Alatoran_header  
Əsərlər > Xalid Şürük > Kəsişən paralellər

O, gecə ikən öldü. «Öldü» deyirəm ona görə ki, ən azından mən belə hesab edirdim. Əslində isə o şəkildə bizə görə soldakı, özünə görə sağdakı yerindən qeybə çəkilmişdi – onların «o dünyası» haqqında təsəvvürüm olmadığından belə deyirəm. Bu, bizə, səhərisi yuxudan durub onu qonaq otağında divara vurduğumuz çərçivədəki şəkildə görməyəndə bəlli oldu. Onun rənginin saraldığını və gözlərinin solğunlaşdığını hələ bundan bir neçə vaxt əvvəl hiss etsək də, amma heç ağlımıza gəlməzdi ki, belə tezliklə, özü də məhz belə – on il ərzində tərpənmədən durduğu yerdə bozumtul ləkələr buraxaraq yox ola bilər.
Yanındakı qıza görə həmişə həsəd obyektimə çevrilən o cavan oğlanın hansısa səbəbdən nə vaxtsa yox olacağını heç cür təsəvvür edə bilmirdim. Ara-sıra baxışlarımın myelini yanandakı gözələ salanda, onun gözlərini bərəldərək, elə bil borcunu və ya buna bənzər bir şeyi yerinə yetirməkdən ötrü bu saat şəkildən hoppanıb üstümə gələrək üzümə bir şillə ilişdirəcəkmiş kimi baxdığını duymuşdum. Bəzən bu baxışlardan çəkinərək nəzərlərimi gizlətməyə yer axtarır və üzümü yana çevririrdim. Bəzən isə, əksinə, onun şəkildən çıxmayacağına əmin olduğumdan ehtiraslı baxışlarımı həyasızcasına qıza zilləyib doyunca həzz alır, içimin atəşini söndürürdüm. Ayılanda isə özümü oğurluq etmiş kimi hiss edirdim…
Aradan bir xeyli keçmişdi. Bir gün, həmişəki adi günlərin birində arvadımla birgə şəkildəki gözəlin yanına gələrkən arvadımın pörtmüş sifətindəki pərişanlıq gözümdən yayınmadı. Əslinə qalsa, axır vaxtlar onsuz da pərişanlıq əksik olmurdu arvadımın sifətindən. Amma indi deyəsən hər şey daha ciddi idi. Pörtmüş sifətindən, titrəyən dodaqlarından arvadımın içindəkilərinin pırtapırt çölə atılmağa hazır olduğu aydın idi. Gözlərini yaşlı görməsəm də, onların qızarıb şişməsindən arvadımın ağlamış olduğunu anlamam mənim üçün bir o qədər də çətin deyildi. Və bu göz yaşlarının səbəbi mənə yaxşı məlum olduğundan həm də arvadımın içindəkilərinin partlayıb üstümə qəlpələnməsindən çəkindiyimdən bu məsələni açıb-ağartmaq ağılsızlıqdan başqa bir şey deyildi. Amma deyəsən bu dəfə məhz susmağım qızmış qadını bir az da cırnadaraq özündən çıxartdı:
- Hara baxırsan? Mən bilmirəm…
… Evə gəlib-gedənlərin yanında da biabır olmuşuq… Kişi döyülsən? Bir əncam qıl da bu zəhirmara…
Elə bütün məsələ; arvadımın göz yaşlarının da, sifətinin pörtsməsinin də, pərişanlığının da əsl səbəbi bu şəkil idi. Bir yandan şəkildəki şümal dərili, nərmənazik, cəzvəli gözəlçənin mən evdə olmayanda dərisi qırışmış, gözlərinin altından kisəciklər sallanmış, gövdəsi şişman arvadıma verdiyi acıq, o biri yandan isə şəkildəki oğlan, daha doğrusu onun şəkildən yoxa çıxması. O yox olandan sonra hiss edirdim ki, arvadımın gözləri həmişə otaqda nəsə itiribmiş kimi qəmli-qəmli dolaşır. Bir sözlə, oğlanın şəkildən əriyib itməsi arvadım üçün az qala böyük faciəyə çevrilmişdi.
Mənə qalanda isə – bu heç vecimə də deyildi. Hətta demək olardı ki, bir az sevinirdim də. Daha nə oğlanın üzümə tapança lüləsi kimi tuşlanmış baxışlarını tuturdum, nə də bu baxışların xofu altında şəkildəki gözələ həyasızcasına marıtdayıb ehtirasımı öldürəndən sonra günah iş tutmuş adam kimi özümü vicdan əzabı ilə çərlətməyə ehtiyac qalırdı.
O, gözümə daha da gözəl görünməyə başlamışdı. Elə ilk gündən də onun uşaq sifətini xatırladan məsum üzündəki acizlik məni özünə bağlamışdı. Əyninə hopmuş kimi oturan ağ gəlinlik paltarında isə bu acizlik daha qabarıq və səmimi görünürdü. Gözlərindəki hürkək baxışları tutanda həmişə içimdən xoş bir titrərti keçirdi. Yanındakı oğlanın yoxa çıxmasından sonra artıq qoluna girib böyrünə sıxılaraq quş kimi sığına biləcəyi bir kəsi olmamasından gözlərindəki hürkü daha da artmış və bir az da gözəlləşmişdi. Onun bu acizliyi və hürkəkliyi qarşısında heyrət doğuracaq birinə ehtiyacı olduğunu başa düşürdüm. Belə bir heyrətdən həmişə onun gözləri böyüyər və daha da ehtiraslı görünərdi. Onu ehtirasa gətirə biləcək bu heyrəti öz içimdə duyur, həm də onun aciz və hürkək baxışları altında özümü dünyanın ən güclü və xoşbəxt erkəyi hesab edirdim.
