Alatoran_header  
Əsərlər > Zamin Hacı > Damda yaşayan Karlson

Poeziya,
sən damlardan yuxarıdasan,
sən,
bir-birinə dolaşmış
naqillərin, antennaların və bacaların
arasında
sirli bir məxluq kimi yaşayırsan.

Səndən yuxarıda
təyyarələr, quşlar, buludlar uçur.
Səndən aşağıda
pişiklər, adamlar və ev ruhları yaşayır.

Hətta uçmuş, dağıdılmış evlərin də
damlarının yeri görünür havada -
sən saxlayırsan.

Sənsən
damlarda gəzişən -
şəhər və kənd evlərinin,
ucqar meşəbəyi komasının
damında.

Mən səni sevirəm,
Poeziya,
Mənim damda yaşayan Karlsonum.