyişində… və yavaş-yavaş qızaran dan yerinin, gecənin hərəkətsiz tünd şirəsini özünün, dünyanın heç bir yerində olmayan ən qatı lacivərdi boyasıyla boyamasında həmin füsunkarlığı müşahidə etmək mümkündür…

Mən alatoranı sevirəm.

Mən onun əsrarəngizliyini, ona xas olan işığın və qaranlığın, isti və soyuğun, soyuqqanlılığın və ehtirasın qeyri-adi tarazlığını, laqeydliyini və həyəcanını sevirəm. Telefon söhbətlərinin əsl zamanıdır. Və ya usandırıcı telefon zəngi gözləmənin əsl zamanı. Yaşamın sakit və ahəngdar arxayınçılığı. Qaranlığın hissolunmadan çökməsi… son siqaret… sevimli fincan… yaxşca dəm almış çay… buxarlanan çayın ətri…
Ailəsiz bir insan üçün alatoran, öz gəlişiylə səni heç zaman…, demək olar ki, heç zaman peşiman etməyən, yolunu həsrətlə gözlədiyin bir dosta çevrilir.
Artıq neçənci dəfədir müşahidə edirəm, üstündən gör neçə illər keçsə də, qaranlıq düşməyə başladığı anlarda… mən özümün özümlə başladığım yarımçıq dialoqu davam etdirirəm…
Hər şeyi izah etməyə, dilə gətirməyə, inandırmağa vaxtım olmadı…
İndisə artıq gecdir, düşünürəm. Çox gec.
Belə bir musiqi novü var, bossanova adlanır. Brazilya cazı. Heç vaxt olmadığım bir ölkənin musiqisi. Bəlkə də nə zamansa yolum düşər, nə isə… Və bu musiqinin öz ruhu var. Həmin musiqinin həsr olunduğu, spiral kimi ətrafında gərildiyi hadisənin ruhu… Bu ruh soudace adlanır. Özünəməxsus bir əhvali-ruhiyyədir, necə iizah olunduğunu bilmirəm… adətən depressiya kimi tərcümə olunur… lakin bu kəlimə həmin mənanı tam əks elətdirmir… əsla bu depressiya deyil.
Daha çox, bu sevdiyin insanın yanında olmamasından doğan işıqlı bir kədərdir… depressiyanın buna nə dəxli var…
Depressiya… əşi, bu elə axmaq bir kəlmədir ki, burada heç yerinə düşmür…
Soudace…
Soudace və alatoran biri-birini tamamlayır. Sanki əl-ələ tutub addımlayırlar. İn-Yan, Xeyir və Şər, Ag və Qara kimi…
Sən bir dəfə gülümsünərək mənə demişdin; guya sübut olunub, qara rəngin yetmiş yeddiyə yaxın çaları var.
Ağ rəng isə çalarsızdır, sadəcə özüdür.
Buna görə də Xeyir hər zaman Şərdən darıxdırıcıdır. Xeyir həddən artıq sayadır.
Qəribədir, deyilmi?
Sən belə söyləmişdin…
Mən anlamamışdım..
Belə-belə işlər…
İndi gör üstündən nə qədər zaman keçib…
O, gecə yarısı canını tapşırdı. Xəstəxananın gözləmə salonundakı sükunətə bürünərək mənasız yerə oturmağımı, lampaların ölü işığında cansıxıcı gözləməni, ucuz divar kağızlarının mənhus naxışlarına yarıba-yarı qarışmış zülmət kimi qara ümidzliyi, qalın çərçivəli gözlüyünün üstündən canıüyananlıqla mənə baxaraq, bir həmlədə qayğısız həyatımın ahəngini, ağrısını hələ uzun müddət çəkəcəyim ağzı açıq bir yaraya çevirən, yaşamaq eşqiylə dolu bir həyatı, ilk baxışda gözə görünməyən bir dəyişikliyə uğradaraq, onu heç kəsə lazım olmayan bir varlığa döndərmiş, domokl qılıncı kimi xoşbəxt bir ömrü böltələmiş yorğun yaşlı həkimin söylədiyi ölüm hökmünü uzun illər məni təqib edərək yaddaşımda oyandırmaqda olan özünəməxsus xəstəxana qoxusunu hələ də xatırlayıram.
