Alatoran_header  
Əsərlər > Xalid Şürük > Ekskrement

O, dünyaya pencəyinin qoltuğundakı yırtıqdan baxırdı. Adətən də yolun kənarındakı oturacaqdan hansınınsa üstündə yuxudan ayılanda.
Bu səhər dünya gözünə birtəhər dəydi. Deyəsən qənd bozarmışdı. Altındakı oturacaqdan bədəninə işləyən soyuğu hiss edib rəngi bozarmış dünyanın soyuqladığını düşündü.
Əməllicə düşünüb qurtarmamış bədəni üşüməyə başladı. Xüsusən də pencəyindən çölə çıxmış bir qulağı. Çöldə qalmış üzünün bir hissəsini şələ kimi sallanan saqqalı örtüb, az-çox soyuqdan qoruyurdu. Üşüyən qulağını soyuqdan qorumaqdan ötrü isə başını bir az da pencəyinin qoltuğuna sıxmaq lazım gəldi. İndi pencəyinin qoltuğundakı yırtığın dünyaya ikigözlü də baxmaq olurdu. Belə baxdıqda, dünya ona doğma gəldi-deyəsən nəyəsə oxşayırdı. Amma nəyə? Pencəyinin içindəki başına sıxaraq gözlərini yumub yaddaşını eşələməyə çalışdı.
Xeyri olmadı, onsuz da başında səhərdən axşama qədər yanlarında süləndiyi zibil qutularından başqa bir şey yox idi. Boş-boşuna fikirləşməkdən bezdi. Amma rəngi bozarıq olduğundan, durub getmək üçün səhərin açılıb-açılmadığını ayırd edə bilmədi. Vaxtı öyrənmək istədi. Dünyanın sübh soyuğu ilə qarışıq canına bir tənbəllik yerimişdi. Durmağa həvəs harda idi?
Elə uzandığı yerdəncə- pəncəyinin altından- əvvəlcə tələsik addımların səsi eşidilən, daha sonrada özü görünən qızdan:
- Gözəl qız saatın olmaz? - deyə soruşdu.
Səsin qəfilliyi və sübh çağı hələ oyanmağa imkan tapmamış şəhərin küçələrindəki kimsəsizlikdə partlayış kimi çıxması qızı diksindirdi. Duruxub durdu. Səsin hardan gəldiyini anlamaq üçün ətrafa boylananda, yaxınlıqdakı oturacağın üstündə əskiyə bükülübmüş kimi yumalanıb səriləni gördü.
Onun başının harda, ayağının hansı tərəfdə olduğunu bilməkdən ötrü bu əski yumağına çaşqın halda xeyli baxsa da, bir şey anlamadığından gözünü yumağın tən ortasına tutub hiddətlə:
- Zibil! - deyə xətrinə dəyənin cavabını verdi və gəldiyi tələsik addımlarla da uzaqlaşdı.
O isə uzandığı yerdəcə öz-özünə... "zibil... zibil"- deyə, bu sözün nə məna verdiyini xatırlamaq istəyirmiş kimi, təkrarlayır və pencəyinin qoltuğundakı yırtıqdan yenə də dünyaya baxırdı. Birdən sevindi. Deyəsən dünya doğrudan da zibil qutusuna oxşayırdı-kimsə ara vermədən göy üzündən bu dünyanı zibilləyirdi. Göydəkilərə baxanda yerdəkilər "toya getməli" idi, yenə arabir olsa da yerdəki zibil qutularının lüt ətcə eləmək yadlarına düşürdü. Çaşıb durdu, bilmədi ki, son fikirlərinə sevinsin, ya peşiman olsun. Axı nəyə sevinəydi, özünü qarğımasınım? "Adam suyunu içdiyi quyuya tüpürməz". Hər axşam evə gələndə atası anasına deyərdi. Suyunu içdiyi quyu demişkən görən saat neçədi. Yoxsa dünənki kimi yenə gec tərpənsəydi süpürülmüş zibil qutularından başqa heç nə tapa bilməyəcəkdi. Dərd qutularının sümürülməsində olsaydı nə vardı ki. Onlar da onun payına yenə bir şey tapılardı. Dərd bu adamlar idi. Necəki durub dağıldılar şəhərin canına. Əllərindən heç zibil qutularına yaxın durmaq olmur. Adama elə baxırlar ki, elə bil dədələrinin malına tamah salmısan. Bu adamlar heç baş açmalı deyil. Min bir əzab-əziyyətlə əldə edikləri şeyləri istifadə edib atmaqları azmış kimi, burunlarını yan tutub keçirlər. Hələ üstəlik bir lomba tüpürürdülər. Elə anası, atasını atıb gedəndə tüpürüb getmişdi, bir az öncə də atası bu sözləri demişdi "Adam suyunu içdiyi quyuya tüpürməz".
