Alatoran_header  
Əsərlər > Xalid Şürük > Əhvalat

Mən bu əhvalatı danışmaya da bilərdim. Düşünürdüm, fikirləşəcəksiniz ki, bu hərif də başına gələn hər hadisənin kiməsə maraqlı gəlib-gəlməyəcəyini düşünmədən, Heminquey kimi hamıya danışmağa çalışır. Əslində bu əhvalat heç mənim başıma gəlməyib. Düzdür bu hadisə ilə rastlaşan kəs mənə o qədər doğmadır ki, bu hadisənin səhihliyinə başımla cavab verə bilərəm. Bir yandan da axı nə bilmək olar, bəlkə elə günü sabah bu hadisənin mənim ömrümün bir epizoduna çevrilməyəcəyinə kim and içə bilər. Yox, yox ömür və and içmək məsələsini dilimə gətirməklə o göydəki naməlumun işinə qarışmaq fikrim yoxdur. Və həm də ona görə yox ki, ondan qorxub çəkinirəm. Sadəcə bir səbəbdən – onun işinin nədən ibarət olduğu barədə bir vaxtlar çox düşünsəm də özümdə bir təsəvvür yarada bilmədiyimə görə. Ola bilsin bu əhvalatı sizə danışacaq mən və mənə danışmış başqa birisi kimi o da vacib işlərlə məşğuldur. Əgər bu işlər də bizim işimiz kimi nəsə bəzi şeylər qondarmaqla bağlıdırsa, onda onlar da bir balaca maraqlı və e'tiraf edim ki, bir xeyli bezikdiricidilər.
Əslində nə onun, nə də «ömür» və «and içmək» məsələsinin danışacağım əhvalata heç bir aidiyyəti yoxdur. Yoxdur deyəndə ki, heç kim and içmək istəməsə də… mən indi tam əminəm belə hadisəylə hər kəs heç olmasa ömründə bir dəfə rastlaşır. Və hələ belə hadisəylə rastlaşmayan başqa birisini danışdığı hadisəyə inandırmaq üçün and içməli olur. Mə'lum məsələdir ki, burada da onun adı peyda olur. Onun adının ortaya çıxmasının hadisənin səhihliyinə inanılıb – inanılmaması üçün şərt olmasa da, kimin hünəri çatar ki, onun adı qarşısında söz gətirə. Elə bilirsiniz bununla hər şey bitir? Xeyr, əksinə, mən deyərdim, «toy hələ indi başlayır». Və bu hadisəni eşidən adam öz növbəsində bu hadisəni daha başqa birisinə danışır, hələ üstəlik ona danışmış adamın andını da xatırladır, azmış kimi üstündən özü də bir and içir ki, hər şeyi eşitdiyi kimi nəql eləyib. Düzdür sonuncuya hamı əməl eləmir, xüsusən vaxt baxımından kasad olan kəslər. Onlar əvvəlkiləri öz adına keçirməklə, sonuncunu ixtisar etməli olurlar. Ancaq bunun da bir o qədər təvafütü yoxdur. Belə düşünməyin ki, danışacağım əhvalat da sizə izah etdiyim qədər qəlizdir. Ümumiyyətlə mənim Kamyu qədər dərin mətləblərə baş vurmağa fərasətim çatmır.
Əsas məsələ odur ki, hadisəylə hər gün rastlaşa bilərsiniz, necə ki, hər axşam evə qayıdarkən qaranlıqda, bir ağacın altında biri-birinə sarılmış iki nəfərlə rastlaşa bilirsiniz. Qaranlıqda görülən bütün işlərə pis işlər kimi baxsam da, bu sözlərimlə xatırladığım o iki nəfəri qınamaq istəmirəm. Heç danışacağım əhvalatda da sevgi baxımından bircə öpüşcüyün izinə rast gəlməyəcəksiniz. Bu hadisəni mənə nəql edən həmən kəsə görə sevgi o qədər nazik teldir ki, bu tel ilə ancaq və ancaq iki nəfəri bağlamaq olar, necə deyərlər üçüncüsü artıqdır. Və əgər bu işə, onun fikrincə üçüncü şəxsi qatdınsa, (ən azı söhbətlərinlə) deməli, artıq bunun sevgi olması şübhəli olur. Bir sözlə o çox köhnəpərəst adamdır. Heç mən özüm də sevgi barəsində əhvalatlara ciddi yanaşmıram. Amma ona görə yox ki, mən də köhnəpərəstəm, əksinə mən hər zaman, hər şeydə həddən artıq müasir görünməyə çalışıram. Bizim fərqimizi bilmək üçün ümumi tanışımızın dəfn mərasimində hər ikimizin qara eynək taxmamızın səbəblərindən xali olmaq yetər. Əgər o qara eynəyi göz yaşlarını gizlətmək üçün taxırdısa, mənim qara eynək taxmağımın səbəbi ağlamadığımı gizlətmək idi. Odur ki, mənim müasir təfəkkürüm bayağı məhəbbət dastanlarını həzm etməkdən imtina edir. Məndən olsa «sevgi», «məhəbbət», «eşq» sözlərini dilimizdən atardım və bu sözlərin başqa dildəki tərcümələrindən də imtina edərdim.
