Alatoran_header  
Əsərlər > Zamin Hacı > Mazoxist

istəyirəm
dişim ağrısın
istəyirəm başımı yarsın polis
icazəsiz mitinqdə
qan alnımdan axıb
ağzıma dolsun
deyirlər dəmir dadı verir insan qanı
çox maraqlı olar bu qan dövranını
güzgüdə seyr etmək
avtomobil pəncərəsi də işə yarayar

istəyirəm
avtomobillə toqquşum
uçuş zərbədən başlayanda
rəqəmlər yaddan çıxır
o cümlədən səni vuran
avtomobilin nömrəsi

savaşa gedəm gərək
güllələrin deşik açdığı bədənimdən
zamanı süzsünlər tibb bacıları
həkimlər baxmasın mənə
"səndən daha ağır yaralılar var" desinlər
ancaq bu yalan olsun

hörümçək çıxsın
ayaqqabımın içindən
ilan çalsın ayağımı
məzəli görünür topuqda
ilan dişlərinin iki nöqtəsi
sanki bundan sonra
nəyinsə cavabı gələcək

belə istəyirəm belə
ölüm əzabla