Özü də düz atasının üzünə tüpürmüşdü. Böyük bir gölməçə əmələ gəlmişdi bu tüpürcəkdən. Anasından sonra atası qalan ömrü boyu bu gölməçənin içində çabalamışdı. Nə boğulan kimi boğulmuş, nə də ayılan kimi ayılmışdı. Üzüb çıxmaq istədiyi anlarda belə kimsə əl verməmişdi atasına. "Heç özü də nədənsə əlini verməyə ürək eləməmişdi". Atası yaxşı qonşu, adama əl tutan qonşu idi. Atasının o zaman nə ki yaxşı, heç pis qonşusu da yox idi. Çünki atasının bu boğulma ilə mövcud olma arasında çırpıntılarda bircə nəfər də heç olmasa ayağından tutub çıxaran tapılmadı. Lap əvvəllər düşünürdü ki, evlərində üzbə-üz evdə yaşayan Əvəz atasının yaxşı qonşusudu. Atası ilə Əvəz tez-tez əl verib görüşərdilər. Əvəz hərdən ona da əl uzadardı, amma o, Əvəzin əlini həmişə havada saxlamışdı. Nədənsə bu adamla qonşu olmaq heç ürəyinə yatmırdı. Əvəz onun anası ilə də yaxşı qonşu ola bilmişdi, hərdən Əvəzin əli anasına da çatırdı. Ona görə anası evdən gedəndə o, anasını necə də çox sevdiyini anlamşıdı. Çünki anası Əvəzlə qonşu olmaqdan onun canını qurtarmışdı. Onun qonşu olmaq istədiyi yeganə adam vardısa, o da hasar qonşularının balaca qızı idi. Hasardakı dəlikdən bir neçə dəfə əlini keçirib yaxşı qonşu olmaq istəmişdi onunla. Qız hürküb hay -həşir salaraq qaçmışdı. "Görəsən, o qızın adı necə idi" deyə düşündü. O vaxtdan heç kimlə yaxşı qonşu olmamışdı da. Bircə yekə qarnına həsəd apardığı və qarnının istiliyinə və bolluğuna sığınmaq istədiyi polisdən başqa. Onunla da qonşu olmalarına uzun qara zopa bais olmuşdu. Nədənsə bu qonşuluq ona baha başa gəlirdi. Birdən nədənsə polisin üzünü xatırlamaq istədi. Yadına düşdi ki, indiyə qədər polisin qarnından yuxarı hissəsinə baxmayıb. Ümumiyyətlə, o adamların ayağına baxırdı ki, ona tərəf gələrkən baş götürüb uzaqlaşsın oradan.
