|
|
mən bir atom zərrəsiyəm
görə bilməz
anlaya
sevə bilməzsən
hirsimdən partlayaram
qəbrim üstə
göbələk bitər
mən bir aorta damarıyam
qan keçər məndən
qan keçər
milyon milyon güllə atsan
yan keçər məndən
yan keçər
mən internet klubların
aynalı qapısıyam
kainatın dibi
kometaların pasıyam
kirayə evin küncündəki
hörümçək toruyam
mən ağac qabığı
qabığın altındakı qurd
qurdu yeyən ağacdələn
quşatanla o ağacdələni öldürən
fırtıqlı kənd uşağı
həm də o uşağın
atası babası yeddi arxadan dönəninyəm
mən dünənəm
keçmişəm artıq
mən bu şeri yazan qələməm
gecəyarısı
vərəqlərin xışıltısına gəlir
qaranlığın ac canavarları
məni yeyib
sümüklərim üstünə qoyarlar
pəncərəmdəki çiçəkləri
mən hirsindən oyulan
motal pendiriyəm
Bakıda
Nizami küçəsində
Nəsiminin heykəlinin yanında
100 il qabaq yəni indi
gitarada
osmanlı qızı Nazan Öncəlin
"Getmə, qal bu şəhərdə" nəğməsini
öz girdirmə ləhcəsiylə oxuyur
rus balası Fedya
məndə sığır iki cahan
bəlkə elə Nəsimiyəm?
|
|