|
|
sən bu dünyadan
nə ala bilərsən ki,
uzağı
gözəl arvad
kəhər at
bir supermarket dolusu ərzaq
yəni şəkər, un və ət
"Azadlıq" qəzetinə illik abunə
həşiş ləzzəti
şərab sərxoşluğu və
şəhər kənarında villa
sən bu dünyaya
nə verə bilərsən ki,
uzağı
bir oğlan bir qız uşağı
ağac əkərsən
ev tikərsən
yaxşılıq eləyib üzə vurmazsan
pislik eləyib əzab çəkərsən
ölərsən
canını verərsən tarıya
və sairə
sən bu dünyadan
nə ala bilərsən ki?
sən bu dünyaya
nə verə bilərsən ki?
çıx get evinə, qaqaş,
yatmaq vaxtıdı -
bazarı çoxdan öldürüblər
|
|