- Ay kişi, sənnənəm, nə fikirləşirsən? – arvadımın hökmlü səsi məni xoş duyğulardan ayırdı.
- Nədi e? – deyə çarəsiz-çarəsiz mızıldadım.
- Necə yəni nədi? Dedim axı bu şəkilə bir əncam qıl, vəssalam!
- Bəlkə çıxaraq divardan?
Əslində bu şəkilin divara vurulması da elə arvadımın hoqqası olmuşdu. Onun fikrincə guya divara vurulmuş şəkillər divarı canlandırırdı. Mən divarın, şəkildəkilərin gözləri ilə bizə baxmasını, hər şeyi görüb və həzm edə bilməsini heç cür anlamasam da, hər halda şəkildəkilərin canlı olmasına, öz zamansız məkanlarında yaşadıqlarına inanırdım. Və indi – şəkilin divardan çıxarılmasını təklif edəndə də, ona öz otağımda yer tapılacağına əmin idim…
- Nə? Deyirsən evləndiyimizdən bəri bircə şəklimiz var – onu da divardan çıxaraq? Get, ayrı şey fikirləş! – arvadım bunu o qədər həyəcanla və amiranə dedi ki, tüklərim ürpəşdi.
Mənim ən çox qorxduğum da elə bu amiranəlik idi. Bu tükürpəşdirici amiranəlik ən çox onun səsində idi və onun səsi kimi deyəsən, onun içindən gəlirdi. Tanış olduğumuz və hətta evliliyimizin ilk vaxtlarında ya bilərəkdən, ya da özündən xəbərsiz onu əməlli-başlı içində gizlədə bilmişdi. Axı kimin ağlına gələrdi ki, bu hürkək baxışlı, sifətindən acizlik yağan, hər yad baxışdan karıxıb sıxılan, boynunu büküb büzüşərək özünü itirən və sığınıb gizlənməyə bir doğma qucaq axtaran bu məsum qızın içində əslində hansı havalar yatırmış…
İlk dövrdəki xoşbəxt ailə həyatımdan bir müddət keçdikdən sonra artıq arvadımın ilk amiranəcik donqultuları üzə çıxmağa başladı. Ən əvvəl bunları butun qadınlara xas olan naz kimi qəbul etsəm də, indi bunun məhz amiranəcik donqultular olduğuna tam əminəm. O vaxt hələ bu amiranəcik donqultuların tələbkarlıq yükü bir o qədər çox olmadığından, onlarla, uzaqbaşı, arvadımın bir neçə saatlıq mısmırığı hesabına olsa da, bacarmaq çətin deyildi.
Əsl bəla isə ilk olaraq başqa tərəfdən gəldi. Arvadım cismən dəyişməyə başladı: saplaq kimi incə qızın əvəzinə şişman və yöndəmsiz arvad peyda olmuşdu. Dunyaya uşaq gətirməkdən əl çəkdikdən sonra belə arvadım nəinki arıqlamadı, əksinə, gözlərindəki hürkəkliyi şübhəli baxışlar, üzündəki acizliyi qorxunc bir ifadə əvəz etmişdi. Ən dəhşətlisi heç bu da deyildi: arvadım şişib kökəldikcə içindəki amiranəcik donqultular da əməlli-başlı amiranəliyin özünə çevrilirdi…
İndi məhz həmin o amiranəliklə məndən «bir əncam qılmağı» tələb edirdi.
Mən bu amiranəliyə nə qədər nifrət etsəm də, etiraf etməyə məcburam, məhz onun sayəsində ani düşünmək, ani qərar qəbul etmək bacarığına sahib olmuşdum.
Elə indinin özündə də çox düşünmədim: ən yaxşı, qara rəngli kostyumumu geyinib, ağ köynək üstündən ağ-qara şaquli, əvvəllər onun ən çox sevdiyi qalstukumu taxıb, elə stulun üstündəncə əlimi uzatdım, şəkili divardan çıxardaraq çərçivəqarışıq qoltuğuma vurub evdən çıxdım.
Axşam evə qayıdanda şəkil «qılınmış əncamı» ilə qoltuğumda idi. Arvadım qapını açıb məni qarşıladı. Mən qalib ədası ilə Zəfər tağının altından keçirmiş kimi qapı çərçivəsinin altından şux addımlarla içəri girib ayaqqabılarımı soyunmadan, birbaşa qonaq otağına keçdim. Səhər olduğu kimi yenə də stulun üstündəcə əlimi uzadıb çərçivəni bir saat ərzində şəkilsiz qəribsəmiş divardakı mismardan asdım.
Arvadım içəri girib divardan asdığım gözəlçənin yanında mənim bu səhər çəkdirdiyim şəkili görəndə, gözlərində son dəfə on il əvvəl gördüyüm həmin heyrəti gördüm. Ani peyda olan heyrət, ani də yox oldu. Üzündən-gözündən narazı qaldığı bəlli olsa da mən özümü qalib hiss edirdim. Odur ki, divara yayxanıb rahatlanaraq özümü şəkildəki gözəlçənin və ehtirasımın ixtiyarına buraxdım…
Hər şey köhnə vaxtlarda olduğu kimi idi, ən azı mənim xəyallarımda… hər şey… Birdən arvadımın içindən partlayıb qopan amiranəlik dolu qəfil şaqqanaq səsi bu «hər şeyə» son qoydu. O, çəkdirdiyim təzə şəklə baxıb dayanmadan uğunurdu. Gözüm şəklə sataşdı və bir andaca məni dəhşət bürüdü – oradan, çərçivənin içərisindən, utanacaq baxışlı, sadəzəmir cavan oğlan əvəzinə, zəhmli baxışlarından tüklərim biz-biz olan orta yaşlı
bir kişi mənə baxırdı!…