Xərçəng adlı əcinnə onu sürükləyib öz kahasına aparmışdı, heç bu dünyada olmamış kimi onu yer üzündən silmişdi.
Taxçadan düşdü tapp elədi, Qızxanım onu happ elədi…
Gerçəkliklə yuxu arasında çox incə bir sərhəd vardır. Və bəzən mənə elə gəlir ki, alatoranda bu sərhədd tamamilə əriyib yox olur…
Dünən axşam, adətən olduğu kimi, döşəmədə oturduğum yerdə bir az mürgülədim, hiss olunmadan düşüncələrim şirin yuxu sərhədlərini aşdı… yuxunun tül pərdəsi arxasından sənin qeyri-adi xışıltısı olan incə səsini eşitdim:
Sənə soyuq olacaq, canım-ciyərim…
Və yarımqaranlıqda sakit gülüşün.
Canımdan xəfif bir gizilti keçir…
Yuxudan ayılıram… ətrafda hərzamankı səssizlik…
Dəniz mənzərəli evin altıncı mərtəbəsində sadəcə sahilə çırpan dalğaların maıltısı eşidiləkdədir.
Canının qədrini bilən adamlar kimi böyük yun şala bürünmşəm…
Sən, bax həmin bu şala bürünməyi xoşlayardın… və mən uzun illər onu dolabdan çıxarmağa qorxurdum, qorxurdum ki, içərimdə boğduğum həmin ağrını yenidən oyandıra bilərəm.
Soyuq tər içərisində oturub titəyirəm, donuq nəzərlərlə şala baxıram, barmaqlarımda yunun qalınlığını və yanaqlarımdan axan heç bir məna verə bilmədiyim göz yaşlarını hiss edirəm…
Alatoranlıqda məni təqib edən başqa qəribə şeyləri də xatırlayıram… qaranlıqda addım səslərini…bağlı qapı məsamələrindən küləyin vıyıltısını… işığın sayrışmıasını… bu evdə son dəfə beş il əvvəl səslənmiş büllur qədəhlərin cingiltisini… lap yaxınlığında, əl uzadıb toxunacağın, qıvırcıq saçlarını oxşayacağın bir insanın sirayətedici varlığını… dan işığnda xəfif bir təmas… və bir aldanış, yenə heç kimsə yox… yenə növbəti gözəgörünmə…
Belə yaşamağın mümkün olmadığını çoxları mənə deyib. Və mən onlara haqq qazandırıram; keçmişin kölgələri ilə yaşamaq olmaz… ən yaxşıı keçmişi oyandırmayasan… hər şey necəydisə qoy eləcə də qalsın…
Lakin bax, özümlə bacara bilmirəm… özümün adamayovuşmazlığımla, yöntəmsizliyimlə…
Bu gün axşam, hər zaman olduğu kimi mən çayımı içəcəm, sonra fincanımı yuyub balkna çıxacam… təkrar get-gedə qatılaşmaqda olan qaranlığın həyəcanlıvə nəmiş sükutuna qapılacam…
Balkonun şümal və soyuq sürahisindən yapışıb sanki onların möhkəmliyini yoxlayacam…
Uzun-uzadı qaralan, qap-qara bir kütləyə çevilə bu mənzərəyə diqqət kəsiləcəm…
Sonra irəliyə doğru hərəkət edib bəlkə də həyatımın Ən əhəmiyyətli addımını atacam, nəhayət daxilimdəki özüm özümlə apardğım bu aramsız mbahisəyə son qoyub yaşamaq adlı bu qarşısıalınmaz gücün öhdəsindən gələcəyəm…
Yalnız bu bircə addım məni sənə qovuşduracaq.
Ümidim var, buna gücüm çatacaq.
Neçə illər qabaq mən Allaha inanmağı tərgitdim. Başqa cürə ola da bilməzdi. Axı o səni mənə qaytarmaq iqtidarında deyildi. İtirilmiş bu inamın yerində hələ də doldura bilmədiyim boş və qaranlıq dəliklər qalmışdı.
Ümumiyyətlə götürəndə isə, günahkar mən özüm idim. Sənsiz keçən bu həyatı mən özüm bütünlüklə arasıkəsilməz bir alatorana döndərmişdim…
Alatoran…

ruscadan: R.Qaraca