Düzdür, bu əhvalatlara xüsusi məhəbbət bəsləyən adamlar var. Yəni bu əhvalatçılıq bir növ məhəbbətdən doğur. Hədər yerə bu məhəbbətdə Oktavio Pasın məhəbbət barədə uydurduğu bülbül cəh-cəhini axtarmayın. Buradakı «məhəbbət» sözünün yerinə «kimisə ələ salmaq istəyi» ifadəsini işlətmək də olardı.
Dünyadakı bütün böyük işlər də elə bu ələ salmaq istəyindən yaranıb. Götürək elə yerin öz oxu ətrafına fırlandığının kəşf olunmasını. Məgər bu fırlanmanın və yaxud da bu fırlanmanı bilməyin bizlərə bir xeyri olubmu. Elə bu fırlanmanı kəşf edənin əməllərinin arxasında da bizə xeyr verməkdən çox, onu qəbul etməyənləri ələ salmaq istəyi dururdu. Bax buna görə mənQabriel Markesi dahi hesab edirəm, bizim hamımızı doyunca ələ saldıqdan sonra çəkilib öz malikanəsindən bizə baxıb qəşş eləmirmi?!. Bu hadisəni mənə danışan kəsə və mənə gəldikdə, bizdən heç Markes də çıxmaz.
Deyəsən mən məsələni bu qədər uzatmaqla siz düşünürsünüz ki, əhvalatı çoxdan eşitdiyimdən onu tam xatırlamağa çalışıram. Əhvalatı nə zaman eşitdiyimi xatırlamasam da, onun özünü bütün dəqiqliyi ilə xatırlayıram. Adətən belə hadisələrdə zamanın heç bir əhəmiyyəti olmur. Axı nə fərqi var, bu əhvalatı bir az bundan qabaq eşitmisən, ya dünən, ya da bir neçə il bundan qabaq. Bu cür hadisələr eramızdan əvvəl də, keçən əsr də, ötən il də, dünən də baş verə bilərdi, lap bu gün də, hətta sabah da. Zamanın hadisələrə tə'siri bir növ məişət inkişafının din adamlarına tə'siri kimi bir şeydir. Qədim əyyamlarda molla qardaşlarımız eşşək üstündə gəzirdilərsə, indi qəbirstanlıqla məscid arasındakı yollarını avtomaşınlarda şütüyürlər, amma yenə də köhnə qiyafələrində.
Bir də onu xatırlayıram ki, həmən adam bu əhvalatı mənə hansısa səfərdən qayıdandan sonra danışmışdı. Yəqin bu da ona görə yadımda qalıb ki, adamlar adətən hansısa səfərdən qayıtdıqdan sonra ahvalat danışmağa daha çox meyilli olurlar. Bu hadisənin onun səfər etdiyi yerlə də bağlılığını axtarmaq gərəksizdir. Elə bu səbəbdəndir ki, mən onun o vaxt hara səfər etdiyini də unutmuşam. Bir də axı məkan da zaman kimi belə hadisələrə bata bilmir. Belə əhvalatlar fransızın başına da gələ bilərdi, çinlinin də. Heç afrikanın papuasları da bu hadisələrdən xali olmaya bilməzdilər. Həmçinin bunu Hüqo da, Pirandello da, Hete də, Mövlana da, Tven də, Mirzə Cəlil də və bir çox başqaları da yaza bilərdi.
Bəli, belə hadisələrə millət anlayışı altında gizlənən məhfumların heç bir dəxli yoxdur. Sadəcə canlı olmaq kifayətdir. Həmçinin görə bilmə, eşidə bilmə, ən ümdəsi danışa və yaxud fikirlərini hər nə cür olursa olsun ifadə etmə imkanına malik olmaq lazımdır. Yəqin burda daha vacibi həmən şəxsin soyuqqanlı, sağlam düşüncəli olması, elədiyi əmələ görə məs'uliyyət hissindən məhrum və ümumiyyətlə laqeyd olmaması, vicdan əzabı adlanan qəliz dolanbacdaxili aləmə heç olmasa hərdən bir baş vura bilməsi gərəkdir. Hərçənd bu hadisələri Dostoyevskinin romanlarındakı içləri şüşə qablar kimi şəffaf görünən personacların başlarına gələn əhvalatlarla qarışdırmaq olmaz. Bəzən mən özüm də şübhə edirəm ki, bu hadisədə şahid və yaxud iştirakçı olmaq üçün hökmən insan olmaq lazımdır. Hərdən yanımdan ötərkən qəflətən mənə baxan küçə itinin gözlərinə baxanda, ya da möhkəm külək əsərkən ağırlığından tərpənməyən qoca palıd ağacının altından keçəndə mənə elə gəlir ki, bu əhvalat eynən ağacların və heyvanların da başına gələ bilərdi. Bəlkə gəlir də…

Hər nəsə əhvalat ondan ibarətdir ki, bu əhvalatı mənə danışan dostumun başqa bir dostu ona bir əhvalat danışmaq istəyirmiş, bir qədər düşündükdən sonra fikrindən əl çəkərək çıxıb gedibmiş. Səhərisi isə həmən dostumun dostunun öldüyü mə'lum olub. O ki, qaldı mənə, mən ancaq and içə bilərəm ki, dostumun danışdıqlarının bircə vergülünə belə toxunmadan sizə çatdırdım.