Atası əməlli -başlı üzgüçü olmuşdu. Hər gecə evə gələn atasına qapı açanda, yerə baxmağa vərdiş etmişdi. Yerdə isə atası içəriyə doğru üzürdü. Özü ilə birlikdə gölməçədən içəri gətirirdi. Atası ilə bu gölməçənin içində də yuxuya gedirdi. Səhərlər isə o ayılanda evdə nə atasını görürdü, nə də gölməçəni. Atası anasının bu yadigarını içinə alıb hər səhər özü ilə aparırdı harasa. Hər gecə evə qayıdanda isə yenidən içindən çölə buraxırdı. Gölməçədəki su artıq iylənməyə başlamışdı. Anasının onları atıb getməsindən sonra nə qədər vaxt keçdiyini o artıq çoxdan unutmuşdu. İndi anasının qayıtmasını yenə də əvvəlki kimi istədiyini bilmirdi. Amma atası yəqin ki, anasının qayıtmasını istəyirdi. Özü də çox istəyirdi. Çünki atası daha suyu çürümüş gölməçənin içində üzə bilmirdi. Daha atasına təzə gölməçə lazım idi. Gölməçənin içində noxuda bənzər qəribə həşaratlar da peyda olmuşdu. Hardansa, uzun quyruqlarını sağa-sola yellədə -yellədə üzən xırdaca balıqlar tapılmışdı gölməçədə. Artıq atası onlarla bir gölməçədə yata bilmirdi. Anasının bərkdən öskürməyi nə onu, nə də atasının özünü yatmağa qoymurdu. Yox, atası anasının qayıtmasını istəyirdi. Anası heç olmasa bu gölməçənin suyunu dəyişmək üçün qayıtmalı idi. Anasının isə bundan xəbəri var idi, ya yox, o bilmirdi. Amma anası dönmədi. Atası da bu gölməçənin üfunətindən, elə onun içindəcə öskürə-öskürə boğulub öldü. O vaxtdan camaat üfunət qoxuyan gölməçəyə düşməmək üçün, ya da başqa nəyəsə görə qapıdan içəri keçməyib, elə çöldəncə qarmaqlı kəndir atıb atasının meyitini tutmaq istəyirdilər. Atasından fərqli atasının meyiti gölməçədəki həşəralar və quyruqlu balığa oxşarlarla yaman dostlaşmışdı. Artıq həmin həşəratlar da atasının meyitinə dırmaşırdılar.
Camaat atasının meyitini tutmaqdan ötrü çox əlləşdi. Bütün bunların nə ilə qurtardığından xəbəri olmadı. O, nə atasının meyitini, nə onunla dostlaşmış həşəraları, nə də içində gölməçə əmələ gəlmiş evlərini bir daha gördü. Deyəsən, evləri də olmayıbmış. Bəlkə bütün bunları gecələr skamya üstündə yatarkən yuxuda görmüşdü.
Bir şeyin dəqiq yuxu olmadığına əmindisə, o da onu harasa işıqlı binanın yarımqaranlıq otağına necə aparmaları idi. Orada qarnı polisin qarnından heç də bilici olmayan bir qadın ondan adını soruşmuşdu. O isə otağa işıq düşən pəncərədən gözünü harasa uzaqlara zilləyib "Zeynəb" deyə cavab vermişdi. Hamı "sən oğlansan, ya qız" deyib gülmüşdülər, gödək şalvarının altında paçaları arasında gizlənmiş bir yerinə əl atmışdılar. O da elə həmin andaca dözməyib əl atanın əlini islatmışdı. Elə pəncərədən baxdığı buluddan yağış damcılamağa başlamışdı.
Yenə işəməyi gəlirdi. Bu zəhrimarı da həmişə belə idi. Ya qara kölgədə pusquda durub qonşu Zeynəbi izləyəndə, ya da harasa tələsəndə onu işəmək tuturdu.
Yekə qarın polisin necə yaxınlaşdığından xəbəri olmadı. "Ə-ə, yetimçə, qalx burdan, ay bədbəxt, get özünə bir xaraba tap, indicə bir yağış yağacaq ki..." Ondan səs çıxmadı. "Ə-ə, səninləyəm e" əlindəki zopa ilə dümsükləməyə başladı. Onun heç tərpənməyi belə hiss olunmadı. Polis zopanı endirmək istəyəndə sidik kisəsində boşalma getdi. Bir azdan skamyanın altında yekə bir gölməçə əmələ gəlmişdi...
Üstündəki adam isə çoxdan çıxıb getmişdi.